Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:08

İlham Əliyev: ‘Bu rəqəmlər haradan götürülüb? Havadan’


“Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir”.

Bunu bugün, iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunan videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçının vurğulamasına görə, bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur.

Prezident əlavə edib ki, ancaq bu məsələlər kompleks şəkildə həll etməlidir:

“…Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bugün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir…”

Dövlət başçısı daha sonra buları da əlavə edib:

“Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.

“…Bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib”

Prezident habelə layihələrin səmərəliliyinə diqqət çəkərək, bununla bağlı təhlil aparılmadığını deyib. Onun vurğulamasına görə, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib:

“Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”.

Prezident qeyd edib ki, O, bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcək:

“İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”.

“Cəmi 11,1 milyard kubmetr su mövcuddur”

Daha sonra Baş nazirin müavini Şahin Mustafayev çıxış edib. O deyib ki, hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur:

“Bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur”.

Təkliflər...

Şahin Mustafayev bəzi tədbirlərin həyata keçirilməsini zəruri sayıb:

“Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi...”

Xatırlatma

Son aylar ölkənin bir sıra yerlərində həm təsərrüfat, həm də içməli su qitlığına aid çoxsaylı şikayətlər eşidilir.

Ayrı-ayrı bölgələrdən olan fermerlər AzadlıqRadiosuna da şikayət ediblər ki, su qıtlığı üzündən indi az qala sahələrdə yetişmiş məhsulları zay olmaq üzrədir.

Ayrı-ayrı ekspertlər də, son illər böyük həcmdə investisiya qoyulmuş layihələrin səmərə vermədiyinə aid fikirlər dilə gətiriblər.

Onlar bunu əsasən prosesin şəffaf aparılmaması və korrupsiya amili ilə izah ediblər. Hərçənd rəsmilər bir qayda olaraq deyirlər ki, ölkədə korrupsiya ilə ciddi mübarizə aparılır.

XS
SM
MD
LG