Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:16

İqtidar deputatı keşiş Qalstanyanı rəsmilərə qarşı sui-qəsd cəhdində ittiham edir


Arxiyepiskop Baqrat Qalstanyan etiraz aksiyasında
Arxiyepiskop Baqrat Qalstanyan etiraz aksiyasında

Yerevanda iyunun 12-də polis və etirazçılar arasında zorakı toqquşmanın ardınca baş nazir Nikol Paşinyanın hakim partiyası onun istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyanı hökumət rəsmilərinə qarşı sui-qəsd cəhdində ittiham edib.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovannisyan baş verən iğtişaşlarda habelə Erməni Kilsəsinin başçısı – katolikos II Qaregini günahlandırıb.

O bildirib ki, arxiyepiskopun etiraz hərəkatına katolikosun özü şəxsən xeyir-dua verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, katolikosa və arxiyepiskopa qarşı bu sərt ittihamların səsləndirilməsinə baxmayaraq hüquq-mühafizə orqanlarının iğtişaşlara dair təhqiqatı hələ başa çatmayıb.

Hovannisyan iddia edib ki, keşiş Qalstanyan tərəfdarlarını parlamentin binasına soxulmağa və oradakı rəsmiləri öldürməyə çağırıb.

Artur Hovannisyan daha sonra deyib:

“Mən gözləyirəm ki, tarixdə, yenicə müstəqil olmuş Ermənistanın tarixində ilk dəfə olaraq belə bir hadisənin necə baş verdiyi araşdırılacaq. Bu, Ermənistanın dövlətçiliyinə qarşı katolikos tərəfindən xeyir-duası verilmiş hücumdur...”

Keşiş Qalstanyan ona böhtan atıldğını deyir

Hovannisyan xatırladıb ki, mitinq zamanı keşiş Qalstanyan polisə müraciət edərək dəbilqələrini çıxarmalarını xahiş edib və bunun ardınca polis daşa basılıb.

Ermənistanın İstintaq Komitəsi kütləvi iğtişaşlarla bağlı cinayət işinin açıldığını elan edib.

Komitə bildirib ki, hazırda şübhəlilərin müəyyənləşdirilməsi üzərində iş gedir.

İqtidar deputatının bu ittihamlarına cavab olaraq keşiş Qalstanyan deyib ki, o heç kəsi polisə daş atmağa çağırmayıb:

"Əgər onlar ortaya fakt qoymasalar, mən onları üzr istəməyə məcbur edəcəyəm. Bu çox ciddi ittihamdır və əgər onlar bazar ertəsinədək ortaya fakt qoymasalar, mən onları məhkəmə yolu ilə üzr istəməyə məcbur edəcəyəm”.

Mətbuat azadlığı qrupları təhqiqata çağırırlar

Bu arada Ermənistanın aparıcı media qurumları kütləvi aksiya zamanı polisin etirazçılara qarşı aşırı zorakılığını tənqid ediblər.

Jurnalistlər nümayişçilərə qarşı onlarca səs qumbarasından istifadə edilməsini pisləyiblər.

Bu da qeyd olunur ki, polislə etirazçılar arasında toqquşmalarda bir neçə jurnalist də xəsarət alıb.

İyunun 13-də Ermənistanın mətbuat azadlığı qrupları hakimiyyəti polis zorakılığının araşdırılmasına və məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıblar.

Toqquşmalar nəticəsində 83 nəfərin xəsarət aldığı bildirilir. Bu da xəbər verilir ki, 18 polis əməkdaşı da xəsarət alıb.

Lakin Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın ardınca kütləvi iğtişaşlara görə etirazçıları ittiham edib.

Komitə zorakılıqlarda iştirak etmiş 40-dək şübhəlinin aşkar olunduğunu bildirib.

Etiraz aksiyası zamanı saxlanmış 28 nəfər hələ də təcridxanada saxlanır.

Bundan əvvəl

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirdilər.

Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulmuşdular.

Parlamentdəki müxalifət Nikol Paşinyanın impiçmenti proseduruna hazırlıq görüldüyünü bildirmişdi. Amma onların bu prosedura başlamaq üçün parlamentdə kifayət qədər mandatı yoxdur.

Hakimiyyət nümayəndələri iddia edirlər ki, məhz bu səbəbdən müxalifət küçə etirazlarını qızışdırmaqla hökumətə təzyiq göstərməyə çalışır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG