Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 23:06

Murtaza Muradpur: 'Son etirazların İran hakimiyyətini islahata vadar edəcək gücdə olduğunu düşünmürəm'


Murtaza Muradpur
Murtaza Muradpur

«İranın ayrı-ayrı bölgələrində yaşayan etniklərin gözüylə baxsaq, onlar İrana gələn hər cür dəstəyi xoş qarşılaya bilərlər. Məsələn, internet azadlığı tələbini və ya ABŞ-ın bu məsələni Təhlükəsizlik Şurasına çıxarmasını, ya da başqa addımları xoş qarşılaya bilərlər. Bunlar milləti ruhlandıra, sevindirə bilər. Amma ayrı cür dəstək milləti sevindirməz, bəlkə də qarşıdurmaya yönəldə bilər».

İranda yaşayan azərbaycanlı siyasi fəal Murtaza Muradpur AzadlıqRadiosuna müsahibəsində belə deyir. Onunla söhbəti təqdim edirik.

- Murtaza bəy, İranda baş verən son etirazlardan, 22 nəfərin ölümündən sonra hökumət islahatlara gedə bilərmi? Və bir də, hadisələrin səngidiyini düşünmək olarmı, ya yenidən alovlanmaq potensialı qalır?

- Məncə, İran dövləti bu çıxışlardan çox da etkilənməyib. Bəlkə də 2006-cı ildə olan etirazlar daha çox təsirli idi. Azərbaycanda 2006-cı il təzahuratı indiki sərasəri təzahuratdan güclü idi. İndiki etirazlarla hakimiyyət artıq qarşılaşıb. Ona görə də, son etirazların hakimiyyəti islahata vadar edəcək gücdə olduğunu düşünmürəm. O ki qaldı aksiyaların davam edib-etməməsinə, məncə, etirazlar sönməyə doğru gedir. Amma ola bilər, sonradan millət yenidən meydana çıxıb sözünü desin, şəhərlərdə aksiyalar davam edə bilər. İndiki halda sistematik olaraq etiraz hərəkatı sönüb.

- Hakimiyyətdəki islahatçı qanad islahatların aparılması yönündə müəyyən təsir göstərə bilərmi?

- Ola bilər, millətin son etirazlarından sonra hakimiyyət məcbur qalıb bir sıra addımlar atsın, bir sıra fikirləri qəbul etsin. Ancaq hakimiyyətin dönüş yaradacaq, millətin, məmləkətin durumuna, məişətinə təsir göstərəcək addımlar atacağını gözləmirəm. Ciddi nəticə o zaman olardı ki, etirazlar ölkənin tək mərkəzi şəhərlərində, mərkəzə yaxın yerlərində yox, hər yerində keçirilərdi. Görünən budur ki, hadisələr sönməyə doğru gedir. Bu durumda hakimiyyət çox da bac verəcək durumda deyil.

- Bu hadisələr zamanı 2 minədək insanın həbs edildiyi deyilir. Sizcə, onları hansı aqibət gözləyir? İran parlamentində bəzi deputatlar tutulanların sərbəst buraxılmasını istəyirlər. Bu tələb nəzərə alına bilərmi?

- Bizim Azərbaycanda (İran Azərbaycanını nəzərdə tutur – A.R.) gördüyümüz, yaşadığımız təcrübə deməyə əsas verir ki, hakimiyyət, adətən, etirazlardan sonra heç vaxt çox da yumşaq davranmayıb. Haqq-hüquqlarımızı rəsmən tanımaq istiqamətində addımlar atmayıb. Bəlkə də əksinə, etirazları kəskin şəkildə susdurmağa çalışıb, narazı səslərin, aydınların qol-qanad açmasına imkan verməyib, onların təsirini yox etməyə çalışıb. İndi də ola bilsin, hakimiyyət dışarıya, xarici ölkələrə özünü xoş göstərməkdən ötrü bir sıra yumşaq addımlar atsın, tutulanlarla bağlı ağır hökmlər verməsin. Məqsəd də xaricdən gələcək basqıları önləməkdir. Ancaq bu qədər ola bilər. Hakimiyyət millətin etirazlarını xoş qarşılamayacaq. Tutulanlar çox böyük ehtimalla cəzalandırılacaq. Sözsüz, bu ölümlərə, tutulanlara görə xaricdən İrana basqılar olacaq. Bunun altından çıxmaq üçün bəzi işlər görülə bilər, amma təsirli işlər olmayacaq.

İranda etirazlarda ölənlərin sayı 10-a çatdı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

- Xarici basqılardan söz düşmüşkən, İsraildən, Qərbdən, ABŞ-dan İrandaki etirazlara dəstək gəldi. Ölkənin içində belə bir dəstək xalqı ruhlandırır, ya qorxudur? Ümumiyyətlə, bu haqda nə düşünürlər?

- Mən bir onu deyə bilərəm ki, bizim Azərbaycanda çox böyük gərginlik yaşanmadı, mərkəzdəki qədər güclü etirazlar olmadı. Ancaq «Traktor» futbol klubunun oyunu zamanı stadionda milli hərəkat tərəfindən milli şüarlar səsləndirildi. Məqsəd milli hərəkatın bu etirazlardan, cərəyanlardan uzaq olduğunu göstərmək idi. Amma İranın ayrı-ayrı bölgələrində yaşayan etniklərin gözüylə baxsaq, onlar İrana gələn hər cür dəstəyi xoş qarşılaya bilərlər. Məsələn, internet azadlığı tələbini və ya ABŞ-ın bu məsələni Təhlükəsizlik Şurasına çıxarmasını, ya da başqa addımları xoş qarşılaya bilərlər. Bunlar milləti ruhlandıra, sevindirə bilər. Amma ayrı cür dəstək milləti sevindirməz, bəlkə də qarşıdurmaya yönəldə bilər.

- Az öncə dediniz ki, milli hərəkat «Traktor»un oyunu zamanı bəzi şüarlar səsləndirdi. Söhbət hansı şüarlardan gedirdi? Bir də, niyə İran türkləri bu etirazlarda kənar durmağa çalışdılar?

- İcazənizlə bir az əvvələ getmək istərdim. 2006-cı ildə milli hərəkat «İran» qəzetinin türkləri təhqir etməsini səbəb gətirərək Azərbaycanın bütün şəhərlərində mədəni etirazlar keçirdi, geniş, böyük aksiyalar oldu. O zaman Azərbaycan özünün müstəqil düşüncəsi olduğunu, milli hərəkatın gücünü dünyaya göstərmiş oldu. İranın müxalif qüvvələri bizim bu aksiyalara xoş yanaşmadılar desək, yalan olmaz, onlar sadəcə susdular, qıraqdan durub baxdılar, bununla da milli hərəkat fəallarının tutulmasında hakimiyyətin yanında durdular. Bu yanaşma azərbaycanlılara göstərdi ki, İrandakı siyasi müxalif qüvvələr də Azərbaycan mövzusunda hakimiyyətlə eyni cür düşünür, Azərbaycanın milli haqlarına xoş baxmırlar. Bundan dolayı 2009-cu ildə İranda islahatçılar ayağa qalxanda türklər də onlar kimi durub qıraqdan baxdı, onlara dəstək vermədi. Bu, dünyaya işarə verdi ki, biz milli hərəkat olaraq müstəqil hərəkatıq, Azərbaycanda başqa cinahlara yer yoxdur. Sonralar Urmiya gölü quruyanda da ekoloji kirlənməyə etiraz olaraq etirazlar keçirildi, onda da müxalifət sakitcə baxmağa üstünlük verdi. Nə vaxta qədər ki, İrandakı siyasi müxalifət Azərbaycanın milli hərəkatını tanımayacaq, biz də onlara dəstək verməyəcəyik. Son etirazlar zamanı da məhz buna görə onlara dəstək verilmədi. Bir neçə gün qabaq milli hərəkat bu olaylara görə «Traktor»- «İstiqlal» oyununa çağırış etdi və orada şüarlar səsləndi.

Keçmiş İran şahının oğlu: "Nə qədər dözmək olar?"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

- Məsələn?

- «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!». Rəhmətlik Elçibəyin şüarıdır. Və ya «Təbriz-Bakı-Ankara!». Yəni, bu şüarlar milli hərəkatın baxışını ortaya qoydu. Müxaliflər də bunu görürdü, ona görə də bu şüarlar onların nəzarət etdiyi KİV-lərdə yayımlanmadı, saxta şüarlar ortaya qoydular, başqa zamanların etirazlarından şəkilləri yaydılar, hətta Təbrizdə, Urmiyada, başqa şəhərlərdə başqa zamanlarda keçirilən aksiyalardan saxta kliplər düzəltdilər, bunu indi olurmuş kimi göstərdilər. Məsələn, bir klipdə Təbrizdə «Şərəfli millət istər!» şüarının səsləndirildiyini göstərirlər. Bu şüar «Traktor»a aiddir. O şüar belədir: ««Traktor»u el istər, şərəfli millət istər!». Bunun birinci hissəsini çıxarıb, ikinci hissəsini saxlayıblar. Bunlar bunu etməklə azərbaycanlıları, onların qeyrət damarını təhrik etməyə çalışırlar. Bu da çirkin, əxlaqsız işlərdir. Azərbaycanlılar etirazlara qatılmadılar, yalnız milli hərəkatın tələbləri, istəkləri nəzərə alınarsa, keçmişdə olduğu kimi, etirazlara qoşula bilərik.

XS
SM
MD
LG