Ötən həftə rəsmi Yerevan Gürcüstan ərazisindən Ermənistana «Iqla» zenit-raket kompleksi və mərmilərinin keçirilməsinə cəhd edildiyini bildirmişdi. Hələlik, Gürcüstan hökuməti bu iddiaları nə təsdiq, nə də inkar edir. AzadlıqRadiosunun gürcü xidmətinin müxbiri Tbilisidən xəbər verir ki, hökumət bu mövzuda danışmamağa, yaxud da çox ehtiyatlı danışmağa üstünlük verir.
«Hələlik, «Iqla» daşınabilən zenit-raket kompleksinin Gürcüstandan Ermənistana keçirildiyini iddia etmək olmaz. Araşdırma gedir, bütün detallar yoxlanılır. Biz ermənistanlı həmkarlarımızla əlaqə saxlayırıq və ictimaiyyəti araşdırmanın nəticələri barədə məlumatlandıracağıq», – deyə Gürcüstanın daxili işlər naziri Giorgi Mghebrishvili bildirib.
ARAŞDIRMAĞA SÖZ VERİRLƏR
AzadlıqRadiosunun müxbiri yazır ki, Gürcüstanın səlahiyyətli orqanlarının məmurları bu silahın haradan peyda olduğunu, Ermənistan ərazisinə necə düşdüyünü bilmədiklərini iddia edərək çiyinlərini çəkirlər. Bununla yanaşı, məmurlar məsələni araşdırmağa söz verirlər.
***Buna da bax-Dağlıq Qarabağdakı Ermənistan hərbi birləşmələrinin keçmiş rəhbəri həbs edilib
«Sizi bu məsələ ətrafında artıq spekulyasiyalara yol verməməyə, araşdırmanın yekunlaşmasını gözləməyə çağırıram», – deyə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Irakli Sesiashvili ötən gün bildirib.
«Çoxdan belə insident olmurdu. Bizim təhlükəsizlik xidməti erməni həmkarları ilə əlaqədədir. Araşdırma aparılır. Məhz bu səbəbdən araşdırmanın sona çatmasına qədər tərəfimizdən hər hansı şərh verilməsi qeyri-ciddi olardı. Zərurət yarandığı halda belə bir insidentin baş verib-verməməsini müəyyən etməyə əlimizdə texniki imkanlar var», – deyə o bildirib.
«BÜTÜN DETALLARI BİLMƏLİYİK»
Ancaq Gürcüstan müxalifəti hakimiyyətin iddialarına inanmır. «Bu, çox həssas məsələdir və bütün detalları bilməliyik. Gürcüstanın ərazisindən zenit-raket kompleksi keçirilirsə, təhlükəsizlik orqanları isə bu barədə məlumatı olmadığını iddia edirsə, bu o deməkdir ki, normal təhlükəsizlik sistemimiz yoxdur. Ermənistan iddia edir ki, bu silah ərazimizdən keçirilib, saxlanılanlar var. Bu, çox vacib məsələdir və hökumət bütün detalları aydınlaşdırmalıdır», – deyə müxalifətçi Tengiz Gunava bəyan edib.
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-nin «Birləşmiş Milli Hərəkat» Partiyasından deputat Zurab Melikishvili isə Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırmasının maksimal dərəcədə geniş və şəffaf olmasını tələb edib. «Biz bu silahın sərhəd-keçid məntəqəsinə necə və hansı yolla çatmasının ortaya çıxarılmasından ötrü kompleks araşdırma tələb edirik. O, Gürcüstanın hansısa hərbi hissəsindənmi çıxarılıb, yoxsa hansısa gömrük məntəqələrindən keçib? Güc strukturları bu istiqamətdə işləməlidirlər. Ancaq onlar siyasi təqiblərlə məşğul olurlar», – deyə Melikishvili qeyd edib.
«NƏ OLSUN Kİ?»
Hakim partiya, hələlik, müxalifətin ittihamlarına şərh verməkdən imtina edir. Bundan başqa, parlamentin hüquq məsələləri komissiyasının sədri Eka Beselia ciddi narahatlığa səbəb görmədiyini bildirib. «Çox xahiş edirəm, məni bizim müxalifətçilərin bütün mənasız bəyanatlarına cavab verməyə məcbur etməyin. Bu, tamamilə qeyri-ciddi məsələdir», – deyə o vurğulayıb.
Jurnalist suala aydınlıq gətirmək məqsədilə bildirib ki, zenit-raket kompleksinin Gürcüstan ərazisindən keçirilməsinə dair məlumatı təkcə müxalifət yox, həm də Ermənistanın milli təhlükəsizlik orqanları yayıb. Beselia buna belə cavab verib: «Nə olsun ki?»
Jurnalistlər həmçinin, Gürcüstanın daxili işlər nazirindən Tbilisidə dəqiq məlumatın olmadığı halda Ermənistan milli təhlükəsizlik xidmətinin niyə bu iddianı səsləndirdiyini soruşublar. Ancaq daxili işlər naziri Giorgi Mghebrishvili bu suala dəqiq cavab verməkdən yayınıb.