Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb. Hökmə əsasən, 50-yaşlı Süleymanov bu cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hökmün elanı cəmi bir dəqiqə çəkib. Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası çıxardığı bu hökmü əsaslandırmayıb, yalnız cəza hissəsi elan olunub.
"Biz sadə vətəndaşlar neyləməliyik?"
Təqsirləndirilən şəxsin yaxınları hökmə etiraz edib, onlar hakimlərin sifariş yerinə yetirdiyini vurğulayıblar.
"Bu cinayətin arxasında dayanan yüksək vəzifəli şəxslərin sifarişinin nəticəsidir bu hökm. Yoxsa o qədər sübutlar qarşısında İlkinin 18 il azadlıqdan məhrum edilməsinin başqa adı ola bilməz. Bu, həm də o deməkdir ki, Azərbaycanda hüquq ölüb, qanunlar ayaq altındadır", – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov belə deyib.
Onun fikrincə, azyaşlı itkin düşəndən sonra prezident bu işi nəzarətə götürəndə cinayətin açılması görüntüsü yaratmaq üçün qardaşı qurban seçilib. Süleymanov vurğulayır ki, məmurlar sadə vətəndaşları əzir və onların səsini eşidən yoxdur: "Prezidentə onlarla məktub yazdıq, bu işlə bağlı ona yalan məlumat verib aldatdıqlarını çatdırmağa çalışdıq. Amma səsimiz eşidilmir. Biz sadə vətəndaşlar neyləməliyik?".
Zərərçəkmiş tərəf də narazıdır
Zərərçəkmiş tərəf də hökmdən narazı qalıb. Onlar hesab edir ki, 18 il həbs cəzası azdır, Süleymanova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməli idi. "Mənim qızımı öldürüb yandırıb, 18 il nədir ki?! Ömürlük verilsin...", – Nərmin Quliyevanın anası Aynurə İsmayılova belə deyib.
Təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək. O deyir ki, müvəkkilinin təqsirsizliyinə əmin olsa da, bu ittiham hökmü onun üçün gözlənilməz olmayıb. Fikrini də belə əsaslandırır: "Çünki bu hökmü çıxaran Dadaş İmanovu yaxşı tanıyıram. Şəxsən mənim müdafiəçi olduğum üç işdə onun çıxardığı ittiham hökmünü yuxarı instansiya məhkəməsi ləğv edib, adamlara bəraət verib. Bu adam təqsirsiz şəxslər haqqında ittiham hökmləri çıxarmaqda maraqlıdır sanki. Ondan nə gözləməliydim ki?!".
Hakim İmanovun bu deyilənlərə münasibəti bəlli deyil.
Xatırlatma
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb.
47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.