Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:56

İranda etirazları dəstəkləyən tanınmışları ölkədən buraxmırlar


Əli Daei
Əli Daei

Etirazlarda azı 185 nəfər öldürülüb, minlərlə saxlanan var


İranda bir neçə tanınmış şəxs, o cümlədən futbol ulduzu Əli Daei hökumətə qarşı etirazları dəstəklədikləri üçün dövlət qurumları tərəfindən sorğu-sual edilib və pasportları müsadirə olunub.

Hertha Berlin də həmrəylik bildirib

Almaniya Bundesliqasının keçmiş ulduzu Daei ötən ay hökuməti "repressiya, zorakılıq və həbslərə əl atmaqdansa İran xalqının problemlərini həll etməyə” çağırmışdı. Qardaşı onun pasportunun məhz bu səbəbdən əlindən alındığını deyir. "Əliyə qarşı davranışları utancvericidir”, – o deyir.

Daei “Bayern Munich” və “Hertha Berlin” kimi tanınmış klublarda oynayıb. O həmçinin İran milli komandasının tərkibində 149 oyuna çıxıb.

“Hertha Berlin” oktyabrın 9-da öz keçmiş ulduzunu dəstəkləmək üçün bəyanat yayıb. "Biz İrandakı hazırkı durumla bağlı narahatlıq duyuruq. Keçmiş oyunçumuz Əli Daei qadın haqlarını dəstəklədiyi üçün artıq onun ölkədən çıxmasına icazə verilmir. Öz haqları üçün bu qədər cəsarətlə döyüşən İran qadınları ilə həmrəyik”, – deyə komanda öz tvitində yazıb.

10 saat dindirilən aktyor

Tanınmış iranlı aktyor Həmid Fərroxnejad oktyabrın 9-u özünün “Instagram” səhifəsində paylaşdığı storidə xalq etirazlarını dəstəklədiyi üçün saatlarla sorğu-sual edildiyini və təhlükəsizlik əməkdaşlarının təzyiqinə məruz qaldığını deyib.

"İki dəfə çağrılıb 10 saat sorğu-sual edilmişəm və ölkədən çıxışıma qadağa qoyulub”, – Fərroxnejad deyib.

Yarırəsmi “Ilna” xəbər agentliyi bildirib ki, oktyabrın 8-də tanınmış müğənni Homayun Şəcərian və aktrisa Səhər Dolatşahinin də pasportları müsadirə edilib. Onlar Avstraliyadakı konsert turundan yenicə qayıtmışdılar.

İranda etirazlar artıq dördüncü həftədir davam edir. Məhsa Əmini adlı qadının guya hicabı boş bağladığı üçün əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı ölkə boyunca nümayişlərə səbəb olub. Azı 185 nəfər öldürülüb, minlərlə saxlanan var.

XS
SM
MD
LG