Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Pakistanın keçmiş baş naziri İmran Xana və arvadına 14 il iş kəsildi


İmran Xan və Buşra Xan ziyarətgahda (Arxiv fotosu)
İmran Xan və Buşra Xan ziyarətgahda (Arxiv fotosu)

Pakistanda antikorrupsiya məhkəməsi İmran Xana və onun arvadı Buşra Xana – hərəsinə 14 il iş kəsib.

İmran xanın Təhrike-İnsaf partiyası (PTİ) yanvarın 31-də bildirib ki, keçmiş baş nazir və arvadı dövlət hədiyyələrinin qanunsuz satışında ittiham olunurdular.

Bu məhkəmə hökmünə görə İmran xana 10 il ərzində dövlət və hökumət vəzifəsi tutmaq qadağan edilir.

Xəbərdə deyilir ki, bu cəza İmran Xana yanvarın 30-da verilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasından daha ağırdır.

Həmin məhkəmədə İmran Xan dövlət sirrini yaymaqda ittiham olunurdu.

Onun bu iki cəzanı dalbadal çəkib-çəkməyəcəyi məlum deyil.

6 Rolex saatı və sair...

Xan və arvadına qarşı ittihamnamədə deyilir ki, onlar toplam dəyəri 140 milyon rupi (501 min dollar) olan dövlət hədiyyələrini satıblar. Bu hədiyyələri İmran Xana 2018-2022-ci illərdə baş nazir olduğu dövrdə xarici liderlər veriblər.

Hökumət rəsmiləri iddia edirlər ki, Xanın köməkçiləri hədiyyələri Dubayda satıblar.

Keçmiş informasiya nazirinin paylaşdığı hədiyyə siyahısında ətriyyat, brilyant zinət əşyaları, şam yeməyi servizləri və səkkiz saat var.

Saatlardan altısı Rolex-dir. Onların arasında ən bahalısı qiyməti 85 milyon rupi (304 min dollar) olan "Master Graff limited edition" saatıdır.

Xana avqust ayında elə bu itthamla başqa bir məhkəmə üç il iş kəsmiş, amma sonradan hökm ləğv olunmuşdu.

81 yaşınadək vəzifə qadağanı

PTİ partiyasının sədr əvəzi Gohar Əli Xan deyib ki, keçmiş baş nazirin arvadı Buşranın da məhkum edilməsindən məqsəd İmran Xana təzyiq göstərilməsidir.

Onlar 2018-ci ildə İmran Xanın baş nazir seçilməsindən bir neçə ay əvvəl evləniblər. Bu Xanın iki boşanmadan sonra üçüncü evliliyidir.

Xanın bundan əvvəlki məhkumluğu onu hökumət vəzifəsi tutmaq hüququndan 5 il müddətinə məhrum etmişdi. Bu ona artıq 8 fevral seçkisində iştirak etmək imkanı vermirdi.

Lakin son hökm o deməkdir ki, 71 yaşlı Xan nəzəri baxımdan bir də 81 yaşında baş nazir ola bilər.

Xəbər verilir ki, Xan və arvadı barədə hökmün ardınca PTİ-nin İslamabad və Lahordakı ofislərinin ətrafına polis qüvvələri yeridilib.

Bundan əvvəl 10 il iş kəsilmişdi

Pakistanda məhkəmə ölkənin keçmiş baş naziri və Təhrike-İnsaf (Ədalət uğrunda) müxalifət hərəkatının lideri İmran Xanı və XİN-in keçmiş rəhbəri və sözü gedən hərəkatın sədr müavini Şah Mahmud Qüreyşini dövlət sirrinin yayılması ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Söhbət Pakistanın Vaşinqtondakı səfirinin məxfi teleqramından gedir. İmran Xan bu teleqram barədə 2022-ci ilin martında mitinqdə məlumat vermişdi.

O demişdi ki, ABŞ rəsmiləri səfirlə söhbətlərində İmran Xanın hakimiyyətdən uzaqlaşdırılmasının zərurəti barədə müzakirə aparıblar.

Xan iddia etmişdi ki, onu vəzifəsindən Pakistanın qüdrətli hərbiyyəsi ABŞ-ın koordinasiyası ilə devirib. Həm ABŞ, həm də Pakistan hərbiyyəsi bu iddiaları rədd ediblər.

İttihamnamədə deyilir ki, İmran Xan bu teleqramı hələ də qaytarmayıb.

Seçkiyə 8 gün qalanda...

Bu da vurğulanır ki, məhkəmə hökmü parlament seçkilərinə 8 gün qalanda elan olunub. Bu seçkidə İmran Xanın partiyası da iştirak edir.

Şah Mahmud Qüreyşi bu seçkiyə buraxılmışdı, amma indi, o da İmran Xan kimi seçkilərdə növbəti 5 il ərzində iştirak edə bilməyəcək.

Təhrike-İnsaf partiyası bildirib ki, bu qərardan şikayət edəcək və ümid edir ki, hökm ləğv olunacaq.

2018-ci ilin parlament seçkisində “Ədalət uğrunda” hərəkatı qalib gəlmiş və İmran Xan baş nazir olmuşdu.

Lakin o 2022-ci ilin aprelində onun hökumətinə etimad göstərilmədiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

Zorakı iğtişaşlar

2023-cü ilin avqustunda məhkəmə korruspsiya işi üzrə İmran Xana üç il iş kəsib.

Xan təqsirsiz olduğunu bildirib. İstintaqın versiyasına görə İmran Xan xarici liderlərin verdikləri hədiyyələrin satışından əldə olunan vəsaitləri bəyan etməyib.

Xan ötən ilin mayında həbs edildikdən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilmişdi.

Onun tərəfdarları hərbi idarələrə hücum etmiş, dövlət televiziyasının binasını yandırmış, avtobusları aşırmış və yüksək rütbəli hərbi rəsminin evini qarət etmişdilər.

Etirazların yatırılmasına ordu cəlb olunmuş, 2000-dək etiraz iştirakçısı saxlanmışdı.

İki əsas rəqib

Seçkidə iştirakı qadağan olunsa da 71 yaşlı keçmiş kriket ulduzu İmran Xan və onun partiyası ölkədə hələ də böyük dəstəyə malikdir.

Ötən il oktyabrın 21-də Pakistanda üç dəfə baş nazir olmuş Nəvaz Şərif “könüllü” sürgündə olduğu xaricdən qayıdıb və Lahorda keçirdiyi izdihamlı mitinqlə Müsəlman Liqası partiyasının seçki kampaniyasına başlayıb.

Müsəlman Liqası və Təhrike-İnsaf qarşıdan gələn seçkilərdə iki əsas rəqib sayılırlar.

241 milyonluq əhalisi olan Pakistan hazırda sərt iqtisadi böhranla çarpışır.

XS
SM
MD
LG