Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 12:19

İranın iqlim üzündən köç problemi 'fəlakət'ə çevrilə bilər


İranın Sistan-Bəlucistan əyalətindəki Hamun gölü: bataqlıqlar minlərlə insanın qida və dolanışıq mənbəyi idi.
İranın Sistan-Bəlucistan əyalətindəki Hamun gölü: bataqlıqlar minlərlə insanın qida və dolanışıq mənbəyi idi.

Ekspertlərin fikrincə, rekord həddə çatan temperatur, sürəkli quraqlıq, çay və göllərin quruması üzündən hər il on minlərlə iranlı yerini-yurdunu tərk etməli olur.

AzadlıqRadiosunun müxbirləri Gülnaz İsfəndiyari və Məhəmməd Zərğaminin müəllifi olduqları yazıda deyilir ki, iqlim miqrantlarının çoxu ailələri ilə birgə alternativ qazanc qaynağı sorağıyla kənd yerlərindən iri şəhərlərə köçür. Onlar fermer, fəhlə və balıqçılardır. İran rəsmiləri get-gedə dərinləşən su qıtlığı və səhralaşma problemlərini iqlim dəyişikliyinə bağlasalar da, ekspertlər deyirlər ki, hökumətin yol verdiyi səhvlər və əhalinin sürətli artımı böhranı daha da ağırlaşdırıb. Ölkədəki iqlim miqrantlarının dəqiq sayı bilinməsə də, İran mediasının hesablamalarına görə, ötən il 42 minədək insan iqlim dəyişikliyinin nəticələrinə, o cümlədən quraqlıq, qum və toz fırtınalarına, sel və təbii fəlakətlərə görə köçmək məcburiyyətində qalıb. Daha bir il öncə (2021-ci ildə) bu göstəricinin 41 min olduğu söylənir. Müşahidəçilər gerçək rəqəmin bundan xeyli yüksək olduğunu deyirlər.

"İran qupqurudur, yağıntı da azdır"

Ekspertlərin fikrincə, torpaqların əksər hissəsinin quraq və yarıquraq olduğu İranda hər il get-gedə daha çox ərazi yaşamaq üçün yararsız hala düşəcək və nəticədə kənd ərazilərini tərk edənləri sayı daha da artacaq. "İran qupqurudur, yağıntı da azdır. Ölkənin xeyli bölümü də səhralıqdır. Nəticədə iqlimdə baş verən ən kiçik dəyişiklik əhaliyə təsir göstərir", - Tehranda yaşayan ekoloq Məhəmmədrza Fatemi AzadlıqRadiosuna belə deyib.

Fatemi İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində bataqlıq və göllərin qurumasını misal göstərib. Hamun bataqlıqları minlərlə insanın qida və dolanışıq mənbəyi idi, ancaq quruyub-kiçildikcə yerli əhali də şəhərlərə köçməli olub.

Təbriz Universitetində çalışan ətraf mühit mütəxəssisi Mehdi Zərğami bu yaxınlarda hesablayıb ki, son bir ildə 10 minədək ailə quraqlıq və qum fırtınaları üzündən Sistan-Bəlucistan əyalətinin iri şəhərlərindən biri olan Zabulu tərk edib və İranın başqa yerlərinə köçüb.

Fateminin hesablamalarına görə, İran daxilində köçün 70 faizə qədəri iqlim dəyişikliyinin fəsadları ilə bağlıdır: "Biz böhran mərhələsinə daxil olmuşuq. Növbəti mərhələ fəlakətdir".

Zabulda toz fırtınası
Zabulda toz fırtınası

Bəzi İran rəsmiləri xəbərdar edib ki, son nəticədə ölkənin bir çox hissəsi yaşamaq üçün yararsız hala düşə və əhalinin İrandan kütləvi köçü başlaya bilər. İyul ayında hökumət bildirib ki, hər il ölkə ərazisinin 1 milyon hektarından çoxu – bu isə təxminən Qum əyalətinin, yaxud Livanın ərazisinə bərabərdir – yaşamaq üçün yararsız hala düşür. 2018-ci ildə ozamankı daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli quraqlıq və su qıtlığının kütləvi miqrasiyaya və son nəticədə fəlakətə yol aça biləcəyini deyib.

İran Yaxın Şərqdə iqlim dəyişikliyinə ən həssas ölkələrdən biridir. Buradakı istiləşmə dünya üzrə qeydə alınan səviyyəni iki dəfə aşır.

"Torpağın aşınması və səhralaşma artacaq"

İranın Meteorologiya Mərkəzindən Əhəd Vəzifeh oktyabr ayında deyib ki, İranda orta temperatur göstəriciləri son 50 ildə 2 dərəcə artıb. Ancaq ekspertlər İranın üzləşdiyi ekoloji böhranın yalnız bir bölümünün iqlim dəyişikliyi ilə bağlı olduğunu deyirlər.

Tehranın su qıtlığını aradan qaldırmağa yönəlmiş səyləri uğursuz olub. Dambaların – torpaqdan sədlərin tikilməsi və çox su işlədən irriqasiya layihələri çay və yeraltı su hövzələrini qurudub. BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Mədani AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə deyib ki, İrandakı "su iflası" hökumətin yanlış idarəçiliyinin və onlarla damba tikməsinin nəticəsidir: "İranın istehlakı onun təbii su ehtiyatlarını aşır. Bu üzdən, hökumət yeraltı su qaynaqlarından yararlanır. Nəticədə bataqlıqlar, çaylar quruyub və bu duruma bir də iqlim dəyişikliyi əlavə olunub".

Mədani daha sonra vurğulayıb: "Temperaturlar artır, daha çox toz var, torpağın eroziyası və səhralaşma artacaq". O, daha öncə İranın Ətraf Mühit Departamenti rəhbərinin müavini çalışıb.

Su ehtiyatlarını hökumətin düzgün idarə etməməsi son illərdə özəlliklə ölkənin quraqlığa məruz qalan ərazilərində qəzəbli etirazlara yol açıb. Su qıtlığı münaqişə də doğurub. Bu ilin mayında İran və Əfqanıstan arasında qanlı sərhəd toqquşmaları baş verib.

2018-ci ilin bu fotosunda bir adam indi İsfahanda qurumuş Zayəndə çayı üzərindəki 400 illik Si-o-se-pol körpüsünün altından velosipedlə keçir.
2018-ci ilin bu fotosunda bir adam indi İsfahanda qurumuş Zayəndə çayı üzərindəki 400 illik Si-o-se-pol körpüsünün altından velosipedlə keçir.

"Tehran sosial problemlər içində boğulur"

Bəzi ekspertlər İranda əhalinin sürətli artımının da ekoloji böhrana öz "töhfə"sini verdiyini deyir. Hərçənd son illərdə artımın sürəti aşağı düşüb. İran əhalisi 1979-cu il İslam İnqilabından sonrakı dövr ərzində iki dəfədən çox artaraq 35 milyondan, demək olar, 88 milyona çatıb. Əhalinin 70 faizə qədəri şəhərlərdə yaşayır.

Ekspertlər deyirlər ki, iqlim miqrasiyası İran şəhərlərində infrastrukturu get-gedə daha çox gücəndirir, yoxsulluğun çoxalması, evsizlik və aşırı məskunlaşma kimi sosial-iqtisadi problemlər törədir.

Tədqiqatçı Məhəmməd Rza Məhbubfər 2021-ci ilin fevralında "Rokna" xəbər saytına müsahibəsində deyib ki, ölkədəki əksər iqlim miqrantlarının üz tutduğu əsas yer Tehrandır: "Rəsmilər Tehran əhalisinin 15 milyon olduğunu desələr də, [gerçək] rəqəm 30 milyona çatıb".

Məhbubfər əlavə edib ki, balanslaşdırılmayan inkişaf nəticəsində "Tehran sosial [problemlər] içində boğulur". Bu axın Tehranın bəzi zəngin sakinlərinin şimal əyalətlərinə, Xəzər dənizi yaxınlığındakı münbit bölgələrə köçməsinə səbəb olub. İranın Torpaq Məsələləri Qurumunun rəhbəri Rza Əflatuni ötən iki ildə 800 minədək adamın Mazandaran əyalətinə köçdüyünü bildirib.

Mazandaranın yerli rəsmiləri isə əyalətin bu qədər iri miqyasda insan axınını yönəltməkdə çətinlik çəkdiyini diqqətə yetiriblər.

XS
SM
MD
LG