Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Trump-a qarşı impiçment ittihamnaməsinin hazırlanmasına start verilir


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi Konqresin Ədliyyə Komitəsinin sədrindən prezident Donald Trump-ın impiçmenti üçün maddələrin irəli sürülməsini rica edib.

Söhbət impiçment ittihamnaməsinin tərtibindən gedir.

Pelosinin dekabrın 5-də verdiyi bəyanatda deyilir:

"Prezident bizim milli təhlükəsizliyimizin ziyanı hesabına öz şəxsi siyasi mənfəətləri üçün hakimiyyət səlahiyyətlərini aşıb. Amerikada heç kim qanundan yüksəkdə deyil”.

Dekabrın 4-də impiçment üzrə açıq dinləmələrə başlamış Ədliyyə Komitəsi bundan sonra impiçment maddələrinin və ya rəsmi ittihamların tərtibini yerinə yetirməlidir.

Komitə hazırda impiçmentə konstitusiya çərçivəsi verilməsi üçün hüquq alimlərinin ifadələrini dinləyir və başqa bir Konqres komitəsinin hazırladığı 300 səhifəlik hesabatı öyrənir.

Bu sənəddə Trump-ın öz şəxsi siyasi mənfəəti üçün vəzifə səlahiyyətlərini aşmasını təsdiqləyən sübutlar yer alıb.

Demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatası son iki ayda prezidentin impiçmentlik “ağır cinayət və qanun pozuntuları” törədib-törətmədiyini araşdırıb.

“Ağır cinayətlər və qanun pozuntuları” məfhumları Konstitusiyada çox yayğın təfsir edilib.

Trump-a qarşı impiçment araşdırmasının əsasında onun iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətinin məzmunu dayanır.

İddia edilir ki, Donald Trump bu söhbət əsnasında Zelenskiy-dən özünün potensial seçki rəqibi Joe Biden-ə qarşı cinayət işinin açılmasını istəyib.

Buna qədər Ağ Ev Ukraynaya Konqres tərəfindən ayrılmış 391 milyon dollarlıq hərbi yardımın verilməsini dayandırmışdı.

Bu yardım nəhayət sentyabr ayında Ukraynaya verilib.

Prezident Trump demokratları impiçment ittihamının tez bir zamanda Senata verilməsinə çağırıb. O bildirib ki, Senatda özünü müdafiə etmək niyyətindədir.

ABŞ Nümayəndələr Palatası prezidenti impiçment etmək səlahiyyətinə malikdir. Amma Nümayəndələr Palatasında impiçment səsverməsi keçirildikdən sonra bu məsələ mühakimə üçün yuxarı palataya – Senata təqdim olunmalıdır. Orada isə respublikaçıların çoxluq olduğu nəzərə alınarsa, Trump-ın vəzifəsindən uzaqlaşdırılacağı ağlabatan görünmür.

Nümayəndələr Palatasına ifadə verməkdən imtina edən Trump-ın Senat barədə arxayınlığı da bundan qaynaqlanır.

Lakin bir sıra təhlilçilər bütün hallarda impiçment prosesinin gələn seçkidə Trump-a və respublikaçılara ziyan verəcəyi qənaətindədirlər.

XS
SM
MD
LG