İran hakimiyyəti hicab qanununu pozan qız və qadınların mühakiməsi üçün ictimai yerlərdə, məsələn ticarət mərkəzlərində qurula biləcək səyyar məhkəmələr yaratmağı planlaşdırır.
Bu barədə AzadlıqRadiosunun İran xidməti, ixtiyarında olan məxfi hökumət sənədlərinə istinadla yazır.
Bu sənədlərdə deyilir ki, islami geyim qaydasını pozan məktəbli qızların cəzalandırılmasını Təhsil Nazirliyinə həvalə etmək olar.
Sənədlərdə təklif olunur ki, hicab qaydasını pozan məşhurları “əxlaqsızlığı təbliğ etmək” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum etmək lazımdır.
Sənədlərdən məlum olur ki, İran polisinə və başqa güc nazirlikilərinə geniş səlahiyyətlər verilir.
Onlara qanunları pozanların evlərinə daxil olmaq, kompüter və mobil telefonları müsadirə etmək, hicab qaydasının pozulduğu mağazaları məhkəmə qərarı olmadan bağlamaq səlahiyyəti verilib.
Sənədlərdə deyilir ki, məktəb və universitetlərin yaxınlığında “əxlaqsızlıq yuvası” kimi tanınan kafelər bağlanmalıdır.
10 il həbs, şallaq və 8 min dollar cərimə...
Dənədlərdə bu da bildirilir ki, polisə başını örtmək əmrinə itaət etməyənlər barədə “əxlaqsızlığın təbliği” ittihamı ilə cinayət işi açmaq səlahiyyəti verilməlidir.
İranda bu sənədlər barədə şərhlər verilmir, amma direktivlərdən birinin kiçik bir parçasını dərc etmiş İran qəzetini məxfi informasiyanı yaymaqda ittiham ediblər.
Bu da qeyd olunmalıdır ki, bu tədbirlərdən bəziləri sentyabrda qəbul ediulmiş “Hicab və bakirəlik haqqında” qanuna daxil edilib.
Bu qanunda İranın islami geyim qaydalarına riayət etməyən qadınlar üçün 10 ilədək həbsxana cəzası nəzərdə tutulub.
Bundan başqa qanunu pozan qadınlar şallaqlana və 360 milyon rial məbləğində (8 min dollar) cərimə oluna bilərlər.
Xatırlatma
İranda qadınların hicablanması 1979-ci ildən ayətüllah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib.
Buna baxmayaraq o vaxt qadınların hicablanmasını icbari edən heç bir rəsmi qanun qəbul olunmamışdı.
Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər.
Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət əsl hərəkata çevrilib.
Ölkəni bürümüş antihökumət aksiyalarında qadınlar hicablarını açır və etiraz olaraq yandırırdılar.
Bu aksiyalarda dini hakimiyyətin devrilməsinə çağırışlar edilirdi.
Hicaba etiraz edən tələbələr ölkə boyunca universitetlərdə dərsləri boykot edir və müxtəlif aksiyalar keçirirdilər.