Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

İran yekun nüvə təklifini cavablandırıb


Tehran, avqust, 2022-ci il
Tehran, avqust, 2022-ci il

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan daha öncə IRNA-ya deyib ki, Amerika tərəfi Tehranın irəli sürdüyü “iki tələbi şifahi qəbul edib”

İran 2015-ci il nüvə sazişinin bərpası üçün Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə əldə olunmuş təklifi cavablandırıb. Ancaq cavabın detalları açıqlanmır.

Rəsmi IRNA xəbər agentliyinin avqustun 16-da yazdığına görə, təmsilçilər yekun cavabı təqdim ediblər. Agentlik Tehranın Aİ-nin təklifini qəbul etməməsi ehtimalını irəli sürüb, baxmayaraq ki, əlavə danışıqların olmayacağı haqda xəbərdarlıqlar olunub.

Üç məsələdən ikisi...

“Fikir ayrılıqları üç məsələ üzrədir, ABŞ ikisiylə bağlı şifahi razılıq bildirib, amma bu, mətnə salınmalıdır. Üçüncü məsələ sazişin davamlılığının təmin olunmasıyla bağlıdır, bu isə Birləşmiş Ştatların realizmindən asılıdır”, – IRNA yazır.

“İran Vyana razılaşmasının layihəsinə yazılı cavabını təqdim edərək bəyan edib ki, Birləşmiş Ştatlar realizm və çevikliklə reaksiya verərsə, razılaşma imzalana bilər”, – agentlik qeyd edir.

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan daha öncə IRNA-ya deyib ki, Amerika tərəfi Tehranın irəli sürdüyü “iki tələbi şifahi qəbul edib”.

Aİ-nin baş diplomatı Jozep Borrelin sözçüsü də Tehranın cavabını təqdim etdiyini, bunun araşdırıldığını təsdiqləyib. Sözçü cavabın detallarını açıqlamayıb.

Nüvə sazişinin bərpası ABŞ-ın İranın neft istehsalına sanksiyalarının qaldırılması ilə nəticələnə bilər. Bunun mümkünlüyü dünyada neftin qiymətinin düşməsinə səbəb olub.

İranın şərti

2018-ci ildə ABŞ Prezidenti Donald Tramp nüvə sazişindən çıxaraq İrana ağır sanksiyaları bərpa edib.

İranla danışıqlar aparan ölkələr Tehranın yekun layihəyə cavabını gözləyirdilər. Yekun layihəni Borrel ötən həftə təqdim edib.

IRNA adını çəkmədiyi iranlı diplomata istinadla yazır ki, “Avropa İttifaqının təklifləri qəbulediləndir, bir şərtlə ki, İrana müxtəlif məsələlərdə, sanksiyalar və zəmanət tədbirləri ilə bağlı təminat versinlər”. Bu sıraya Beynəlxalq Atom Enerjisi Agentliyi ilə həllini gözləyən məsələlər də daxildir.

Britaniya, Çin, Fransa, Almaniya və Rusiya bir neçə aylıq fasilədən sonra İranla danışıqları bərpa edib. ABŞ danışıqlarda birbaşa iştirak etmir.

XS
SM
MD
LG