Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:19

İranın sünni lideri ayrıseçkilikdən gileylənir


Molavi Abdol-Hamid (solda) prezident H.Rouhani-nin sünni ruhanilərlə görüşündə. 2016
Molavi Abdol-Hamid (solda) prezident H.Rouhani-nin sünni ruhanilərlə görüşündə. 2016

İran sünnilərinin faktiki rəhbəri, Zahidanın imamı Molavi Abdola-Hamid bir daha «ayrıseçkilik və qeyri-bərabərlik»dən gileylənib.

O, sünnilərin yüksək dövlət vəzifələrinə təyin olunmadığını, özününsə səfər qadağalarına məruz qaldığını deyib, bu məsələlərdə hər hansı yazılı qanunların olmadığını da vurğulayıb.

SÜNNİLƏRƏ ZİYARƏTƏ İMKAN VERMİRLƏR

Şənbə günü ISNA agentliyinə müsahibəsində xarizmatik sünni ruhanisi qeyd edib ki, səyahət qadağası ilə bağlı hər hansı şifahi, yaxud yazılı order yoxdur.

Ancaq Molavi Abdol-Hamid deyir ki, harasa gedəndə təhlükəsizlik qüvvələri və xüsusi xidmətlər müdaxilə edir, hətta onu dəvət edənlərə problem yaradırlar.

İranda İnsan Hüquqları Naminə Kampaniya (CHRI) bu yaxınlarda Molavi Abdol-Hamid-in paytaxt Tehrandan başqa harasa getməsinin yasaqlandığını bildirib. Bundan başqa, İranın müxtəlif yerlərindən sünnilərin onun Zahidandakı qərargahını ziyarət etməsinə imkan verilmədiyi deyilir.

Avqustda onun prezident Hassan Rouhani-nin andiçmə mərasiminə dəvətlilər siyahısından çıxarılması prezidentin islahatçı müttəfiqlərinin tənqidinə səbəb olmuşdu.

70% ROUHANİ-YƏ SƏS VERİB

İslahatçılar bildirmişdilər ki, Molavi Abdol-Hamid-in sayəsində sünnilər Rouhani-nin yenidən seçilməsində mühüm rol oynayıblar və o, mütləq mərasimə dəvət edilməli idi.

Parlament sədrinin müavini Ali Motahari də bu addımın yanlış olduğunu deyib.

Mayda keçirilən prezident seçkisindən iki ay öncə Abdol-Hamid hakim sistemin sünniləri ayrıseçkiliyə məruz qoymasından gileylənmişdi.

«İran təkcə sünnilərə və ya şiələrə, yaxud farslara məxsus deyil. İran bütün etnik və dini qruplarındır. Milli birlik və dayanıqlı təhlükəsizlik ayrıseçkiliyin ləğvindən və bütün millətlərə bərabər münasibətdən asılıdır», – o deyib.

Molavi Abdola-Hamid seçkilərdə qələbə münasibətilə Hassan Rouhani-ni təbrik edir. 2017
Molavi Abdola-Hamid seçkilərdə qələbə münasibətilə Hassan Rouhani-ni təbrik edir. 2017

Dörd il öncə çox sayda sünni əhalinin, əsasən kürdlər və türkmənlərin yaşadığı ərazilər, habelə Sistan-Bəlucistan əyaləti Rouhani-yə ən çox səs verən ərazilər olub. Bu əyalətlərdə əhalinin 70%-i ona səs verib. Buna baxmayaraq, Rouhani sünniləri özünün ilk kabinetinə yaxın buraxmayıb.

KHAMENEI YAZIB Kİ...

Prezidentin bu addımından sonra Molavi Abdol-Hamid avqustda birbaşa ali dini lider Ali Khamenei-yə məktub yazaraq, sünnilərin ayrıseçkiliyə məruz qaldığını vurğulayıb.

Abdol-Hamid-in öncəki məktublarını görməzdən gələn Khamenei bu dəfə ona cavab yazaraq bildirib ki, İslam Respublikasının sütunları Konstitusiyaya əsaslanır və İran vətəndaşlarına hər hansı ayrıseçkilikdən uzaq olmağa borcludur.

Ancaq İslam Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, ölkənin rəsmi dini 12 imam şiəliyidir.

15-ci maddədə isə deyilir ki, İslam Respublikasında Ali dini lider və prezident kimi yüksək vəzifələrə yalnız şiələr seçilə bilər.

Bundan başqa, sünnilərin paytaxtda özlərinə məscid tikməsinə imkan verilmir. Üstəlik, ötən il çox sayda sünni ruhani həbs edilib.

«VƏDLƏRİNİ YERİNƏ YETİRSİNLƏR»

Molavi Abdol-Hamid bu yaxınlarda may seçkilərində Rouhani-nin əsas rəqibi olmuş Ebrahim Raisi ilə görüşüb. Ancaq o, ISNA agentliyinə müsahibəsində deyib ki, bu görüş sünnilərin fikirlərini dəyişərək gələn seçkilərdə mühafizəkarlara səs verəcəyi demək deyil.

«Növbəti seçkilərdə hansı namizədin dəstəklənməsi həmin dönəmdəki durumdan asılıdır. Ancaq hər iki firqənin, həm islahatçıların, həm də mühafizəkarların daxili dəyişikliyə ehtiyac var», – Abdol-Hamid deyib.

«İslahatçılar vədlərini yerinə yetirməli, yüksək vəzifələrindən yapışmamalıdırlar. Onlar xalqa da xidmət etməlidirlər... Mühafizəkarlar da qeyri-liberal və dar düşüncəli olmaqdan çəkinməlidirlər. Onlar beynəlxalq, regional və daxili vəziyyətləri, trendləri də nəzərə almalıdırlar... Əgər biz qadınları və sünniləri də kabinetə gətirsək, beynəlxalq ictimaiyyətin bizə yanaşması ciddi dəyişəcək. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin hökumət kabinetində bir neçə qadın var. Onlardan biri Bəlucistandan köçmüş mühacirdir. Niyə də o, bizim hökumətdə təmsil olunmasın?» – o deyib.

XS
SM
MD
LG