Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:49

İranda “hicabsız internet modelləri” həbs edilib


Model Elham Arab internetdə və prokuror qarşısında
Model Elham Arab internetdə və prokuror qarşısında

İran dövlət televiziyası bildirib ki, “Hörümçək 2” adlı reydin əsas hədəfi öz hicabsız fotolarını İnstagramda yayan qadınlar olub

-

İranda polis “internetdə qeyri-islami davranışa” qarşı keçirilmiş reydin əsnasında ölkənin tanınmış 8 qadın modelini həbs edib.

*Hər gün yeni videolarımız var - Abunə olun, xəbəriniz olsun

İran mediasının xəbərlərinə görə bu qadınlar hicabsız fotolarını İnstagrama yerləşdiriblər.

Qərb mətbuatı isə bildirir ki, son parlament seçkilərində islahatyönlülərin qələbəsi mühafizəkarları qəzəbləndirib və indi onlar bu yolla bir növ qisas alırlar.

İran dövlət televiziyası bildirib ki, “Hörümçək 2” adlı reydin əsas hədəfi öz hicabsız fotolarını İnstagramda yayan qadınlar olub.

Elham Arab (sağda) İslam geyimi qaydalarını pozduğunu etiraf edib
Elham Arab (sağda) İslam geyimi qaydalarını pozduğunu etiraf edib

Televizya xəbərlərindəki süjetlərdən birində özünün sarışın saçları və gəlinlik paltarlarını nümayiş etdirməsi ilə tanınan Elham Arab adlı qadının Tehran prokuroru Abbas Jafari Dowlatabadi tərəfindən sorğu-sual edilməsi görüntülənib.

Xanım Arab deyib ki, “bütün insanlar gözəllik və şöhrət axtarırlar, görünmək istəyirlər, lakin bunun çox baha başa gəldiyini unutmaq olmaz”.

O telekameralar qarşısında İslam qaydalarını pozduğunu etiraf edib.

İran televiziyası model qadınlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.

7 min mülki geyimli “əxlaq polisi”

Lakin xəbər verilir ki, sözü gedən reyd zamanı 58 model və 59 fotoqraf da daxil 170 nəfər saxlanıb.

İran mediası yazır ki, saxlananların biznesləri, Instagram və Facebook hesabları bağlanıb.

Dowlatabadi “İran” qəzetinə deyib ki, “biz bu sahədəki düşmənin hərəkətlərinə qarşı mübarizə aparmalıyıq”.

Rəsmilər bildirirlər ki, bundan əvvəl keçirilmiş 1-ci “hörümçək” əməliyyatından məqsəd “pornoqrafiya və müqəddəslərin təhqir olunmasının kökünü kəsmək” idi.

Ötən aprel ayında Tehran polisinin rəisi general Hossein Sajedinia bəyan etmişdi ki, şəriət geyim məcəlləsini pozanların yaxalanması məqsədilə paytaxta 7 min mülki geyimli qadın və kişi polis buraxılıb.

ABŞ mediası xəbər verir ki, İranda əhalinin 40 faizinin internetə çıxışı olsa da, ölkədə internet azadlığı yox dərəcəsindədir.

Müşahidəçilər bildirirlər ki, adətən belə qanun pozuntuları bir neçə aylıq həbs və ya şallaqla cəzalandırılır.

Həmçinin izlə: AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG