Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:36

İqtidar söyülməmək üçün nə edə bilər?


Təhqiri kim başlayıb?- Sosial mediada yazılanlar müzakirə edilir
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Təhqiri kim başlayıb?- Sosial mediada yazılanlar müzakirə edilir

Sentyabrın 20-də Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana yox deyək” adlı dəyirmi masa keçirib.

Təbdirin təşkilatçılarından biri, millət vəkili Çingiz Qənizadə deyir ki, belə halların davam etməsi hiddət doğurur və bu, yol verilməzdir:

“Son zamanlar, xüsusi ilə sosial şəbəkələrdə bu cür qanunazidd hərəkətlər olduqca artıb. Bu da bizim gənclərin, məktəblilərin əxlaqına, psixologiyasına mənfi təsir göstərir”.

Çingiz Qənizadə Cinayət Məcəlləsinin təhqir və böhtanla bağlı maddələri üzrə sanksiyaların artırılmasının vacibliyini vurğulayıb.

Ümumiyyətlə, zaman-zaman istifadəçilərin şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrdə qeydiyyatdan keçməsi, sosial şəbəkələrin də qanunla tənzimlənməsi kimi fikirlər də səslənir.

Qanunların sərtləşdirilməsi söyüşü azaldacaqmı?

Media ekperti, hüquqşünas Ələsgər Məmmədli isə qununvericiliyin sərtləşməsində bir fayda görmür. Onun fikrincə, belə olsaydı, 2017-ci ildən, yəni internetdə təhqirlə bağlı Cinayət Məcəlləsinə maddə əlavə olunandan və sanksiyalar artırılandan sonra Azərbaycanda sosial şəbəkələrdə təhqirlər azalardı. O düşünür ki, insanların ifadə azadlığı məhdudlaşdırılmasa, onlar özünə inanıb fikirlərini daha mədəni tərzdə ifadə edərlər.

Hakimiyyət rəsmiləri bildirirlər ki, bu cür söyüş və təhqirlər daha çox xaricdə yaşayanlar tərəfindən, iqtidara qarşı səsləndirilir.

Bu günlərdə Bakıda keçirilən oxşar tədbirdə baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu hallar xarici maliyyə hesabına, məqsədli şəkildə baş verir:

“İnsanların mənəvi terrora məruz qalması, təhqir olması halları var. Bir çox hallarda bütün bunlar anonim adlarla edilir. Nəticədə maraqlı tərəflər Azərbaycan siyasətinə xoşagəlməz meyillər gətirir. Biz bunlara qarşıyıq”.

Əli Əhmədov bildirib ki, internet texnoligiyalarının yaratdığı imkanlar xoşa gəlməyən meyllərin yayılmasına səbəb olur.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, sosial şəbəkələrin insan üçün faydalı və zərərli cəhətləri nədir?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Hüquqşünas Erkin Qədirli hələ bu mövzular yeni-yeni müzakirə olunmağa başlayanda siyasətdə söyüşlə bağlı öz Facebook hesabında bir məqalə dərc etmişdi. O məqaləsində vurğulayırdı ki, savaşda olduğu kimi, söyüşdə də kimin birinci başladığını bilmək önəmlidir.

Hakimiyyətin mövqeyini müdafiə edənlərin çıxışlarında söyüş söyənlərdən biri kimi tez-tez Niderlandda yaşayan Orduxan Teymurxanın da adı çəkilir. Amma Orduxan Teymurxan deyir ki, o Azərbaycan rəhbərliyini tənqid edir. Heç vaxt söyüş işlətməyib. Bildirir ki, o və onun ailə üzvləri bu təndiqlərə görə hədəfə alınıb:

“Mən heç bir yerdə söyüş söyməmişəm. Söyüş varsa, tapsınlar çıxarsınlar. Mənim Azərbaycan hakimiyyətinə, yüksək vəzifəli məmurlara və hakim ailəyə bir sualım var. Bütün ailə üzvlərimin, bacılarımın, körpə qız uşağının polisə aparılması, televiziyaya çıxarılıb, üzr istədilmələri, gözüyaşlı bacımın məndən imtinaya məcbur edilməsi söyüş deyilmi? Bu söyüşə Azərbaycan hakimiyyəti cavab verməlidir. Mən heç kimə söyüş söyməmişəm”.

Əli Kərimli söyülüb təhqir olunanda...

Bəs, Azərbaycan siyasətinə söyüşü ilk kimlər və necə gətirdi. Bu cür hallar nə ilə nəticələnə bilər?

Bugünlərdə Əli Əhmədov, millət vəkilləri və siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən daha bir dəyirmi masada keçmiş baş nazir Pənah Hüseyn bu məsələdə elə hakimiyyətin özünü təqsirləndirib:

“O parlament Əli Kərimli söyülüb, təhqir olunanda burdakı deputatlar bunun əleyhinə çıxsaydı, bugün bu durum yaranmazdı. Ölkənin birinci şəxsinə və ailəsinə qarşı, ayrı-ayrı vəzifəli şəxslərə qarşı söyüş və təhqirlər olmazdı. Müxfəlit adamlar təhqir olunanda vaxtında səs ucaldılsaydı indi belə olmazdı. Vətəndaşı, adi sıravi insanın təhqir oldunduğu ölkədə onun prezidentini də, digər vəzifəli şəxslərini də təhqir edərlər. Bu məntiqi nəticədir”.

Siyasi şərhçi Azər Rəşidoğlu da hesab edir ki, siyasi arenada belə durumun yaranmasına səbəb azad sözün boğulması, mətbuatın sıradan çıxarılması, hüquq müdafiəçilərinin işinin iflic edilməsi, siyasi partiyalara iş mühitinin yaradılmamasıdır.

Onun fikrincə, hökumət bu məsələni həll etmək istəyirsə, yuxarıda sadalanan problemləri yoluna qoymalıdır. Sivil qaydada mübarizə imkanları qapadıldıqda, belə aqresiya, radikallaşma baş qaldırar.

XS
SM
MD
LG