Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:03

«5-10 uşağa ana dili öyrətsən, cəzalanarsan»


Sayman Aruz
Sayman Aruz

-

«Biz ana dilini şifahi öyrənmişik. Hətta böyüyəndə baxdım ki, Azərbaycan dilinin qrammatik qaydalarından xəbərsizəm və çox hallarda qurduğum cümlə qrammatikaya uyğun deyil».

Bunu İran azərbaycanlısı, bir neçə ildir ki, Bakıda yaşayan Sayman Aruz deyir.

«AZƏRİ TÜRKCƏSİNİ ANLAMAQDA ÇƏTİNLİK ÇƏKİRLƏR»

O, AzadlıqRadiosuna müsahibəsində İran azərbaycanlılarının ana dilində təhsil mücadiləsindən danışır:

«Fars dilində orta və ali təhsil almışam. Amma evdə-ailədə hər zaman ana dilimizdə danışmışıq. Şifahi şəkildə bilirik, amma qrammatikasını tədris edən yoxdur deyə, bilmirdik. Onda özüm kitablar tapdım, başladım dilimizin qrammatikasını öyrənməyə və sonra da azərbaycanlı gəncləri öyrətməyə».

Sayman Aruz deyir ki, İranda başqa millətlərin ana dilində təhsil almaq kimi bir qayğısı olmasa da, etnik azərbaycanlılar bu imkandan məhrum ediliblər və illərdir, ana dilində təhsil mücadiləsi aparırlar:

«Təəssüf ki, fars dilində təhsil adamların şifahi nitqinə təsir edib. Azərbaycan dilində danışır, amma baxırsan ki, cümləni fars qrammatikasına uyğun qurur. Məsələn, mənə cənubi azərbaycanlılar şeir, hekayə göndərirlər, oxuyub başa düşürəm, amma burdakı soydaşlarımız bu Azəri türkcəsini anlamaqda çətinlik çəkə bilərlər. O üzdən, müasir Azərbaycan ədəbi dil və qrammatikasını cənubi azərbaycanlılar üçün tətbiq etmək olmaz. İran azərbaycanlıları üçün ayrıca Azərbaycan dili qrammatikası yazılmalıdır».

«ANA DİLİ UĞRUNDA MÜBARİZƏUŞAQLIQDAN BAŞLAYIR»

Sayman Aruz hər bir dilin öz yuvası olduğunu vurğulayır, yəni dilin kimliyi onun qrammatikasındadır. Bir dil başqa dilin kimliyindən istifadəylə ifadə edilirsə, o, başa düşülməyəcək. Onun sözlərinə görə, evdə bir dil, məktəbdə də başqa dillə böyüyən uşaq paradoksallarla üz-üzə qalır və böyüyəndə bu mübarizəsini ictimai sferaya keçirir.

Sayman Aruz İranda ana dili uğrunda fəallığın yolunun həbsxanadan keçdiyini bildirir:

Məhsa Mehdili Bərzin
Məhsa Mehdili Bərzin

«Bəlkə də İran həbsxanalarında narkotik satan, cinayətkar o qədər yoxdur, nəinki milli kimliyi, ana dili uğrunda mübarizə aparanlar var. O kəslərin insan haqları uğrunda mübarizəsi İranda cinayət kimi qiymətləndirilir, onlarla cinayətkar kimi davranılır, işgəncə verilir və haqq istəyi cəmiyyətə nahaq istək kimi təqdim edilir».

KONSTİTUSİYA MƏHƏLLƏ DİLLƏRİN ÖYRƏNİLMƏSİNƏ İMKAN VERİR, AMMA…

Türkiyədə yaşayan İran azərbaycanlısı Məhsa Mehdili Bərzin deyir ki, ana dili İran hakimiyyəti üçün siyasi məsələ olduğundan azərbaycanlılar ən çox bu istəyə görə təqib olunurlar. Onun sözlərinə görə, İran Konstitusiyasında məhəllə dillərinin öyrənilməsi hüququ tanınır, ancaq icra olunmur:

«Bunu istəyən fəallarımıza qarşı çox sərt tədbir görürlər. Uşaqlara Azərbaycan türkcəsində ad seçilməsinə, dükan-mağazaya, şirkətlərə ad verilməsinə maneə yaradılır. Hətta uşaq bağçalarında, orta məktəblərdə bu dilin təbliğinə imkan verilmir. Bir evdə 5-10 uşağa ana dili öyrətmək istəsən, səni cəzalandırarlar».

«ANA DİLİNDƏ 7 KİTABIM VAR»

İranda yaşayan aşıq Selcuq Şahbazi isə ana dilində aşıq mahnıları oxuduğu üçün təqib olunmadığını söyləyir: «İranda heç bir millətin ana dilində təhsili olmayıb. Mən İranda yaşayıram və ana dilim türk dilidir. İranda türk dilində təhsil nə olub, nə də var. Fars dilində təhsil də aldım, özüm ana dilində yazmışam, oxumuşam və ana dilimdə 7 kitabım var».

Ana dilinin qorunması üçün fəallıq göstərdiyini deyən aşıq Selcuq əlavə edir ki, hətta ana dilində «Aşıq ədəbiyyatı» adlı kitabını çap etdirib:

«Hətta 7 aşıq havası da yaratmışam. Hal- hazırda İran və Azərbaycan aşıqlarının bir çoxu o havaları ifa edirlər».

XS
SM
MD
LG