AzadlıqRadiosu-nun fars xidməti – Radio Fərda-ya sızdırılmış “yüksək məxfi” dövlət sənədində İranda narazılığın artması, cəmiyyətin “partlayış vəziyyəti”ndə olması haqda xəbərdarlıq səslənir.
Sənəddə dini isteblişmentin pisləşən iqtisadiyyatın sosial itaətsizliyə yol açacağından narahatlığı sezilir. ABŞ sanksiyaları və illərin pis idarəçiliyi İranda iqtisadi vəziyyəti ağırlaşdırıb.
Yeddi səhifəlik sənədin İranın elit hərbi qüvvəsi olan İslam İnqilab Keşikçiləri Korpusundan (İİKK) qaynaqlandığı bildirilir. Sənədi Edalat-e Ali (Əlinin ədaləti) adlı haker-aktivist qrupu sızdırıb. Bu qrup daha öncə İran həbsxanasında məhbuslarla pis rəftara dair gizli sənəd və videoları yaymışdı.
AzadlıqRadiosu sənədin həqiqiliyini təsdiqlədə bilməyib.
Hökumətə inam sarsılıb
Sənəddə 2021-ci ilin noyabrında İİKK-nın aparıcı komandiri, Tehranda təhlükəsizliyə nəzarət edən Sarallah bölməsinin rəis müavini, briqada generalı Hüseyn Nicatın sədrlik etdiyi işçi qrupun iclasından qeydlər yer alıb.
“Yaşayış yerlərində təhlükəsizlik böhranının qarşısının alınması üzrə işçi qrup”un iclasına İİKK-dan, könüllü Bəsic qrupundan, kəşfiyyat orqanlarından, Tehran Prokurorluğundan təmsilçilər iştirak edib.
İclasda İİKK-nın kəşfiyyat qanadının “Məhəmmədi” adlı rəsmisi deyir ki, bölmənin keçirdiyi sorğu 84 milyon əhalisi olan ölkədə ictimai narazılığın qaynamaq həddində olduğunu göstərir.
“Cəmiyyət partlayış həddindədir”, – deyən Məhəmmədi “ötən il ictimai narazılığın 300 faiz artdığını” qeyd edib.
Məhəmmədi deyib ki, son aylar “bir neçə şok” iyunda hakimiyyətə gəlmiş Prezident İbrahim Rəisinin ultramühafizəkar hökumətinə “ictimai inamı sarsıdıb”.
Səhm bazarı
O, inflyasiyanın artmasına, ərzaq, enerji və maşınların bahalanması, aksiyaların kursunun kəskin düşməsinə diqqət çəkib.
Son aylar itkilərlə üzləşən bir qrup iranlı səhmdar yanvarın 20-də Tehranda parlament qarşısında etiraz aksiyası keçirib. Onlar səhmlərin hökumətin siyasəti nəticəsində ucuzlaşdığını deyirdilər. Etirazçıların bəziləri Rəisini “yalançı” adlandırmışdı.
Bəzi investorlar da ötən aylar oxşar etirazlar keçiriblər, itkilərinə görə hökuməti ittiham ediblər.
Rəisi və nazirlər isə səhmlərin qiymətlərində dəyişikliklərlə məşğul olmağı vəd ediblər. Bir səbəb Tehranın dünya gücləri ilə 2015-ci il nüvə sazişinin dirçəldilməsini hədəfləyən danışıqların taleyinin qeyri-müəyyən olmasıdır.
“Hazırda cəmiyyətin 53 faizi isteblişmentin iddialarına skeptik yanaşır”, – sızdırılmış sənədə görə Məhəmmədi deyib.
Etirazçıların sayı iki dəfəyədək artıb
Sənəddə “Polkovnik Kaviani” adlı bir nəfər İranın daxili təhlükəsizlik və hüquq-mühafizə agentliyinin rəsmisi kimi təqdim olunur.
Kaviani deyir ki, İranda ötən bir ildə (İran ili martın 21-də başa çatır) etirazlar 50 faizədək, etirazçıların sayı isə iki dəfəyədək artıb.
Ötən il inflyasiya 40 faizə yaxın olub. Kaviani isə bildirir ki, 2021-ci ilin noyabrında əsas ərzaq məhsulları üzrə inflyasiya səviyyəsi 86-268 faiz olub.
Son aylar iranlıların alıcılıq qabiliyyəti kəskin azalıb, çoxları əsas məhsulları ala bilmədiklərindən gileylənirlər.
Xameneyinin etirafı
İranda müəllimlər, təqaüdçülər, tibb bacıları, ədliyyə işçiləri və digərləri küçələrə çıxaraq maaşlarının artırılmasını tələb edir, mövcud iqtisadi şəraitdən məyusluq dilə gətirirlər.
Ali dini lider Ayətulla Əli Xameneyi yanvarın 30-da etiraf edib ki, İranın iqtisadi çətinliklərinin yeganə səbəbi ABŞ sanksiyaları deyil. O, hökumətin pis idarəçiliyinin iqtisadi problemlərdə rolunu qeyd edərək, öncəki hökumətlərin “yanlış qərarlar”ından danışıb.
Vaşinqtonla Tehran arasında birbaşa keçirilməyən nüvə danışıqları ABŞ sanksiyalarının bitəcəyinə ümid yaradıb. Ancaq danışıqlarda yubanma, mübahisələr ortaya çıxıb.
2015-ci il nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaları qaldırmağı nəzərdə tuturdu. 2018-ci ildə ABŞ-ın ovaxtkı prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxdığını elan etdi, sanksiyaları bərpa elədi. Bu addım İran iqtisadiyyatına mənfi təsir göstərib, milli valyuta dəyərdən düşüb.