Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib ki, pul çox olanda fəsadlar da törədir. O, həmçinin büdcəni qənaətlə xərcləmənin gərəkdiyini də vurğulayıb.
“İndi bunu edirik”
Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbi ilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: “Bəlkə də bu, müsbətə doğrudur. Çünki investisiya və tələb həddən artıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”.
Buna da bax: 'Azərbaycanda varlı-kasıb fərqi böyüyür' - Ekspert
Əslində, məqsədli büdcə, konkret nəticəyə hesablanan xərclərin vacibliyini ekspertlər uzun müddətdir vurğulayırdılar. Neft puluna arxayın hökumət isə, bu çağırışları qulaqardına vururdu.
İqtisadçı ekspert Rəşad Həsənov da deyir ki, prezidentin fikirləri, əslində, uzun müddətdir ictimai vəsaitlərin idarə edilməsi ilə əlaqədar ictimai narahatlıqları bir daha təsdiqləyir: “Əlbəttə ki, dövlətin gəlirləri və xərcləri arasında müəyyən əlaqə olur. Gəlirlərin artımı xərclərin də artımıyla sonuclanır. Lakin, bu o demək deyil ki, vəsaitlər kimlərinsə arzularına, fərdi məqsədlərinə uyğun xərclənməlidir”.
“Ölkə iqtisadiyyatı hazırki kəsintilər fonunda can verir”
Ekspert yada salır ki, son 2 ildə büdcə xərclərində azalma müşahidə olunur: “Bunun əsas səbəbi zamanında xərclərin kəskin artırılması idi. Ancaq iri büdcə xərcləmələri hesabına formalaşan ölkə iqtisadiyyatı hazırki kəsintilər fonunda can verir. Yəni təbii inkişaf tempi pozulduğundan bu gün ciddi problemlər üzə çıxıb. Dəfələrlə təklif edilib ki, neft vəsaitlərinin xərclənməsinə ciddi nəzarət mexanizmi olmalıdır. Vəsaitlərin Neft Fondundan dövlət büdcəsinə transfertinə limitlər qoyulmalıdır. Dövlət qurumlarının hesabatlılığı təmin edilməklə yanaşı, sərt cəza mexanizmləri işlənməlidir”.
Buna da bax: Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib
R.Həsənov vurğulayır ki, nə qədər qənaət edilsə də, azalan gəlirləri kompensasiya etmək mümkün deyil: “Proses ortamüddətli dövrdə ölkəni həm borclandırır və həm də ehtiyatlar azalacaq. Beləliklə ictimai vəsaitlərə nəzarət mexanizmi ən sərt formada təşkil edilməlidir. Çünki biz az əvvəl heç bir məsuliyyət nümayiş etdirməyən və səmərəsizliyə alışmış məmurlarla işləyirik”.
“Norveç və ya Estoniya bundan əziyyət çəkməyib”
İqtisadçı ekspert Rövşən Ağayev qənaət mexanizmlərinin bəlli olduğunu deyir: “Büdcə menecmenti kökündən dəyişdirilir, "kim nə qədər istəyir, necə gəldi xərcləyir" mühitinin qarşısını alan nəticəli və proqram əsaslı büdcəyə keçilir, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminə qanunla limit qoyulur, büdcədən pul alan bütün orqanlardan ildə bir dəfə "perfomans hesabatı" alınır, büdcəyə fəal ictimai nəzarət mexanizmləri tətbiq edilir və s”.
Buna da bax: Dövlət istəməsə, qiymətlər qalxmaz
İqtisadçı qeyd edir ki, əhalisi Azərbaycandan 2 dəfə az, büdcəsi təxminən 15 dəfə çox olan Norveç, yaxud əhalisi 8 dəfə az, amma adambaşına büdcə xərcləri 8 dəfə çox olan Estoniya büdcə pullarının artıqlığından əziyyət çəkməyib: “Çünki yuxarıda dediyim büdcə menecmenti rıçaqları saat mexanizmi kimi işləyir”.