Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:12

Dünya ölkələri inflyasiya ilə necə mübarizə aparır?


Daşıma xərcləri də artıb, üstəlik, iqlim dəyişiklikləri və Rusiya-Ukrayna savaşı qiymət artımını qaçılmaz edib.
Daşıma xərcləri də artıb, üstəlik, iqlim dəyişiklikləri və Rusiya-Ukrayna savaşı qiymət artımını qaçılmaz edib.

Son üç ildə qlobal iqtisadiyyatın əsas gündəm maddəsi inflyasiyadır. Səbəbi göz önündə: dünyanın müxtəlif ölkələrində bahalaşma rekordları qeydə alınır. Pandemiya başlayandan bəri qlobal təchizat zənciri pozulub və hələ də tam bərpa olunmayıb. Daşıma xərcləri də artıb, üstəlik, iqlim dəyişiklikləri və Rusiya-Ukrayna savaşı qiymət artımını qaçılmaz edib. Ancaq unutmaq olmaz ki, belə çətin hallarda hökumətlərin məsuliyyəti də artır, axı vətəndaşların sosial rifahının qorunması onların başlıca vəzifəsidir. Bu üzdən, hansı səviyyədə gəlişsə də, bir çox ölkədə əhalinin sosial durumunu yaxşılaşdıran addımlar atılır.

Yaponiya ehtiyat fonddan 15 milyard dollar ayırır

Yaponiya hökuməti bugünlərdə qiymət artımı ilə mübarizə tədbirlərinə daha 2 trilyon yen (15.2 milyard dollar və ya 25 milyard 800 milyon manat) ayrılmasına dair qərar çıxarıb. Bu pulla azgəlirli ailələrə birdəfəlik müavinət şəklində 30 min yen (227 ABŞ dollar və ya təxminən 386 manat), uşaqlı ailələrə isə hər uşaq üçün 50 min yen (380 ABŞ dollar və ya 646 manat) veriləcək. Hökumət, eyni zamanda, may ayından başlayaraq elektrik enerjisi və mayeləşdirilmiş təbii qaz qiymətlərinin artımını qismən kompensasiya edəcək. Böyük həcmdə elektrik enerjisindən yararlanan müəssisələrə də yardım göstəriləcək. Açıqlanan məlumatda bildirilir ki, vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.

Azərbaycanın dövlət büdcəsində də ehtiyat fondlar nəzərdə tutulur. Məsələn, bu ilin dövlət büdcəsində həmin fondlara toplam 610 milyon manat ayrılıb. Bunun əsas hissəsi – 500 milyon manatı prezidentin ehtiyat fondundadır. Daha 110 milyon manat dövlət büdcəsinin ehtiyat fondu üçün nəzərdə tutulub. Müstəqil iqtisadçılar dövlət büdcəsindən prezidentin ehtiyat fonduna ayrılan vəsaitlə bağlı vaxtaşırı tənqidlər səsləndirirlər. Bunun əsas səbəblərindən biri dünyanın çox az ölkəsində belə fondun mövcudluğudur. Üstəlik, bu fonddan ayrılan vəsaitə dair şəffaflıq, hesabatlılıq, xərclərin əsaslandırılması da suallar doğurur. Prezidentin ehtiyat fondundan əsas infrastruktur layihələrinin icrasına – tikintilərə vəsait ayrılır. Bununla yanaşı, yaxın dövrlərdə fonddan Yazıçılar Birliyinə maddi yardım, eləcə də İctimai Televiziyaya futbol üzrə Avropa çempionatının yayım hüququnun alınması üçün vəsait ayrılması da dartışma yaratmışdı.

ABŞ və Kanada da yardımlar edir

Sosial rifahın yetərincə yüksək sayıldığı Şimali Amerika ölkələrində də dolanışıq çətinləşdiyindən əhaliyə maddi yardım göstərilir. ABŞ-da hökumətin dəstəkləri, əsasən, yanacaq xərcləri ilə bağlıdır. Ölkə prezidenti Co Bayden ötən ilin sonunda azgəlirli əhaliyə yardım məqsədi ilə daha 13.5 milyard dollar ayıracaqlarını açıqlamışdı. Bu yardım həmin ailələrin istilik xərclərinin azaldılmasına yönəlib. Bununla yanaşı, ABŞ prezidenti ötən il ölkənin strateji neft ehtiyatlarından 180 milyon barelin istifadəsinə də qərar vermişdi. Həmin ehtiyatlardan yararlanmaqla ABŞ hökuməti yanacaq qiymətlərinin ucuzlaşmasına yol açmaq istəyir, çünki onun fikrincə, inflyasiyanın artmasının əsas səbəblərindən biri məhz benzinin bahalaşmasıdır. Bu qərarlarla yanaşı, ABŞ hökuməti inflyasiyanın azaldılmasını hədəfləyən ayrıca qanun layihəsi hazırlayıb və bu tədbirlərə toplam 433 milyard dollar ayırıb. Həmin vəsait hesabına səhiyyə, iqlim və vergi sahələrinə yatırımlar nəzərdə tutulub.

ABŞ-la qonşu olan Kanada da inflyasiyadan əziyyət çəkən əhali üçün tədbirlər görülüb. Özəlliklə tələbələrə güzəştli kreditlər ayrılıb və azgəlirli əhaliyə maddi yardım göstərilib. Kanada hökuməti aztəminatlı əhali qrupuna dəstək tədbirləri üçün toplam 3.4 milyard ABŞ dolları ayırıb. Bu vəsait hesabına vergi güzəştləri, eləcə də kirayədə qalan ailələrə birdəfəlik ödənişlər nəzərdə tutulub.

Avropada əsas problem enerji qiymətləridir

Avropada da hökumətlər, əsasən, enerji qiymətlərini aşağı salmağa və bu qiymətlərin əhaliyə təsirini azaltmağa çalışır. İş burasındadır ki, Rusiyadan ciddi enerji asılılığı olan qitə Ukraynada müharibə başlayandan bəri ciddi problemlər yaşayır. Rusiyadan təbii qaz idxalının azalması dünya bazarlarında bu enerjidaşıyıcının qiymətində rekord bahalaşma törədib. Bu qiymət artımlarının təsirinin azaltmaq üçün bir çox Avropa ölkəsi tavan qiymət mexanizmi tətbiq edib və enerji şirkətləri hökumətin müəyyənləşdirdiyi həddən yüksək qiymətə satış apara bilməz. Bu addım enerji qiymətləri ilə bağlı potensial qiymət artımlarının önünü kəsməyə yönəlib.

Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada da əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayrıca proqramlar gerçəkləşdirilib. Bu il yanvarın 1-də qüvvəyə minən qaydalara görə, əməkqabiliyyətli yaşda olan və tək yaşayan və ya tək valideyn olaraq uşaq böyüdən işsiz şəxslər "vətəndaşlıq pulu" adlanan yardımdan yararlana biləcək. Həmin yardımın məbləği ayda 502 avrodur (indiki məzənə ilə təxminən 910 manat). Aztəminatlı ailələrdə yaşayan uşaqlara da yardım nəzərdə tutulub. Həmin yardımın məbləği 14-17 yaşlı uşaqlar üçün 420 avro (azı 760 manat)), 6-13 yaşlı uşaqlar üçün 348 avro (azı 630 manat), 6 yaşdan kiçik uşaqlar üçün 318 avrodur (indiki məzənnə ilə azı 576 manat).

Almaniyada sosial müdafiə tədbirlərinə "vətəndaşlıq pulu" ilə yanaşı, kirayədə yaşayanlara və yanacaq ödənişlərinə dəstəklər də daxildir. Bu yardımlardan işsizlər, eləcə də işləsə də, gəliri yetərsiz şəxslər faydalana bilər. Sadalanan yardım mexanizmləri yalnız Almaniya vətəndaşlarına nəzərdə tutulmayıb, bu ölkədə çalışmaq icazəsi olanlar da həmin yardımlar üçün üz tuta bilər. Hökumətin hesablamalarına görə, toplam 5 milyon 300 min insan həmin mexanizmlərdən yararlanacaq.

Azərbaycanda durum necədir?

Azərbaycanın hökumət rəsmiləri də tez-tez əhalini inflyasiyadan qoruyacaq addımların atıldığını bildirirlər. Bu baxımdan, özəlliklə minimum əməkhaqqının və minimum pensiyanın artırılması vurğulanır. Ancaq nəzərə almaq lazımdır ki, bu minimum hədlərin artırılması ilə inflyasiyanın təsirlərini aradan qaldırmaq çətindir. Müstəqil iqtisadçıların fikrincə, bunun başlıca səbəbi ölkədə minimum tələblərin reallığa uyğun müəyyənləşdirilməməsidir. İndi Azərbaycanda minimum əməkhaqqı 345 manat, minimum pensiya 280 manatdır. Amma reallıqda həmin məbləğlər əhalinin minimum ehtiyaclarını qarşılamır. Bu üzdən, deyilən rəqəmlərin inflyasiya faizi qədər artırılması heç bir halda inflyasiyanın təsirlərini aradan qaldırmır. Digər tərəfdən, Azərbaycanda qeyri-rəsmi məşğulluq da hökumətin bu addımlarının effektivliyini azaldır, çünki ölkədə yetərincə çox sayda insan heç bir əmək müqaviləsi olmadan çalışır. Beləcə, hökumətin qəbul etdiyi qərarlar onlara təsir göstərmir.

Hökumətin vaxtaşırı dilə gətirdiyi mexanizmlərdən biri də bəzi idxal məhsulları üçün gömrük rüsumunun götürülməsidir. Bu mexanizmin də effektivliyini azaldan amillər var, çünki bir çox sahədə olduğu kimi, ölkədə ərzaq məhsullarının istehsalı və satışı sahəsində də bir neçə iri şirkət böyük pay sahibidir. Bazarda rəqabətin məhdud olması hökumətin ərzaq qiymətlərini ucuzlaşdırmaqla bağlı fəaliyyətinin səmərəsini azaldır. Digər tərəfdən, Azərbaycan regionda ən yüksək orta gömrük rüsumlarının olduğu ölkədir. Başqa ölkələrin atdığı addımlarla müqayisədə Azərbaycanda işsizlər, aztəminatlı ailələr, tələbələr, uşaqlı ailələr kimi xüsusi həssas əhali qrupları üçün ayrıca proqramların hazırlanmadığı dərhal gözə çarpır.

XS
SM
MD
LG