Ailəsinin BBC-yə verdiyi məlumata görə İranda 2010-cu ildən bəri həbsxanada olan nüvə alimi Şahram Amiri edam edilib.
Alimin anası bildirib ki, oğlunun meyiti doğulduğu şəhərə qaytarlıb. Mərhumun boğazında kəndir izinin olduğu məlum olub. Onun asılaraq edam edildiyi düşünülür. Amiri elə həmin gün dəfn edilib.
Şahram Amiri Birləşmiş Ştatlardan qayıtdıqdan sonra İranda gizli bir məkanda saxlanırdı. O ABŞ-da olarkən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən oğurlandığını demişdi.
Bəzi məlumatlara görə Amiri İranın nüvə proqramının ən məxfi sirləri barədə biliyə malik olub.
Qəhrəman kimi qarşılanmışdı
1977-ci il təvəllüdlü Amiri 2009-cu ildə Məkkə ziyarətinə gedərkən yoxa çıxmışdı.
Onun sorağı bir il sonra Birləşmiş Ştatlardan gəlmişdi. O oğurlandığını və MKİ-nin ondan “intensiv psixoloji təzyiq altında həssas informasiya almaq istədiyini” söyləmişdi.
Ehtimalən ABŞ çəkilmiş videoda Amiri deyirdi: “Onlar məni tanımadığım yerdəki bir evə gətirmişdilər. Onlar mənə yuxu iynəsi vurmuşdular”.
Daha bir videoda o artıq ABŞ-da həbsdən qaçdığını xəbər verirdi.
Amiri nəhayət 2010-cu ildə Tehrana qayıtmış və qəhrəman kimi qarşılanmışdı.
O vaxt ABŞ rəsmiləri BBC-yə cənab Amirinin öz xoşu ilə qaçaq düşdüyünü və Birləşmiş Ştatlara “qiymətli informasiya” verdiyini demişdilər.
Daha sonra alınan xəbərlərdə deyilirdi ki, Amiri Tehrana qaytıdıqdan sonra uzunmüddətli həbsxana cəzasına məhkum edilib.