Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:35

İranda yeniyetmə qızın dəfnində həbslər və etirazlar olub


Armita Gəravəndin dəfni
Armita Gəravəndin dəfni

İranın bir neçə şəhərlərində hakimiyyətin xəbərdarlığına baxmayaraq Armita Gəravəndin ölümünə görə etirazlar davam edib.

Yeniyetmə qız iddialara görə Tehran metrosunda əxlaq polisi ilə qarşıdurmada xəsarət aldıqdan sonra vəfat edib. Onun hicab qaydasını pozduğu deyilirdi.

Oktyabrın 29-da tələbə qızın dəfnindən saatlar sonra bir neçə vətəndaş cəmiyyəti fəalı zorakılıqla həbs edilib.

Tehran, Kərəc, Məşhəd, Sari və Şiraz şəhərlərində keçirilən etirazlar zamanı antihökumət şüarlar səsləndirilib, divarlara Armitanın xatirəsinə qraffitilər çəkilib.

Şüarlar

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin polisdə ölümünə görə başlanmış etirazların paytaxt Tehranda episentri olan Ekbatan məhəlləsində adamlar pəncərələrdən və evlərin damlarından “Qatil Xameneyiyə ölüm!” və “Diktatora ölüm!” şüarları səsləndiriblər.

Tehranın Əmirabad, Tehranpars və Zəfər məhəllələrində də etiraz aksiyaları keçirilib.

Aksiyaçılar habelə Gəravəndin ölümü ilə bağlı hökumət versiyasını pisləyən şüarlar səsləndiriblər.

Etiraz plakatlarından birində “Onlar Armitanı hicaba görə öldürüblər!” yazılmışdı.

Videolarda ölkənin şimalındakı Gilan ostanında, Bəndər Ənzəli limanında adamların divarlara “Armita Gəravənd” və “Qadın, Həyat, Azadlıq” yazdıqları görünür.

Bu arada bilavasitə qızın dəfni zamanı təhlükəsizlik qüvvələrinin zorakılığa əl atdığı məlum olub.

Dəfndə həbslər

Vətəndaş fəalı və insan haqları müdafiəçisi Nəsrin Sotudenin əri Rza Xəndan həyat yoldaşının dəfn mərasimində həbs olunduğunu bildirib. O əlavə edib ki, xəfiyyələr həbs zamanı arvadını qəddarlıqla döyüblər.

Xəndanın dediyinə görə Armitanın dəfnində həbs olunanların əksəriyyəti Vüzəra təcridxanasında saxlanır. Bir il əvvəl Məhsa Əmini məhz bu tıəcridxanaya gətirilmişdi.

İslam İnqilab Keşikçiləri Korpusuna yaxın Fars agentliyi Sotudenin həbs olunduğunu təsdiq edib və bildirib ki, o “dəfn zamanı hicabını açdığına və cəmiyyətin psixi təhlükəsizliyinə hədə yaratdığına” görə həbs edilib.

İran Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası dəfn zamanı şura üzvlərindən Məsud Zeynalzadənin həbs olunduğunu xəbər verib. Təşkilat müəllim hüquqları müdafiəçisi Məhəmməd Gəravəndin də həbs olunduğunu bildirib.

2022-ci ilin yanvarında İranın vurduğu Ukrayna sərnişin təyyarəsində ailəsinin dörd üzvünü itirən Mənzər Zərabinin oğlu Əlborz Sadeqi deyib ki, anası Gəravəndin dəfnində polis tərəfindən qəddarlıqla döyülərək həbs edilib.

Hadisə

İnsan haqları fəalları və jurnalistlər deyirlər ki, Armita Gəravənd və onun iki rəfiqəsi oktyabrın 1-də Tehran metro stansiyasının girişində hicabsız olduqlarına görə əxlaq polisi tərəfindən saxlanıblar.

Rəfiqələrindən biri Gəravəndin polis zorakılığına məruz qaldığını bildirib.

Bundan sonra metro vaqonunun içərisində Gəravənd huşunu itirərək yıxılıb. Hakimiyyət rəsmiləri onun qan təzyiqinin qəfil düşdüyünü və bu səbəbdən yıxılaraq başını zədələdiyini iddia edirlər.

Fəcr xəstəxanasında AzadlıqRadiosuna adının çəkilməməsi şərtilə danışan mənbə bildirib ki, Gəravənd daxili beyin qansızmasından vəfat edib.

Armita Gəravənd komaya düşəndən bəri İran rəsmiləri 16 yaşlı tələbə qızın yaxın ətrafına təzyiq göstərərək onlara hadisə barədə danışmamaq xəbərdarlığı etmişdilər.

Hakimiyyət Məhsa Əmininin ölümündən sonra bir il ərzində nisbətən səngimiş etirazların yenidən alovlana biləcəyindən narahatdır.

XS
SM
MD
LG