Azərbaycanda mənzil tikintisinin azalmasının səbəblərindən biri də ümumi kreditləşmədə, özəlliklə də ipoteka kreditləşməsində durğunluqla bağlıdır. Belə ki, bu ilin 7 ayının makroiqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 29.7 faiz, eləcə də tikinti-quraşdırma işləri 31.7 faiz azalıb. Bununla yanaşı, həmin dövrdə kredit qoyuluşları 9.1 faiz aşağı düşüb. Bu ilin birinci yarısında banklar 1.1 milyon manatlıq ipoteka krediti verib, halbuki ötən ilin eyni dövründə bu göstərici 178 milyon 400 min manat təşkil edirdi. Göründüyü kimi, bu ilin ilk 6 ayında ipoteka kreditləri keçən ilin uyğun dövrüylə müqayisədə 163 dəfə azalıb.
««ZAMİNBANK»IN BAĞLANMASINDAN SONRA DURUM DAHA DA PİSLƏŞƏCƏK»
İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, ipoteka kreditləşməsində lider olan «Zaminbank»ın bağlanmasından sonra durum daha da pisləşəcək: «Yeri gəlmişkən, xatırladım ki, hələ 1 il bundan əvvəl 2015-ci il iyulun 13-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstəriş verib. Dövlət başçısı 2015-ci ilin sonuna qədər bu məqsədlə dövlət büdcəsindən əlavə vəsait ayrılmasını deyərək, bəlkə də daha çox vəsait verilməli olduğunu söyləyib. Amma bu dövrdə dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna (AİF-ə) ayrılmış vəsait, elan olunduğu kimi, 200 milyon manat deyil, 23.9 milyon manat olub».
Buna da bax - Ev dəllalı: 'Çoxu evini kredit borcuna görə satır'
«AZƏRBAYCANLI İŞ ADAMLARI YENİ BAZARLAR AXTARIRLAR»
Onun sözlərinə görə, tikinti biznesi ilə məşğul olan Azərbaycanlı iş adamları da digər ölkələrdə, o sıradan da Gürcüstan, Rusiya, Qazaxıstan, hətta İranda belə yeni bazarlar axtarırlar: «Onların bəziləri xarici ölkələrin dövlətləri və ya beynəlxalq maliyyə kredit təşkilatlarının sifarişləri ilə olan layihələrdən iş alır və fəaliyyətlərini başqa ölkələrdə olsa da, davam etdirilər. Bu isə milli iqtisadiyyatın, xüsusilə də inşaat bölməsinin böhranı dövründə ölkədən həm kapital, həm texnika və həm də ixtisaslı, eləcə də ixtisassız iş qüvvəsinin axınına gətirib çıxarır».
«BU TENDENSİYANIN DİGƏR FƏSADI...»
Ekspertin sözlərinə görə, bu tendensiyanın digər fəsadı daxili inşaat bazarında mənzil təklifinin azalması və mövcud tikintilərdə əsasən, ekonom tipli mənzillərin inşasına üstünlüyün verilməsidır: «Yeni mənzil təklifinin azalması mövcud mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Hazırkı iqtisadi tənəzzül və manatın devalvasiyası şəraitində xüsusilə də iri alışlar üzrə alıcılıq qabiliyyətinin də azalması qiymətlərdə sürətli dəyişikliyin qarşısını alır. Əslində, mənzil bazarında təklifin azalması fonunda tələbatın da aşağı düşməsi mənzil satışını azaldır və qiymətləri tarazlıqda saxlayır. Digər mənbələrdən bazara yeni sərmayələrin daxil olması bu şəraitdə mənzil qiymətlərinin sabitliyini şərtləndirə bilər. Belə mənbələr sırasında son zamanlar Azərbaycana gələn ərəb və fars mənşəli turistlər çıxış edə bilər. Qeyd edim ki, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yoxdur».