Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:32

Uşaqları intihara sürükləyən 'Mavi balina' oyunu İrana da gəlib çıxıb


Yeniyetmələrin intihar və intihar cəhdləri «Mavi balina» oyunu ilə əlaqələndirilsə də, yaxından araşdırılanda qəti əlaqəni müəyyənləşdirmək mümkün olmur.
Yeniyetmələrin intihar və intihar cəhdləri «Mavi balina» oyunu ilə əlaqələndirilsə də, yaxından araşdırılanda qəti əlaqəni müəyyənləşdirmək mümkün olmur.

İran rəsmiləri iki yeniyetmə qızın özlərini ataraq intihar etməsində sosial mediada yayılmış, «Mavi balina» kimi tanınan oyunları günahlandırıblar. Bu oyunlar artıq xeyli müddətdir ki, bütün dünyada yeniyetmələrin intiharı ilə əlaqələndirilir.

Polisin İranda ilk belə intihar sayılan halla bağlı məlumatında deyilir ki, oktyabrın 21-də İsfahan şəhərinin mərkəzində iki gənc qadın özünü körpüdən atıb. Onlardan biri ölüb, digəri isə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İNTİHAR İSMARIŞI

İranda bəzi siyasətçilər «Mavi balina» oyununa cavab olaraq hökuməti internet üzərində nəzarəti daha da gücləndirməyə çağırıblar. Ölkədə internet onsuz da dindar hökumət və onun senzorları tərəfindən ciddi filtrlənir.

İsfahan şəhərinin polis rəisi Mehdi Masoom Beigi deyib ki, polis qızların özlərini atmadan öncə qeydə aldıqları audio mesajı əldə edib. Bu mesajda onlar valideynləri ilə vidalaşır, «Mavi balina» adlı oyunu tamamlamaq üçün həyatlarına son qoyacaqlarını deyirlər.

Həm də «Mavi balina sınağı» kimi tanınan «Mavi balina» oyununda anonim «ustad» olur. O, 50 gündən artıq davam edən oyun ərzində iştirakçılara özlərinə ziyan yetirmək üçün müxtəlif tapşırıqlar verir. Bu tapşırıqlar get-gedə daha təhlükəli olur: qorxu filmləri izləməkdən tutmuş özünə xəsarət yetirməyə qədər. Oyunun sonuncu günü iştirakçılar intihar edərək oyunu tamamlamalıdırlar. İstifadəçilərə gündəlik sınaqlarının fotolarını internetdə yerləşdirmək tapşırılır.

***Buna da bax-Psixoloq: 'Kompüter oyunlarını daha çox böyüklər oynayır'

Yeniyetmələrin intihar və intihar cəhdləri «Mavi balina» oyunu ilə əlaqələndirilsə də, yaxından araşdırılanda qəti əlaqəni müəyyənləşdirmək mümkün olmur. Oyunun adı balinaların bəzən bilərəkdən özlərini sahilə ataraq ölməsi ilə bağlıdır.

«ŞEYTANİ FİKİRLƏR»

İranın kommunikasiya və informasiya texnologiyaları naziri Azari Jahromi oktyabrın 22-də Instagram-da baş verən insidenti «dəhşətli» adlandırıb. O, valideynləri yeniyetmələrin sosial mediadan istifadəsinə daha ciddi nəzarət etməyə çağırıb.

Ötən ay Jahromi «Mavi balina»nın «şeytani fikirlərdən» qaynaqlandığını demişdi. O, rəhbərlik etdiyi nazirliyin internetə nəzarəti gücləndirməklə bu oyunun İrana daxil olmasını önləməyə çalışacağına söz vermişdi.

Son illər İranın klerikal hökuməti YouTube, habelə Facebook və Twitter kimi Qərb sosial media şəbəkələrinə çıxışı bloklayıb. Nəticədə İran hökuməti dünyada ən böyük internet filtrlərindən birini yaradıb. Ancaq İran vətəndaşları virtual özəl şəbəkələr (VPN-lər) vasitəsilə yasaqlanmış Qərb sosial şəbəkələrindən istifadə edə bilirlər.

***Buna da bax-Hə, ana, internet-klubdayam. Yaxşı, tez gələcəm...

Oktyabrın 21-də baş vermiş insident iranlı sosial media istifadəçiləri arasında ciddi narahatlığa səbəb olub.

««Mavi Balina» oyununun 26-cı mərhələsində sənə belə deyirlər: «Biz ölümünün vaxtını bildirmək üçün səninlə əlaqə saxlayacağıq. Sən onu qəbul etməlisən». Gəlin yeniyetmələrimizin qayğısına qalaq», – deyə iranlı kinorejissor Ghazale Soltani oktyabrın 22-də Twitter-də yazıb.

OYUN RUSİYADAN QAYNAQLANIR?

«Mavi balina» oyununun ilk dəfə Rusiyada geniş istifadə olunan VKontakte sosial şəbəkəsində başladığı bildirilir.

Bu ilin mayında Rusiyanın «Novaya qazeta» qəzetində dərc edilmiş yazıda Rusiyada 2016-ci ilin aprel-noyabr aylarında baş vermiş 130-a qədər yeniyetmə intiharının mütləq əksəriyyətinin «Mavi balina» oyunu ilə bağlılığı iddia edilir.

Ancaq bu məqalənin ardınca həmin iddianı rədd edən yazılar dərc olunub. Hüquq-mühafizə əməkdaşları və başqa hüquq mütəxəssisləri insanları ölüm hadisələrini bu oyunla əlaqələndirmək məsələsində ehtiyatlı olmağa çağırıblar.

Bir çox rusiyalı fəal yeniyetmələrin belə oyunlara marağına yol açan amillərə daha geniş baxılmalı olduğunu deyir. Bəzi siyasətçilərsə bu fenomenə görə internet üzərində məhdudiyyətlərin gücləndirilməli olduğunu iddia ediblər.

XS
SM
MD
LG