İran neft sənayesinin müqaviləli işçiləri hökuməti ümumi tətil edəcəkləri ilə hədələyərək etirazçılara qarşı hücumları dayandırmağı tələb ediblər.
Neft Sənayesi İşçilərinin Şurası bu barədə bəyanat verib:
"Biz xalqın qadınlara qarşı mütəşəkkil və gündəlik zorakılığa, yoxsulluğa və cəmiyyəti bürümüş cəhənnəmə qarşı mübarizəsini dəstəkləyirik”.
İranda 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölümü ilə bağlı etirazlar sentyabrın 13-də başlayıb və indiyədək ölkənin 80-dən çox şəhərini bürüyüb.
İranda son aylarda həyat səviyyəsinin Qərb sanksiyalarına görə düşməsi ilə bağlı işçi etirazları çoxalıb.
İran etirazçıların qarşısını ‘var gücüylə’ alacağını deyir
İran polisi sentyabrın 28-də xəbərdarlıq edib ki, iki həftədir gedən, qadınların başçılıq etdiyi etirazların qarşısını “var gücüylə” alacaq. Etirazlar hicab qaydasını pozduğuna görə saxlandığı deyilən Məhsa Əmininin polisdə ölümündən sonra başlanıb.
Bu arada BMT Tehranı etirazçılara qarşı “gərəksiz və qeyri-adekvat güc”dən istifadə etməməyə çağırıb.
Ölü sayı, həbslər
Rəsmilər etirazlarda 60, İran İnsan Haqları qrupu isə 76 nəfərin öldürüldüyünü bildirir.
Sentyabrın 26-da yayılmış rəsmi məlumatda 1200-dən çox adamın, o cümlədən fəalların, vəkil və jurnalistlərin həbs olunduğu qeyd edilib.
Dünən – sentyabrın 27-də etirazlar 12-ci gecəyə keçib. Bunu İrandan kənarda yerləşən müxalifət mediası bildirir. Ölkədə internetə məhdudiyyətlər etirazların dağıdılması təsvirlərinin yayılmasını önləyib.
Əmininin ölümünə etiraz edən qadınlar baş örtüklərini yandırıb, simvolik olaraq saçlarını kəsiblər. Nyu Yorkdan İstanbula qədər həmrəylik yürüşləri keçirilib.
Polis baş idarəsinin məlumatında deyilir ki, İslam respublikasının “düşmənləri və bəzi qiyamçılar asayişi, təhlükəsizliyi, millətin rahatlığını istənilən bəhanəylə pozmağa çalışırlar”. Polis əməkdaşları “əksinqilabçılar və düşmən elementlərin əlbirliyinin qarşısını var güclərilə alacaq”, – bəyanatda vurğulanır.
Çağırışlar
Bu bəyanatdan bir neçə saat öncə isə BMT-nin Baş katibi Antonio Quterreş İran Prezidenti İbrahim Rəisini etirazçılara qarşı “qeyri-adekvat güc”dən istifadə etməməyə çağırıb.
Ötən həftə BMT Baş Assambleyasında Rəisi ilə görüş zamanı Quterreş “insan haqları, o cümlədən ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına sayğının vacibliyini vurğulayıb”, – sözçü Stefan Dujariç deyib.
İranın sonuncu şahının oğlu isə etirazları qadınların inqilabı adlandıraraq dünyanı klerik rejimə təzyiqi artırmağa çağırıb.
Atası 1979-cu ilin İslam inqilabı nəticəsində devrilmiş Rza Pəhləvi gələcək dünyəvi və demokratik İran sisteminə daha böyük hazırlıq görməyə çağırıb.
“Elə bir həddə çatıb ki, ispanlar demiş, basta – yetər”, – ABŞ-da yaşayan Pəhləvi “AFP”yə deyib.
Rəfsəncaninin qızı həbs olunub
Sentyabrın 27-də İranın keçmiş prezidenti Əkbər Haşımi Rəfsəncaninin qızı “qiyamçıları qızışdırmağa” görə həbs olunub.
ABŞ Dövlət katibi Entoni Blinken İranı “fundamental azadlıqdan istifadə edən qadınlara qarşı zorakılığa son qoymağa çağırıb”.
Sentyabrın 28-də İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iraqın şimalında İran-kürd müxalifət qrupunun bazalarını hədəfə alıb. Məlumatı kürd rəsmiləri yayıb.
İranlı silahlı kürd dissidentlərini ölkədə davam edən iğtişaşlarda əli olmaqda suçlayır. İrandakı 10 milyonadək kürdün çoxu ölkənin şimal-qərbində yaşayır.