Carnegie Fondunun yeni hesabatında deyilir ki, İranın kiberəməliyyatları getdikcə təkmilləşir və rəqibləri üçün daha ziyanlı olur. Bu da qeyd olunur ki, kiberəməliyyatlar İranın təhlükəsizlik agentliklərinin əsas siyasət alətinə çevrilib.
Yanvarın 4-də açıqlanmış hesabata görə Tehran hücum kiberəməliyyatlarından regional vəziyyəti təsirləndirmək, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar kimi rəqiblərini önləmək, habelə casusluq fəaliyyəti üçün istifadə edir.
Hesabatda deyilir: “İran hərbi cəhətdən zəif ölkələrin kiberalətlərdən istifadə etməklə daha çox inkişaf etmiş rəqiblərini cilovlamağın nümunəsini nümayiş etdirib”.
Bu da deyilir ki, İranın əksər kiberqabilliyyəti yerli mənşəlidir və mütəmadi olaraq ölkənin əsas kəşfiyyat idarələri – Kəşfiyyat Nazirliyi və sərt xətt-hərəkət tərəfdarı İslam İnqilabı Keşikçilərinin Korpusu (İİKK) tərəfindən yönləndirilir.
Hesabatda deyilir: “Tehran kibercasusluq əməliyyatlarının keçirilməsində İranın vətəndaş cəmiyyəti təşkilatlarından tutmuş İsrail və Səudiyyə Ərəbistanının hökumət və kommersiya təsisatlarınadək daxildə və xaricdəki opponentlərinə qarşı pozucu hücumlardagetdikcə daha çox püxtələşir”.
Son onillikdə hücum kiberəməliyyatları İran dövlətçiliyinin əsas alətinə çevrilib.
Hesabatda bu da qeyd olunur ki, İran kəşfiyyatı və təhlükəsizlik agentlikləri vətəndaş cəmiyyəti və antihökumət təşkilatlarının təqibi üçün habelə hakerlərdən və ziyanlı kiberalətlərdən istifadə edir.
Məsələn 2009-2013-cü illərdə özünü İran Kiberordusu adlandıran qrup həm siyasi müxalifəti, həm də İsrailin biznes və farsdilli mediasını hədəfləyərək onların saytlarını sıradan çıxarıb və ya bu saytlardan hökumətyönlü mesajlar post edib.
İranda son antihökumət etirazları vaxtı bu da bəlli olub ki, İran hakimiyyəti kiberməkandakı müstəqil medianı, habelə sosial medianı məhdudlaşdırır.
Hökumət ölkədə populyar olan Instagram platformasını bağlayıb və Telegram aplikasiyasından sui-istifadə edib.