Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:19

Pompeo iranlılardan foto, video istəyir


İran, 20 noyabr, 2019-cu il
İran, 20 noyabr, 2019-cu il

ABŞ-ın Dövlət katibi Mike Pompeo iranlı etirazçıları hökumətin “divantutma”sını sənədləşdirən video və başqa informasiya göndərməyə çağırıb, Vaşinqtonun “pozuntulara” görə sanksiyalar tətbiq edəcəyini söyləyib.

“İranlı etirazçılardan rejimin onlara divantutmasını sənədləşdirən video, foto, informasiya göndərməsini istəmişəm. ABŞ pozuntuları aşkarlayaraq sanksiya tətbiq edəcək”, – Pompeo noyabrın 21-də tvitində yazıb.

Tvit həm ingilis, həm farsca dərc olunub.

Ötən həftə İran hökumətinin benzin satışına kvota qoyaraq onu bahalandırmaq qərarı etirazlara səbəb olub. Rejimin etirazçılara divan tutması beynəlxalq səviyyədə qınanıb.

İranda internet xidməti məhdudlaşdırılıb deyə, Pompeonun etirazçılardan informasiyanı hansı formada gözlədiyi bəlli deyil.

Avropa Birliyi daha öncə deyib ki, İran hakimiyyətinin kommunikasiyanı bərpa edəcəyini, etirazların yatırdılmasında “maksimum təmkin” göstərəcəyini gözləyir. Birlik ifadə və toplaşma azadlıqlarının “təmin olunmasının” vacibliyini vurğulayıb.

Etirazçılar “dinc nümayiş edə” bilməlidirlər, sözçü Maja Kocijancic deyib və “hər hansı zorakılığı qəbuledilməz” adlandırıb.

***

Trump Tehranı ölümləri gizlətmək üçün interneti bağlamaqda ittiham edib

ABŞ prezidenti Donald Trump Tehranı İranda ötən həftə ərzində etirazlar zamanı onlarca insanın öldürülməsi xəbərlərini gizlətmək məqsədilə interneti bağlamaqda ittiham edib.

Trump noyabrın 21-də Twitter-də yazıb:

"İran o qədər sabitsizləşib ki, rejim bütöv internet sistemini söndürüb. Düşünüb ki, dünya rejimin törətdiyi ölüm və faciələrdən xəbər tutmayacaq!”

İran internetin bərpasına başladığını deyir

İrandan alınan xəbərlərdə deyilir ki, hakimiyyət orqanları Tehranda və bir neçə vilayətdə internetə girişin bərpasına başlayıb.

Bu arada İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) son günlərdə bir çox şəhərləri bürümüş etirazların dayandığını bildirib.

Noyabrın 21-də yaydığı bəyanatda İİKK silahlı qüvvələri “iğtişaşçılara” qarşı “vaxtında” tədbir gördüyünə görə təqdir edir və bildirir ki, “iğtişaş liderlərinin həbsi sakitlik yaranmasında əhəmiyyətli rol oynayıb”.

Ölkə boyunca “internetin tədricən bərpa olunduğunu” yarırəsmi Fars xəbər agentliyi də bildirir.

İran hökuməti noyabrın 16-da ölkədə internetə girişi demək olar, tam bağlamışdı. Bundan məqsəd etirazlardan foto və videoların xarici aləmə çıxmasının qarşısını almaq idi.

Dünya boyunca internetə girişi monitoriq edən NetBlocks “girişin azacıq bərpa olunduğunu” bildirir.

Sayt bildirir ki, İranda internetə giriş ölkə normasının 10 faizi qədərində bərpa olunub. İki gün əvvəl bu rəqəm 4 faiz idi.

İran hazırda getdikcə artan beynəlxalq hiddət və tənqidlərlə üzləşir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bəzi məlumatlara əsasən “etirazlar zamanı onlarca insanın ölə biləcəyindən” narahatlığını ifadə etmişdi.

Amnesty International insan haqları təşkilatı ən azı 106 etirazçının öldüyünə inandığını bildirirdi.

İran rəsmiləri təhlükəsizlik əməkdaşları da daxil bir neçə nəfərin öldüyünü etiraf etmişdi, lakin Amnesty bu məlumatın “etibarsız” olduğunu deyir.

Tehran nümayişçiləri “xuliqan” adlandırır, etirazların isə İranın xarici düşmənlərinin qəsdi olduğunu iddia edir.

İran hakimiyyəti interneti bərpa etməyə başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Etirazlar zamanı çox sayda yanacaqdoldurma məntəqəsinin, bank, mağaza və başqa ictimai binanın dağıdıldığı xəbər verilir.

Fars agentliyinin məlumatına görə internetin bərpası Hörmüzqan, Kirmanşah, Arak, Məşhəd, Qum, Təbriz, Həmədan və Buşəhrdə həyata keçirilir.

Avropa İttifaqı İran hakimiyyət orqanlarını kommunikasiyaları bərpa etməyə və etirazçılara qarşı təmkin göstərməyə, ifadə və toplaşma azadlıqlarının təmin olunmasına çağırıb.

Aİ etirazçıları da nümayişləri dinc şəkildə keçirməyə və zorakılığa əl atmamağa çağırıb.

XS
SM
MD
LG