Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:33

İran Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına “qoşuldu”


Moskva elan edib ki, Türkiyədən gətirilməsi qadağan olunan məhsullarının yerini tədricən İran məhsulları tutacaq

İran Türkiyə mallarının öz ərazisindən Rusiyaya ixrac olunmasına qadağan qoyub.

Bu barədə İRNA agentliyi ölkə ticarətin stimullaşdırılması idarəsinə istinadən xəbər verib.

Qurumun nümayəndəsi Məhəmməd Rza Modadi agentliyə bildirib ki, bu qərar İran istehsalçılarının maraqlarını müdafiə etmək məqsədi güdür.

Bir çox İran şirkətləri Türkiyə mallarını alır, sonradan onu Rusiyaya satırlar və yaxşı da pul qazanırlar

Modadinin sözlərinə görə, “bir çox İran şirkətləri Türkiyə mallarını alır, sonradan onu Rusiyaya satırlar və yaxşı da pul qazanırlar”.

Mətbuat yazır ki, əslində İranın bu addımı onun özünün ticarəti stimmullaşdırmaq barədə qanunlarına ziddir.

Digər tərəfdən İran mediası xəbər verir ki, Rusiya Türkiyə mallarının İran vasitəsilə təkrar ixracına əsəbi yanaşır və Tehranın da son qərarı bununla bağlıdır.

İran ehtiyat edir ki, türk mallarının reeksportuna görə Moskva İranın özünə qarşı ticarət məhdudiyyətləri qoya bilər.

İrana ciddi təzyiq edilib

Lakin bundan 2 həftə əvvəl Rusiyanın kənd təsərrüfatı mallarının idxalına nəzarət edən qurumu –“Rosselxoznadzor” bəyan etmişdi ki, Tehran Türkiyə mallarının İran malı adı altında Rusiya ərazisinə ixracının qarşısını almaq üçün bütün mümkün addımları atacaq.

Daha əvvəl Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov elan etmişdi ki, Türkiyədən gətirilməsi qadağan olunan kənd təsərrüfatı məhsullarının yerini tədricən İran məhsulları tutacaq.

Bəzi agentliklər İran mallarının artıq Rusiya mağazalarında satılmağa başlamasından yazırlar.

Rusiya mediası xəbər verir ki, Türkiyə mallarının İran ərazisindən keçirilərək Rusiyaya gətirilməsinin yolverilməz olduğu barədə xəbərdarlığı “Rosselxoznadzor”un başçısı Sergey Dankvert hələ ötən dekabrda İrana səfəri zamanı səsləndirmişdi.

XS
SM
MD
LG