Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:23

Prezident: ‘Altında böyük maşınlar... olan sahibkara dövlət nə üçün kömək etməlidir?’


“...Ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var?”

Bu sualı bugün, dekabrın 19-da Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirdiyi müşavirədə səsləndirib.

AZƏRTAC-ın xəbərinə görə o daha sonra da sual edib:

“Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var…”

Xatırlatma

Dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb.

Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.

Hazırda yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir.

Aradan keçən bu 9 gün ərzində həmin bazarda mağazaları yanan icarədarlar dəfələrlə aksiyalar keçiriblər.

Onlar hətta bir dəfə bir neçə dəqiqəlik Bakı-Sumqayıt yolunu bağlayaraq dövlətin onlara kompensasiya ödəməsini istəyiblər.

İcarədarlardan kimisi 100, kimisi də 300 min manat ziyana düşdüklərini iddia ediblər.

Bəzi icarədarların vurğulamasına görə, malları nisyə götürüblər, hazırda mal sahibləri onlardan borclarının ödənilməsini tələb edirlər.

İcarədərlar onu da qeyd ediblər ki, onlara ancaq Prezident İlham Əliyev və Birinci vise-prezident Mehriban Əliyevə kömək edə bilər.

XS
SM
MD
LG