İran parlamenti Xəzər dənizinin suyunun şirinləşdirilərək ölkənin quraq bölgələrinə vurulması ilə bağlı təklifi qəbul edib. “Donyaye Eqtesad” qəzeti yazır ki, bu pilot layihədir və qəti qərar test başa çatdıqdan sonra veriləcək.
“İran quraq və yarımquraq bölgədə yerləşsə də, şimalda (Xəzər dənizi) və cənubda (Oman və Fars körfəzi) böyük duzlu su resurslarına çıxışı ona yaxşı perspektivlər açır. Biz müasir texnologiyalardan yararlanmaqla qeyri-ənənəvi resurslardan fayda götürə bilərik”, – Financial Tribune-nun məlumatına görə, energetika naziri Reza Ardakanian belə deyir.
Ətraf mühitin müdafiəçiləri və bəzi deputatlar “qeyri-elmi” və “qeyri-praktik” olduğuna görə qanunun əleyhinə çıxıblar, onlar bu layihənin bölgənin ekologiyasına zərər vuracağını düşünürlər.
Təklifin əleyhdarlarının israrına görə Xəzər dənizindən böyük miqdarda suyun çəkilməsi su hövzəsində duzluluğun artmasına səbəb olacaq və oradakı canlı aləmi zərbə altında qoyacaq.
Etirazlara baxmayaraq nazir bütün ekoloji prinsiplərin nəzərə alındığı halda meqalayihənin reallaşmasında problem yaranmayacağını söyləyib. O, lazımi araşdırmaların başa çatdığını, hesabatların prezidentin nəzarəti altında fəaliyyət göstərən ətraf mühit üzrə departamentə təqdim edildiyini bildirib.
Azərbaycan bu haqda nə deyir?
Xəzəryanı ölkələrdən biri olan Azərbaycanda rəsmilər, alimlər və ekoloqlar bu haqda nə düşünürlər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Mirsalam Qəmbərov AzadlıqRadiosuna deyib ki, Xəzərin statusu ilə bağlı 2018-ci ildə 5 ölkə arasında saziş imzalanıb və bu cür məsələlər həmin sənəd vasitəsilə tənzimlənir:
“O sənəddə göstərilir ki, Xəzərin bioloji resurslarından, suyundan necə istifadə edilməlidir, hansı məsələlər barədə müştərək qərar verilməlidir, digər Xəzəryanı dövlətlərin təklifləri hansı hallarda nəzərə alınmalıdır, hansı məsələdə təkbaşına qərar vermək mümkündür və sair. Xəzərdən suyun nasoslarla götürülüb şirinləşdirilməsi isə artıq detaldır, yəni nə qədər götürüləcək, sonrakı proses necə tənzimlənəcək, bunlar hamısı öyrənilməlidir”.
Mirsalam Qəmbərov “Xəzərin problemlərini bilən biri kimi” dənizdə duzluluğun çox olmasını istəyir. Onun sözlərinə görə, dənizdə duzluluğun çox olması bağırsaq çöpləri, mikrobioloji bakteriyaların məhvinə səbəb olur. Amma bunun əks göstəricisinin olmasını da istisna etmir, məsələn, nərəcinsli balıqların yaşamasına mənfi təsirinin araşdırılmasının vacibliyini qeyd edir:
“Xəzərdə Aral dənizindəki kimi quruma, çəkilmə ehtimalı olarsa, o zaman fəsadlardan danışmaq mümkündür. Yox, əgər obrazlı desək, dəryadan damla götürüləcəksə, duzluluq bununla artmayacaq. Mən inanmıram ki, böyük həcmdə duzlu su şirinləşdirilsin, sonucda onun maya dəyəri çox bahadır. Ola bilsin bu, lokal bir layihədir”.
Ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov yada salır ki, İran hökuməti vaxtilə qurumaqda olan Urmiyə gölünü xilas etmək üçün Xəzərdən ora kanal çəkmək təklifi vermişdi. O zaman özünün bu təklifin əleyhinə çıxdığını deyir: “Bu, Xəzərin evini yıxacaq, dəniz tamam ölü zonaya çevriləcəkdi”.
Qaldı yeni layihəyə, Telman Zeynalov suyun nasosla çəkilərək şirinləşdirilib suvarma məqsədilə istifadəsini müsbət hal kimi dəyərləndirsə də, sualı da var:
“Orda yaşayan əhalinin suya tələbatı ödənməlidir. Bu, yaxşı fikirdir. Ancaq baxır hansı texnologiyadan istifadə edəcəklər”.
“Nasosla nə qədər su çəkəcəklər ki?”
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov deyir ki, Xəzər böyük su ehtiyatına malikdir, buna görə də suyun azalmasına inanmır:
“Onlar nasosla nə qədər su çəkəcəklər ki? Hətta ehtimal etsək ki, Volqa çayının gətirdiyi qədər su çəkəcəklər, bu elə Xəzərin həcminin 2 faizi deməkdir. Amma nəinki Volqa, heç Kürün onda biri qədər götürə bilməzlər. Ona görə duzluluğun artacağını və ya suyun səviyyəsinin düşəcəyini güman etmirəm. Amma başqa təsirləri mümkündür. Həmin regionda sahilyanı infrastruktur dəyişə bilər”.
Mütəxəssislər istifadə ediləcək suyun həcmini bilmədən İrandakı pilot layihənin Xəzəryanı ölkələrə, dənizin canlı aləminə təsiri haqda danışmaqda çətinlik çəkirlər.
Rauf Qardaşovun sözlərinə görə, bütün bunlar hesablamalar əsasında müəyyənləşdirilməlidir. O, suyun nasoslarla çəkilməsinin dənizin canlı aləminə də təsirsiz ötüşməyəcəyini güman edir.
“Əlbəttə, təsiri olacaq. Bu aydındır. Su çox olacaqsa təsiri də yüksələcək. Bir sutkada nə qədər kub kilometr su götürüləcəyini biləndən sonra mənfi təsir haqda detallı danışmaq mümkündür. Duzluluğun artması da mümkündür. Bu da suyun həcmindən asılıdır”, – AMEA coğrafiya institutunun Xəzər dənizinin hidrometeorologiya şöbəsinin müdiri Zabit Allahverdiyev bildirir.
Azərbaycanda əksər mütəxəssislər son zamanlar beynəlxalq sanksiyalar ucbatından iqtisadi çətinliklər məngənəsində əzilən İranın həmin layihəni reallaşdırmağa maddi imkanı olmadığını, bu səbəbdən kağız üzərində qalacağını düşünür.