Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:17

İqbal Ağazadənin nümayəndəsi: «Seçki yox şou oldu»


Azərbaycan Ümid partiyasının sədri İqbal Ağazadə, Bakı, 9 oktyabr, 2013.
Azərbaycan Ümid partiyasının sədri İqbal Ağazadə, Bakı, 9 oktyabr, 2013.

-

«90 saylı Ağdaş seçki dairəsində dünən seçki yox şou oldu»

Bunu AzadlıqRadiosu-na deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Taleh Əliyev deyib. Səlahiyyətli nümayəndənin bildirməsinə görə, İqbal Ağazadənin cəmi 7 faiz səs qazandığını demək böyük ədalətsizlikdir:

«İqbal Ağazadənin də xalqdan aldığı səsi Yeni Azərbaycan Partiyasının təmsilçisinə verdilər»

Taleh Əliyev deyir ki, seçki, hələ, səsvermə günündən öncə böyük qanunsuzluqlarla keçib. Onun deməsinə görə, həm imza toplanarkən, həm də seçicilərlə görüş zamanı böyük təzyiqlərə məruz qalıblar.

«Seçki günü isə «karusel» iş düşdü. Əksər məntəqələrdə bir seçicinin bir neçə məntəqədə səs verməsi təşkil olundu. Kənd icra nümayəndələri, bələdiyyələr, bütünlüklə «karusel»ə cəlb ediliblər» - deyə İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi qeyd edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb.

M. Pənahov deyib ki, lider namizəd 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının təmsilçisi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayıb.

Seçkidə deputat mandatı uğrunda 7 namizəd mübarizə aparırdı. Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, Ümid Partiyasının sədri İqbal Ağazadə və daha 5 bitərəf namizəd. Bitərəflər - Rəşad Abdullayev, Elmir Gözəlov, Rəşid Gözəlov, Əli Haqverdiyev Anar İbrahimli idi.

MSK bildirir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 57,9 faiz olub. Qeydiyyatda olan 40203 seçicidən 23292 seçici səs verib.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilmişdi. Milli Şura və Müsavat partiyasının boykot etdiyi həmin seçkilərdə deputat mandatlarının təqribən 70 faizini hakim yeni Azərbaycan Partiyası qazanmışdı.

90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç. Əsədullayevin işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olması ilə izah etdi.

MSK-nın qərarında deyilirdi ki, 90 saylı Ağdaş Seçki Dairəsində 17 məntəqədə pozuntulara yol verilib.

XS
SM
MD
LG