Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Hökumətin dörd illik hədəfləri açıqlanıb


Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında

Bu gün, iyulun 22-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı təsdiqləyib. Hökumət sosial-iqtisadi inkişaf modelini iki mərhələdə - 2022-2026 və 2027-2030-cu illərdə gerçəkləşdirməyi hədəfləyir: "Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaq. 2027‒2030-cu illəri əhatələyəcək ikinci mərhələdə isə milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq".

Bəs, 2026-cı ilədək hökumət hansı irəliləyişlərə nail olmaq istəyir?

Artım hədəfi

Hökumətin ilk hədəfi qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Strateji sənəddə qeyd edilib ki, biznesin inkişafı və dövlət şirkətlərinin effektivliyi nəticəsində qarşıdakı dörd il ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4 faiz, qeyri-neft/qaz ÜDM-si isə illik orta hesabla 5 faiz artacaq. Ancaq inflyasiya səviyyəsini də nəzərə alsaq, əslində bu artım göstəricilərini bir o qədər də iddialı hesab etmək olmaz.

Hökumət 2026-cı ilədək kənd təsərrüfatının hər il 4 faiz, nəqliyyat sektorunun isə 5 faiz artmasını planlaşdırır. Ölkənin tranzit yükdaşımalardan gəlirinin 2019-cu ildəki göstəriciyə nəzərən (227 milyon manat) iki dəfə artması nəzərdə tutulub. Yəni, hökumət hədəfinə çata bilsə, 2026-cı ildə tranzit daşımaları ölkəyə 450 milyon manat gəlir gətirməlidir. Turizm gəlirlərinin də 2026-cı ildə 2019-cu ilə nəzərən 1.5 dəfə artırılması nəzərdə tutulur. Xatırladaq ki, pandemiyadan öncə turizm sektoru ölkəyə 2.7 milyard dollar gəlir gətirmiş və ölkəyə neft sektorundan sonra ən çox valyuta qazandıran sektor olmuşdu.

Pensiya və sosial kartlar iki bankın monopoliyasından çıxarılır?

Hökumətin bank və maliyyə sektoru ilə bağlı hədəflərindən biri pensiya və sosial kartlarla bağlıdır. Belə ki, sənəddə qeyd edilir ki, "sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcək". Xatırladaq ki, hazırda ölkədə pensiya və sosial ödənişlərin həyata keçirilməsi sadəcə iki banka– "Kapital Bank" Beynəlxalq Banka həvalə edilir. Məhz bu qərar həmin iki bankın çox ciddi gəlir əldə etməsinə səbəb olur.

Əmək bazarına gəldikdə isə, hökumət qeyri-rəsmi məşğulluğun azaldılması hesabına özəl sektorun muzdlu işçilər arasındakı payının 47 faizdən 50 faizə yüksəldilməsini hədəfləyib. Sənəddə həmin müddət ərzində minimum əməkhaqqının artırılacağı da açıqlanıb. Amma maraqlıdır ki, bir çox sahədən fərqli olaraq, hökumət əməkhaqqı ilə bağlı konkret rəqəmlər açıqlamayıb.

Əmək haqları üzrə hədəflərdən biri də qadın və kişilərin əmək haqları arasındakı fərqlə bağlıdır. Hökumətin açıqlamasına görə, hazırda ölkədə qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 66 faizinə bərabərdir. Hökumət bu göstəricini 2026-cı ilədək 80 faizə yüksəltməyi hədəfləyir.

Tələbə qəbulu üçün yerlər artırılacaq

Hökumətin strateji inkişaf sənədində təhsil siyasəti ilə bağlı göstəricilərə də yer verilib. Bu baxımdan ən diqqətçəkən göstəricilərdən biri tələbə sayı ilə bağlıdır. Belə ki, sənəddə qeyd edilir ki, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq. Ali təhsil alanlarla yanaşı, peşə təhsili alanların da sayının artırılması nəzərdə tutulur. Peşə təhsili ocaqlarına qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq. Hökumət 2026-cı ilədək uşaqların yarısını məktəbəqədər təhsilə cəlb etməyi düşünür.

Ətraf mühitlə bağlı hədəflər

İnkişaf sənədində ətraf mühit və yaşıl inkişafla bağlı da müəyyən hədəflər qeyd edilib. Hökumət qarşıdakı illərdə meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsini gücləndirməyi və ölkə üzrə ümumi ərazidə yaşıllığın payını 12 faizdən 12.3 faizə çatdırmağı planlaşdırır. Hökumətin açıqlamasından bəlli olur ki, hazırda istifadəyə yararsız torpaq sahələrinin xüsusi çəkisi 25 faizə bərabərdir. 2026-cı ilədək bu göstəricinin 15 faizədək azaldılması planlaşdırılır.

Hazırda əhalinin içməli su ilə təminat səviyyəsi isə 70 faiz həddindədir. Hökumət bu göstəricini 85 faizə qaldıracağını açıqlayıb. "Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 faiz (regionlarda 10 faiz) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10.5 faiz olacaq. Meşə fondunun 65 faizi inventarlaşdırılacaq. Torpaqların 30 faizində aqrokimyəvi analizlərin aparılması təmin olunacaq" – sənəddə bildirilir.

Hökumətin planına görə, 2026-cı ilədək ölkədə elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı bütün istehsalın dörddə birinə bərabər olacaq. Hazırda bu göstərici 17 faizdir.

XS
SM
MD
LG