Dünyada istiləşmə nəzarətdən çıxır və buna görə “birmənalı” günahkar insanlardır. Belə bir xəbərdarlıqla avqustun 9-da BMT-nin iqlim dəyişikliyi üzrə qurumu çıxış edib.
İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupunun (ingiliscə qısa adı: IPCC) hesabatında deyilir ki, atmosferdə istixana qazlarının səviyyəsi iqlim pozuntusu yaradacaq səviyyədə yüksəkdir.
Bundan başqa indi baş verən ölümcül isti dalğaları və qasırğaların getdikcə daha da kəskinləşəcəyi gözlənir.
BMT-nin Baş katibi Antonio Quterres hesabatı “bəşəriyyət üçün fövqəladə vəziyyət” adlandırıb, kömürdən və digər yüksək çirklənmə yaradan yanacaqdan istifadəni dayandırmağa çağırıb.
“Qlobal istiləşmə Yer üzünün hər bir regionuna təsir göstərir və dəyişikliklərin çoxunun qarşısını almaq mümkün olmur… Nə qədər ki kömür və digər mədən yanacağı planeti məhv etməyib, bu hesabat onlar üçün əcəl zəngi kimi səslənməlidir”, – Quterres deyib.
Reaksiyalar
Müxtəlif ölkələr və kampaniyaçılar hesabata reaksiya veriblər. ABŞ Prezidentinin İqlim üzrə təmsilçisi Con Kerrinin sözlərinə görə, hesabat iqlim böhranının daha ciddi şəkil alacağını, gələn onillikdə “iqlimlə bağlı təcili tədbir gərəkdiyini” “aydın şəkildə göstərir”.
Britaniyanın Baş naziri Boris Conson deyib ki, növbəti onillik planetin gələcəyinin təmin edilməsində “həlledici” olacaq.
“ActionAid International” kampaniya qrupundan Tereza Andersen hesabatı gözardı edilməsi mümkün olmayan həyəcan təbili adlandırıb.
“IPCC bizə deyir ki, orta qlobal istiləşməni 1.5C həddinə məhdudlaşdırmaq çətin olacaq, amma qeyri-mümkün də deyil. Yeni hesabat belə bir mesaj verir ki, emissiyaları həqiqətən sıfıra salmaqdan ötrü radikal və transformatik hərəkət gərəkdir”, – Anderson vurğulayıb.
Bu hesabat Şotlandiyanın Qlazqo şəhərində BMT-nin böyük iqlim konfransından üç ay öncə açıqlanır. Ölkələr həmin tədbirdə iqlim dəyişikliyi üzrə daha ambisiyalı addım atmaqdan ötrü təzyiq altında olacaqlar.
Arktik okeanda buz qatı yayda yoxa çıxa bilər
Sözügedən hesabat 14 mindən artıq elmi araşdırma əsasında hazırlanıb. Sənədə görə, təcili tədbirlər görülməsə, növbəti 20 il ərzində dünyada orta temperatur 1.5 dərəcə Selsi istiləşmə həddini keçəcək. Əsrin sonunadək bu göstərici 2C-ni də keçə bilər.
“Hər 50 ildən bir baş verən kəskin isti dalğası indi onildə bir dəfə müşahidə olunur. Tropik siklonlar güclənir. Bir çox torpaq ərazilərə il ərzində daha çox yağış və qar yağır. Kəskin quraqlıq indi 1.7 dəfə daha çox baş verir. Yanğın mövsümləri uzanır və intensivləşir”, – hesabatda vurğulanır.
Arktik okeanda yay dövrünün buz qatı 2050-ci ilədək azı bir dəfə tamamilə yoxa çıxacaq. Bu hələ ən nikbin ssenaridir. Bu region dünyada ən sürətlə istiləşən ərazi sayılır.
Dəniz səviyyəsinin də qalxacağı vurğulanır. Qlobal istiləşmə 1.5C-də qalsa belə, ortalama dəniz səviyyəsi 2-3 metr qalxacaq, hətta daha artıq ola bilər. Alimlər 2300-cü ilədək 15 metrdən artıq qalxmanı istisna etmirlər.