Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:58

Xameneinin nümayəndəsi: 'Seçkidə əsas çoxluq - möminlərin çoxluğudur'


Əhməd Aləmülhoda
Əhməd Aləmülhoda

İranda nüfuzlu ruhani və ölkə ali rəhbərinin Xorasan Rəzavi ostanı üzrə xüsusi nümayəndəsi son seçkidə səs verməyənləri, belələrin sayı 60 faiz təşkil etsə də, “əhəmiyyətsiz” adlandırıb.

Bu il İran seçkilərində rekord az sayda seçici iştirakı qeydə alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın Təsnim agentliyi yazır ki, Ali rəhbər Əli Xameneinin böyük şiə mərkəzi - Məşhəd şəhərindəki nümayəndəsi Əhməd Aləmülhoda seçkiyə qatılmayan 59 faizi Xameneinin “əmr və tapşırığına” əməl etməməkdə günahlandırıb.

İranın ali dini rəhbərliyi 2022-ci ilin repressiya və iqtisadi tənəzzülündən sonra legitimliyini seçki vasitəsilə bərpa edəcəyinə ümid bəsləyirdi.

“Möminlərin çoxluğu”

Lakin seçici süstlüyü, həyat şəraitinin pisləşməsindən narazılıq və insan haqlarının pozulması ilə yanaşı illərdir ki, artmaqda idi.

Ölkənin bir çox tanınmış şəxsləri, o cümlədən Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi seçkini boykota çağırmışdılar. Onlar bu seçkidə nəticələrin əvvəlcədən bəlli olduğunu vurğulayırdılar.

Aləmülhoda seçki nəticələri barəsində deyib:

“İslamda çoxluq birmənalı şəkildə məqbul sayılmır. Ən arzuolunanı mömin və imanlıların üsyan və təfriqəyə münasibətdə çoxluğudur”.

Martın 1-də parlamentə və Üləmalar Şurasına keçirilən seçkilər 2022-ci ilin sentyabrında polisdə vəfat etmiş gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı kütləvi etirazlardan sonra ilk səsvermə idi.

Qadın iddia edildiyinə görə hicab qaydasını pozması ilə əlaqədar saxlanmış və daha sonra polisdə müəmmalı şəkildə dünyasını dəyişmişdi.

“Tarixi iflas”

Hazırda Tehranın Evin həbsxanasında məhbus olan tanınmış siyasi fəal Mustafa Taczadə son seçkini ölkə liderlərinin “tarixi iflası” adlandırıb və bunu siyasəti respublikada geniş narazılığa səbəb olmuş ali rəhbər ayətüllah Xamenei ilə bağlayıb.

Şərhçilər və fəallar bildirirlər ki, bu seçkiyə yalnız namizədlikləri Nəzarət Şurası tərəfindən təsdiqlənmiş şəxslər buraxılmışdı.

Bu şuraya daxil 6 ruhani və 6 hüquqşünas birbaşa Xamenei tərəfindən təyin olunur.

Rəsmi statistikaya görə seçici iştirakı ölkənin 31 vilayətindən yalnız səkkizində 50 faizdən yuxarı olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə paytaxt Tehranda elektoratın yalnız 26 faizi səsvermə məntəqələrinə gəlib.

Seçki məntəqələrinə gələn bir çox iranlılar isə bülletenlərinin üzərində antihökumət şüarları yazaraq onları etibarsız hala salıblar.

XS
SM
MD
LG