Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:17

'AZAL prezidentindən 16 milyonu tələb etdiyimə görə həbsdəyəm'


İlqar İsmayılov
İlqar İsmayılov

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva həbsdə olan işadamı – "İdeal" mağazalarının keçmiş sahibi İlqar İsmayılovun yenidən cəzalandırılmasını istəyir. Bugünlərdə 6 il azadlıqdan məhrum edilən işadamının xüsusi ittiham qaydasında da cəzalandırılmasından ötrü Həmzəyevanın nümayəndəsi və hüquqşünası Məharət Hüseynli məhkəməyə şikayət verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

İddia

Hüseynli iddia edir ki, İsmayılovun həbsindən öncə AZAL prezidenti və onun xanımı tərəfindən təzyiqlərə məruz qalması, zorla əmlakının əlindən alınması, sifarişlə həbs olunması və s. haqda müsahibələrdə dedikləri, sosial şəbəkələrdə yazdıqları böhtandır. O, işadamının CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi bir dəfə onun şikayətini əsassız sayıb, bu iş üzrə İsmayılov haqqında bəraət hökmü çıxarıb. Lakin Hüseynli bu dəfə apellyasiya məhkəməsinə müraciət edib.

İsmayılov məhkəmədə deyib ki, nə kiməsə böhtan atıb, nə də kimisi təhqir edib. Onun sözlərinə görə, dediyi hər bir cümlənin konkret faktlarla sübutları var. İşadamı yada salıb ki, ona qarşı irəli sürülən böhtan və təhqir ittihamları 2021-ci ilin noyabrında qəbul edilən Amnistiya Aktının təsiri altına da düşür. Bununla belə, özünü təqsirli bilmədiyini vurğulayan sahibkar bu səbəbdən Amnistiya Aktının ona şamil olunmasını istəmədiyini söyləyib.

"Haqqımdır"

Hakimləri cəsarətli və ədalətli olmağa çağıran İsmayılov AZAL prezidentinin 2017-ci ildə ona 2 milyon manat pul verməsi haqda sosial mediada yayılan məlumatlara da münasibət bildirib.

"Bütün bunlar şayiədən başqa bir şey deyil. Cahangir Əsgərovdan nə maddi yardım istəmişəm, nə də qəbul etmişəm. Heç özü də kiməsə yardım edəsi adam deyil. O, mənim "İdeal"dakı payımın əvəzi olaraq, ödəməli olduğu 18 milyondan cəmi 2 milyonunu ödəyib. Yəni, bu, mənim haqqımdır. Əksinə, qalan 16 milyonumu hələ də ödəməyib. Ondan məhz həmin 16 milyonu tələb etdiyimə görə həbsdəyəm", - İsmayılovun sözləridir.

Həmzəyeva isə, əksinə, "İdeal Kompani"də şərik olduqları dövrdə İsmayılovun ondan xəbərsiz şirkətin kassasından külli miqdarda pul götürdüyünü iddia edir. İşadamı bu ittiham əsasında da 2021-ci ilin aprelindən həbsdədir. O, 2013-2016-cı illərdə şirkətin digər həmtəsisçisinin məlumatı olmadan "İdeal"ın xəzinəsindən 680 min manat vəsait götürərək şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edilib. 2022-ci ilin fevralında bu ittihamla 6 il azadlıqdan məhrum edilib.

Xatırlatma

"İdeal Kompani"ni 1999-cu ildə İsmayılov təkbaşına yaradıb. 2011-ci ildə səhmlərinin 50 faizini Həmzəyevaya satıb. Onun sözlərinə görə, sonradan daha 25 faizi ona satmaq məcburiyyətində qalıb. Əlində qalan 25 faizi də almaq üçün 2017-ci ildə sifarişlə həbs olunduğunu deyən İsmayılovun sözlərinə görə, həbsdə olduğu dövrdə etibarnamə verərək qalan 25 faizdən də imtina edəndən sonra azadlığa buraxılıb, barəsindəki cinayət işinə də xitam verilib.

Onun deməsinə görə, AZAL prezidenti və xanımının başına gətirdikləri haqda susmadığına, dövlət orqanlarına şikayətlər ünvanladığına görə 2021-ci ildə yenidən sifarişlə həbs olunub.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

"Adore Company"nin məhkəmədə nümayəndəsi, vəkil Samir İsayev işadamının sifarişlə həbs olunması haqda iddiaları təkzib edib. O, İsmayılovun şirkətdən pul mənimsədiyini iddia edib.

AZAL rəhbərinin xanımı "Premium Bank"ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group"un rəhbəridir.

XS
SM
MD
LG