Tehran İran İslam Keşikçiləri Korpusu (İİKK) zabitlərinin bir hissəsini İsrailin mümkün cavab zərbəsinə görə Suriyadan çıxarıb.
Bu barədə xəbəri ABŞ-ın The Wall Street Journal qəzeti Suriya və İran məmurlarına istinadla verib.
Suriya təhlükəsizlik xidmətinin nümayəndələri habelə bildiriblər ki, Livandakı iranyönlü Hizbullah təşkilatı da Suriyadakı yüksək vəzifəli əməliyyatçılarının bu ölkədəki sayını azaldıb.
Hizbullah ABŞ-da, Avropa İttifaqında və bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınır.
Xəbər verilir ki, orta rütbəli zabitlər Suriyada qalsalar da, onların dislokasiya yerləri dəyişdirilir.
Qəzet yazır ki, İran hərbçiləri yerlərini İsrail tərəfindən zərbələrin daha çox gözləndiyi gecə saatlarında dəyişirlər.
İsrailin mümkün cavab zərbəsi
The Wall Street Journal qəzetinin yazdığına görə İsrailin mümkün cavab zərbəsi, belə görünür, məhdud miqyasda olacaq.
Bundan əvvəl İsrailin Müdafiə Ordusu müttəfiqi olan ərəb ölkələrinə onları təhlükə altında qoymayacağına dair zəmanət vermişdi.
The Jerusalem Post qəzetinin yazdığına görə İsrail İranın bu yaxınlarda onun üzərinə birbaşa hücumuna cavab barədə artıq qərar qəbul edib, lakin əməliyyatın dəqiq vaxtı hələ ki, təyin olunmayıb.
Qəzet yazır ki, İİKK vəzifəlilərinin cəzalandırılması üçün mümkün cavab zərbələri İranın nüvə obyektlərinə endirilə bilər.
Tehranın iddialarına rəğmən
İran aprelin 14-ə keçən gecə İsrailə yüzlərlə dron və raketlərlə hücum edib.
Bütün dron və raketlərin əksərən İsrailin hüdudlarından kənarda vurulub salındığı xəbər verilir.
İran sözü gedən hücumu aprelin 1-də onun Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq həyata keçirdiyini bildirirdi.
Həmin zərbələr nəticəsində İİKK-nin iki generalı və 5 zabiti həlak olmuşdu. İran diplomatik missiyaya bu zərbələrə görə İsraili ittiham etmişdi.
Öz növbəsində Tehran İsraildə bütün nəzərdə tutulan hədəflərin vurulduğunu bəyan edib.
Lakin bu iddianı təsdiq edən məlumatlar yoxdur.
Bir çox şərhçilər bildirirlər ki, İranın kütləvi zərbələrinin dəf edilməsi İsrail və onun müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərinin uğuru sayılmalıdır.