Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:40

İranın təlimləri Azərbaycanda belə yozulur...


İran ordusu hərbi dəniz təlimlərində.
İran ordusu hərbi dəniz təlimlərində.

İran Azərbaycanla qonşu şimal ərazisində hərbi təlim keçirib. Bu haqda "Mehr" xəbər agentliyi avqustun 13-də məlumat yayıb. Agentlik yerli rəsmiyə istinadla bildirib ki, məqsəd ordunun donanma qüvvələrinin müdafiə hazırlığını gücləndirməkdir. "Reuters" isə təlimlərin Xəzər dənizi sahilindəki Gilan vilayətində keçirildiyini yazır.

Bu təlimlər Tehranın İsrailə qarşı cavab tədbiri görmək vədləri fonunda baş verir. Üstəlik, bu, son üç-dörd gündə İranın ikinci hərbi təlimidir.

Bu il iyulun 31-də ABŞ və Avropa İttifaqının terrorçu saydığı HƏMAS radikal qruplaşmasının lideri İsmayıl Haniyə Tehranda öldürülüb. İran və HƏMAS İsraili ittiham etsə də, Təl-Əviv birbaşa məsuliyyəti üzərinə götürməyib.

Bundan əvvəlki illərdə İranin Azərbaycanla sərhəddə keçirdiyi təlimlər Bakıda həm prezident, həm də Milli Məclisin bəzi üzvləri səviyyəsində tənqidlə qarşılanmışdı. Hətta bunu Azərbaycana təhdid kimi qarşılamışdılar. Əvəzində Azərbaycan da Türkiyə ilə birgə ölkənin cənubunda, İranla sərhəddə təlim keçirmişdi.

"Bəs indi bu hərbi təlimlər qonşu-rəsmi Bakı ilə razılaşdırılıbmı, razılaşdırılmayıbsa, onda təhdid varmı" sualına Azərbaycan Xarici İşlər Nazirliyindən şərh verilməyib. Nazirlikdən bildiriblər ki, açıqlama olsa, yayacaqlar.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Xoş olmayan jestdir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna deyib ki, HƏMAS-ın lideri Tehranda öldürüləndən sonra İranda mühafizəkar çağırışlar yenə artıb: "Yeni prezident Məsud Pezeşkian da onların çağırışlarına razılaşmaq məcburiyyətindədir. Hətta deyib ki, əgər İran İsraili birbaşa vura bilmirsə, onun bölgədəki tərəfdaşlarının mərkəzlərinə zərbələr endirsin".

E.Şahinoğlunun qənaətinə görə, Azərbaycan sərhədinə yaxınlıqda hərbi təlimlərin keçirilməsi xoş olmayan jestdir: "Azərbaycan torpaqları işğalda olanda İran heç zaman hərbi təlimlər keçirməzdi (Azərbaycan sərhədində nəzərdə tutulur-red.). 2020-ci ildən sonra İran sərhədlərimizə yaxın ərazilərdə bir neçə hərbi təlim keçirib. İndi də Azərbaycanı qorxutmağa, "gözdağı" verməyə çalışırlar".

Politoloq deyir ki, Rusiya və İran kimi dövlətlərlə münasibətlərdə boşluq buraxmaq olmaz: "Əks təqdirdə, bizim susmağımızı zəiflik kimi qiymətləndirib daha çox üstümüzə gələrlər. Ona görə Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin adekvat bəyanatları olmalıdır. İkincisi, heç kim Azərbaycana sərhədlərində hərbi təlimlər keçirməyə qadağan edə bilməz. Hətta Türkiyə ilə bir yerdə hərbi təlim keçirə bilərik".

E.Şahinoğlu Yaxın Şərq hadisələri və Rusiya-Ukrayna savaşının təsirsiz ötüşmədiyini əsas gətirərək Azərbaycan-Türkiyə hərbi ittifaqına ehtiyac yarandığını vurğulayıb.

Əhməd Əlili
Əhməd Əlili

"Bu təlim də Azərbaycana işarədir"

Siyasi şərhçi Əhməd Əlili isə hesab edir ki, hazırda İran üçün ən həssas dövrdür. Onun fikrincə, Tehran İsmayıl Haniyəyə olan qəsdi öz dövlətinə qarşı qəsd kimi qiymətləndirir və bunun da cavabını vermək niyyətindədir: "Həm də İran bu və ya digər formada mövqe ortaya qoyacaq... İndiki dövr informasiya, piar işləri baxımından aralıq nöqtədir. Ona görə də İran maksimal dərəcədə çalışır ki, piar effektindən istifadə etsin, hücuma hazırlaşdığını, İsraili daim necə gərginlikdə saxladığını göstərsin. Məsələ ondadır ki, hücum o qədər də effekt verməsə də, onu gözlətmək İran üçün çox vacib məqamlardan biridir".

Onun fikrincə, İran indiki məqamda İsrailə və qonşulara da əsəbi olduğunu göstərmək istəyir: "Amma hərbi təlimlərin Azərbaycanla sərhəddə keçirməsini bizə qarşı mesaj kimi qiymətləndirə bilərik. Çox qəribədir ki, İranın daxilində nə olursa-olsun ilkin şəkildə hücumun şimaldan gəldiyini deyirlər. "Şimal" deyəndə Ermənistan, Azərbaycan və Türkmənistan ola bilər. Lakin belə olan halda Azərbaycan nəzərdə tutulur. Ona görə hərbi təlimlər İranın standart addımlarından biridir. Məncə, bu təlim də Azərbaycana işarədir".

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Lap 10 dəfə keçirsin, heç bir təsiri yoxdur"

Politoloq Zərdüşt Əlizadə bir qədər fərqli düşünür. O, İranın hərbi təlimlərinin Azərbaycana hər hansı təhdid yaratmadığı qənaətindədir: "İran öz ərazisində təlim keçirir, bunu Azərbaycana heç bir təsiri yoxdur. Lap 10 dəfə keçirsin, heç bir təsiri yoxdur. Bizimlə sərhəddə keçirdir, nə olsun. Biz də İranla sərhəddə hərbi təlimlər keçirdə bilərik. Unutmayın ki, bugünlərdə İranla Azərbaycan birgə hərbi təlimlər keçirib, ona görə narahatlığa əsas yoxdur".

İsrail hazırda Qəzza zolağında HƏMAS ekstremistləri ilə müharibə aparır. HƏMAS ötən ilin oktyabrında İsrailə hücum edərək min 200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzada əməliyyatlara başlayıb.

XS
SM
MD
LG