Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 07:13

Amerikalı təhlilçi: Əliyev Qərbə yönəlik elə bir dönüş edər ki...


İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə birlikdə işğaldan azad edilmiş Zəngilana səfəri zamanı idman klubunda ağırlıq qaldırır.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə birlikdə işğaldan azad edilmiş Zəngilana səfəri zamanı idman klubunda ağırlıq qaldırır.

Bakı hazırda Qərbdən uzaqlaşaraq Rusiya və İrana meyllənir. Səbəb isə Qərb ölkələrinin Ermənistana dəstəyi, Azərbaycanda insan haqlarını tənqid etməsidir. Bakı həm də Moskva və Tehranın onun geoiqtisadi və geosiyasi məqsədlərinə çatmağa kömək edəcəyinə ümidlidir. Bunu Ceymstaun Fondunun təhlilçisi Pol Qobl (Paul Goble) yazır.

Təhlilçinin fikrincə, bu meyllənmə Rusiya və İrana çiçəkləyən alyanslarını möhkəmləndirməyə kömək edəcək. Moskvaya şərait yaradacaq ki, Ermənistana və Gürcüstana daha çox təzyiq göstərsin. Tehrana isə beynəlxalq təcriddən yayınmağa, böyük azərbaycanlı azlığından hər hansı təhdidi məhdudlaşdırmağa imkan verəcək.

Ancaq Qobl onu da qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev xarici siyasətdə balanslı yanaşmaya sadiqdir, Moskva, yaxud Tehranın istədiyi müttəfiqə çevrilməyə bilər, əks istiqamətə elə bir dönüş edər ki, bu da Qərbə yeni imkanlar açar.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Naxçıvana alternativ marşrut

Müəllif Rusiya prezidenti Vladimir Putinin avqustun ortasında Bakıya səfərini yada salır. Bundan sonra Moskva Yerevanı öz ərazisindən keçməsi nəzərdə tutulan, Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək marşrutu açmaq istəməməkdə qınadı. Bakı hazırda Rusiya və İran arasında şimal-cənub ticarət marşrutunun genişlənməsini özünə iqtisadi və siyasi baxımdan faydalı sayır. Bakı və Yerevan tranzit xətlərinin açılmasını sülh sazişi layihəsindən çıxarmağa razılaşıb. Azərbaycan Moskvanın, ola bilsin, Tehranın bu məsələni gələcəkdə gündəmə gətirməsində maraqlıdır –ya Bakıya "Zəngəzur dəhlizi"nə nəzarət imkanı verilsin, yaxud da İran ərazisindən Naxçıvana alternativ marşrut təklif olunsun. Tehran artıq belə bir təklifi irəli sürüb.

Təhlilçi Moskva və Tehranın da Azərbaycanla münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğunu yazır. Rusiya Qərbin Cənubi Qafqazda təsirini azaltmaq istəyir. Tehran isə Bakını İsraillə sıx təmaslardan uzaqlaşdıracağına ümidlidir.

Yerevanla sülh sazişi imzalanan kimi...

Ancaq müəllif Bakının tutduğu mövqedə Moskva və Tehranın strateji və uzunmüddətli, Azərbaycanın isə taktiki maraqlar güddüyünü yazır. Belə ki, 1991-ci ildə müstəqillik qazanandan bəri balanslı xarici siyasət yürüdən Azərbaycan bir ölkəyə, yaxud ölkələr qrupuna bağlı qalmayıb. Məsələn, son 10 ildə Azərbaycanın İranla münasibətləri az qala müharibə həddinə çatıb, sonra istiləşib. Elə Moskva və Qərblə də münasibətlər keşməkeşli olub.

İlham Əliyev Bakıda Vladimir Putini qarşılayır
İlham Əliyev Bakıda Vladimir Putini qarşılayır

P.Qobl düşünür ki, tezliklə bu, yenə baş verə bilər. Bakı Rusiya və İranla əlaqələri genişləndirməkdə maraqlı olsa da, əks tərəfdə də çoxlu müstəqil maraqları var. Ona görə də, Bakının hazırda Qərbdən uzaqlaşaraq Rusiya və İrana yönəlməsi uzun çəkməyə bilər: "Faktiki olaraq, Bakı və Yerevan arasında sülh sazişi imzalanan kimi dayana bilər". Müəllif qeyd edir ki, Moskvada bəziləri Bakının birdəfəlik Kremlin orbitinə düşəcəyini düşündüyü halda, Qərb hökumətləri Bakının xarici siyasətdə yenidən tarazlaşdırmaya meylli olmasına fokuslanırlar. Onun fikrincə, Qərb hətta Cənubi Qafqazın şahmat taxtasında mürəkkəb və hətta ziddiyyətli gedişlər fonunda daha bir dəyişikliyi təşviq etməyə çalışır.

Xatırlatma

Rəsmi Bakının son aylar Qərblə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik yaşanıb. Özəlliklə bu il növbədənkənar prezident və parlament seçkiləri fonunda Qərb ölkələri və təşkilatlarının Azərbaycanda narazı kəsimi etirazlara həvəsləndirməsi, müxalifət liderlərinin təlimatlandırılması kimi iddialar səslənib. Ötən ilin sonunda ABŞ ilə münasibətlərdə gərginlik pik həddə çatıb, ABŞ səfirliyinin məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.

Bakı ölkədə insan haqlarının durumunu tənqid edənləri, bir qayda olaraq, uzun illər Ermənistandan, Azərbaycanın işğal altında olan ərazilərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yummaqda suçlayıb, onları qərəzli sayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG