Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 19:14

İran İraqda ABŞ hərbçilərinin də olduğu bazalara raket zərbələri endirib


ABŞ mediası və bir sıra agentliklərin verdiyi xəbərlərə görə Tehran, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanlarından Qasem Soleimani-nin Bağdad hava limanında öldürülməsinə cavab olaraq yanvarın 7-dən 8-nə keçən gecə İraqdakı Əsəd və Ərbil hərbi bazalarına raket zərbələri endirib.

The New York Times Pentaqona istinadən yazır ki, İran Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin də yerləşdiyi bazaları ondan çox ballistik raketlə hədəfləyib.

Pentaqonun baş sözçüsü Jonathan Hoffman-ın verdiyi bəyanatda deyilir:

“Aydındır ki, bu raketlər İrandan atılıb və ABŞ hərbi qüvvələrinin və beynəlxalq koalsiya hərbçilərinin də yerləşdiyi Əsəd və Ərbil bazaları daxil, azı iki İraq hərbi bazasını hədəfləyib”.

İran rəsmiləri bildiriblər ki, bu hücumlar Soleimani-nin öldürülməsi ilə bağlı “vəd edilmiş cavabın başlanğıcıdır”.

İİKK Telegram kanalında yaydığı bəyanatda bildirir ki, “inqilab keşikçilərinin amasız qisası başlanıb”.

Bu hadisə Qasem Soleimani-nin dəfn mərasiminin keçirildiyi günə təsadüf edir.

İİKK-in Məşriq internet saytının redaktoru Hossein Soleimani deyib ki, İraqın qərbində, Anbar vilayətindəki Əsəd bazasına 30-dan çox ballistik raket atılıb.

İraqın şimalındakı Ərbil bazasına da raket zərbələri endirilib.

Pentaqonun ilkin məlumatında dağıntılar və hər hansı canlı qüvvə itkisi ilə bağlı təfərrüatlar verilmir.

İran rəsmiləri bildiriblər ki, hücum ötən cümə günü Soleimani-nin öldürüldüyü saatda – yanvarın 8-də yerli vaxtla 1:20-də başlanıb.

AzadlıqRadiosunun farsdilli Fərda redaksiyasının məlumatına görə İran hərbiyyəsi “ABŞ bu zərbələrə cavab verərsə, onu daha dağıdıcı cavabların gözlədiyini” vəd edib.

İran hərbiyyəsinin bəyanatında bu əməliyyatın kod adının “Şəhid Soleimani” olduğu deyilir və bildirlir ki, “Birləşmiş Ştatlar öz əsgərlərinin ölümünə yol vermək istəmirsə regiondan çıxmalıdır”.

Ağ Ev bildirib ki, İraqdakı Amerika mövqelərinə hücum barədə məlumatlıdır və prezident vəziyyəti izləməkdədir.

XS
SM
MD
LG