Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

İran İraqdakı ‘kürd hədəflərinə’ zərbələr endirib


Süleymaniyyə yaxınlığında zərbə endirilmiş ərazi
Süleymaniyyə yaxınlığında zərbə endirilmiş ərazi

İraq hökuməti sentyabrın 29-da bildirib ki, bu hücumlar nəticəsində 13 nəfər ölüb, daha 58 nəfər yaralanıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İraq Kürdüstanının əsas şəhəri sayılan Ərbil və bu ölkənin şərqindəki Süleymaniyyə şəhərlərindəki hədəfləri atəşə tutub.

Bu barədə məlumatı İranın rəsmi IRNA agentliyi yayıb.

İraq hökuməti sentyabrın 29-da bildirib ki, bu hücumlar nəticəsində 13 nəfər ölüb, daha 58 nəfər yaralanıb.

Xəbər verilir ki, zərbələr kürd siyasi partiyalarına, habelə İran kürdlərinin qaçqın düşərgəsinə endirilib.

İranın mühacirətdə olan kürd müxalifət partiyası – Komala Reuters agentliyinə bildirib ki, bu partiyanın bir neçə ofisi zərbələrə məruz qalıb.

Məhsa Əmininin doğma şəhəri

Bu hücumlar İranda gənc qadın Məhsa Əmininin polisdə vəfat etməsi ilə bağlı ölkəni bürümüş etirazların əsnasında baş verib.

Bəzi xəbərlərə görə Əmini hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanmışdı.

Fəallar qadının polis məntəqəsində döyülərək öldürüldüyünü bildirirlər.

İran hökuməti bu ittihamları rədd edir.

Əslində İranda indiki etirazlar Əmininin İran Kürdüstanındakı doğma Saqız şəhərində başlanıb.

İraq Kürdüstanındakı Koye şəhərinin meri Tariq Heydəri Reuters agentliyinə deyib ki, bu şəhərdə biri hamilə qadın olmaqla iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu hücumlarla bağlı etiraz bildirilməsi üçün İran səfiri nazirliyə dəvət olunacaq.

İİKK son günlərdə İraq Kürdüstanında bəzi ərazilərə zərbələr endirib və bildirib ki, bundan sonra da regiondakı “terrorçuları” hədəfləməkdə davam edəcək.

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

XS
SM
MD
LG