Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:33

FTB iPhone-un “qıfılını sındırdı”


ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri San Bernardinoda öldürülmüş şübhəlinin telefonunun parolunu aça biliblər

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xəfiyyələri ötən dekabrda San Bernardinoda öldürülmüş şübhəlinin telefonunun şifrəsini Apple şirkətinin yardımı olmadan “sındıra” biliblər.

Bununla da, Apple və ABŞ-ın Ədliyyə Nazirliyi arasında davam edən məhkəmə çəkişməsinə “öz-özünə” son qoyulub.

Rizwan Syed Farook və Tashfeen Malik
Rizwan Syed Farook və Tashfeen Malik

Apple bundan əvvəl San Bernardinoda polis tərəfindən öldürülmüş terror şübhəlisinin telefonunu təhlükəsizlik xidmətləri üçün açmaqdan imtina edirdi.

Bu barədə məhkəmə hökmü olmasına baxmayaraq, Apple bildirirdi ki, müştərilərinin qarşısında nüfuzunu və etibarını itirməmək üçün bunu edə bilməz.

Böyük texnologiya şirkətləri məhkəmə ilə qarşıdurmada Apple şirkətinin tərəfini saxlayırdılar, ölkə siyasətçiləri isə ikiyə bölünmüşdülər.

Bəziləri dövlət təhlükəsizliyinin, digərləri isə şəxsi sirlərin qorunmasının vacibliyinə inandıqlarını söyləyirdilər.

Üçüncü tərəf

Bazar ertəsi Kaliforniya ştatının baş prokuroru Eileen Decker bəyan edib ki, xəfiyyələr sözü gedən telefonun giriş parolunu aça biliblər.

Baş prokuror bu işin üçüncü tərəfin köməyi ilə görüldüyünü desə də, konkret olaraq yardımçının kim olduğu bildirilməyib.

FTB-nin direktoru James Comey
FTB-nin direktoru James Comey

Məhkəmə çəkişməsinin bir məqamında Apple iPhone-a girişi bilmədiyini və telefon açılarsa, özünün də məlumatlandırılmasını istəmişdi.

Prokurorluğun bəyanatından sonra isə Apple elan edib ki, məhsullarının etibarlığını və müdafiə sistemini gücləndirəcək.

FTB-nin direktoru James Comey deyib ki, hüquq-mühafizə orqanları insanların həyatını terrordan qorumaq naminə bu işi görməli idi.

Sözü gedən telefonun sahibi Rizwan Farook və onun arvadı ötən dekabrda San Bernardinoda odlu silahlardan atəş açmaqla 14 nəfəri öldürmüşdülər.

Bundan sonra onlar polislə silahlı qarşıdurmada həlak olmuşdular.

ABŞ rəsmiləri bildirirdilər ki, cənabFarook-un arvadı Tashfeen Malik İslam Dövləti adlandırılan təşkilata sədaqət andı içib.

XS
SM
MD
LG