İranda ölkənin ən böyük bayramı - Novruz ərəfəsində koronavirusdan ölənlərin sayı görünməmiş sürətlə artır.
Ölkənin səhiyyə naziri Alireza Raisi martın 19-da deyib ki, son 24 saatda 149 ölüm faktı qeydə alınıb və koronavirusdan ölənlərin toplam sayı isə 1284 nəfərə çatıb:
“Təəssüf ki, dünən 1046 yeni yoluxma qeydə alınıb”.
İran yoluxmaların sayına görə yalnız xəstəliyin başlandığı Çindən və İtaliyadan geridə qalır.
Hökumət ailələri, yaxınları və dostları bir araya gətirən Novruz bayramı ərəfəsində vətəndaşları evlərini tərk etməməyə çağırıb.
Ölkəfə bütün məktəb, universitet, idman kompleksləri və hətta ziyarətgahlar da bağlanıb.
Martın 19-da Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpour deyib ki, koronavirusla bağlı son statistika İranda hər 10 dəqiqədən bir 1 iranlının öldüyünü göstərir.
O deyib ki, bununla yanaşı İranda hər bir saatda 50 yeni yoluxma qeydə alınır.
İtaliya ölü sayında Çini geridə qoyur
İtaliyadan alınan xəbərlərdə deyilir ki, bu ölkədə son 24 saat ərzində koronavirus yoluxmasından ölənlərin sayı daha 427 nəfər artaraq 3405-ə çatıb.
Bu, epidemiyanın qaynaqlandığı Çində qeydə alınan ölüm sayından çoxdur.
Əhalisi İtaliyadan 23 dəfə böyük olan Çində yanvardan bəri COVID19 xəstəliyindən 3249 nəfər vəfat edib.
Bununla belə İtaliyada qeydə alınmış yoluxma hallarının sayı Çindəkindən xeyli azdır.
Martın 19-a olan məlumata görə İtaliyada 41 min 35, Çində isə 81 min 155 yoluxma halı olub.
İtaliya xəstəxanalarının xəstə axınına tab gətirə bilmədiyi bir vaxtda baş nazir Giuseppe Conte deyib ki, ölkənin bağlanması müddəti uzadılacaq.
Aprelin 3-dək qüvvədə olacaq hazırkı məhdudiyyətlər italyanlara yalnız işə, həkimə və fövqəladə mühüm yerlərə getmək icazəsi verir.
Ölkədə ərzaq mağazalarından başqa bütün başqa ticarət ocaqları martın 25-dək bağlanıb.
Ölü sayının kəskin artması ilə bağlı hakimiyyət orqanları meyitlərin Berqamo şəhərindən daşınması üçün ordu hissələrini cəlb edib.
Xəbər verilir ki, Berqamo meyitlərin kremasiyasını çatdırmır.
Çində ilk dəfə olaraq yeni yoluxma qeydə alınmayıb
Bu arada martın 19-da Çin hakimiyyət orqanları elan edib ki, epidemiyanın episentri olan 11 milyonluq Uhan şəhərində və ətraf Hubey vilayətində virusa yeni yoluxma qeydə alınmayıb.
Halbuki ötən ay Uhan şəhərində minlərlə yeni yoluxma qeydə alınırdı.
John Hopkins Universitetinin martın 19-a olan məlumatına görə koronavirusa dünya boyunca 242 min nəfər yoluxub və onlardan 9800 nəfəri ölüb.
Bu arada ABŞ-da koronavirusa yoluxanların sayı 13 mini ötüb. Ölü sayı 175-dir.
Breksit danışıqçısı virusa yoluxub
Britaniyadan verilən ən son xəbərlərə görə bu ölkədə 3269 yoluxma qeydə alınıb, 144 nəfər vəfat edib.
Virusa yoluxanların arasında Avropa İttifaqının Britaniya ilə Breksit danışıqları aparan rəsmisi Michel Barnier də var.
69 yaşlı Barnier Twitter-də yazır ki, özünü ətraf mühitdən tam təcrid edib, amma bu həftə üçün nəzərdə tutulmuş Breksit danışıqları təxirə salınacaq.