Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:30

İranda kürd vicdan məhbusu Əyyub Kərimi və daha 6 nəfər edam edilib


Əyyub Kərimi
Əyyub Kərimi

İranın Kərəc şəhərindəki Qızılhasar həbsxanasında 14 ildir ki, məhbus olan Əyyub Kərimi noyabrın 29-da edam edilib.

Norveçdə mənzillənmiş İran İnsan Haqları qrupunun verdiyi məlumata görə Kərimi ilə eyni gündə daha 6 məhkumu edam ediblər.

İnsan haqları müdafiəçiləri bildirirlər ki, bu edamlar İranın fərqli siyasi və dini düşüncəyə qarşı ən ağır cəzadan istifadəsinin azalmadığını göstərir.

İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri-Müqəddəm deyib ki, Əyyub Kəriminin edamı zor tətbiqi ilə alınmış etiraf və ədalətsiz məhkəmə hökmü əsasında icra olunub.

O deyib ki, İran hakimiyyəti bu cinayətə görə məsuliyyət daşımalıdır.

İşgəncə ilə alınmış etiraflar

Bu da xəbər verilir ki, Kərimi ilə yanaşı edam edilmiş daha 6 məhkumun kimliyi açıqlanmır, amma kürdlərin Henqav insan haqları qrupu Kəriminin işi ilə bağlı başqa bir müttəhim – Qasem Abastenin də ötən ay edam olunduğunu xəbər vermişdi.

Qrupun məlumatına görə qalan 5 nəfər hələ də həbsxanada idi və edamını gözləyirdi.

Kərimi, Davud Abdullahi, Fərhad Səlimi, Ənvər Xizri, Xosrov BəşaratKamran Şeyxi 2010-cu ilin yanvarında həbs olunmuşdular.

Onlar “ölkənin milli təhlükəsizliyinə qəsddə” və dövlətə qarşı başqa cinayət əməllərində ittiham olunurdular.

Onların barəsində ölüm hökmü 2020-ci ildə, iddia olunduğuna görə işgəncə ilə alınmış etiraflardan sonra təsdiqlənmişdi.

Dünyada ən çox edam

Amnesty International beynəlxalq insan haqları təşkilatının bəyanatında etiraf ifadələrinin işgəncə yolu ilə alınması pislənirdi.

İranda 22 yaşlı gənc qadın Məhsa Əmininin polisdə, iddia edildiyinə görə hicab qaydasını pozması ilə bağlı ölməsindən sonra başlanmış kütləvi etiraz aksiyalarından bəri edam hökmlərinin sayı artıb.

Amnesty International bildirir ki, İran bu il ərzində Çini çıxmaqla başqa bütün ölkələrdə icra olunmuş edamlardan daha çox edam həyata keçirib.

BMT-nin baş katibi Antonio Quterreş noyabrın 2-də demişdi ki, İranda edamların sayı həyəcan doğurur.

İran İnsan Haqları Təşkilatının məlumatına görə bu ilin 7 ayı ərzində İranda 600-dən çox edam olub.

XS
SM
MD
LG