Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

İran prezidenti ‘yaralara duz səpməkdə’ ittiham olunur (VIDEO)


İranda 160-dək vəkil ötən ay ölkənin yüzdən çox şəhərini bürümüş həyəcanlar zamanı və ondan sonra etirazçılara qarşı qəddar repressiyaların araşdırılmasına çağırıb.

Hüquqçuların bu barədə prezident Hassan Rohaniyə ünvanlanmış məktubu dekabrın 9-da müxalif Kalame xəbər saytında dərc olunub.

Məktub müəllifləri ölkədə şəffaflığa və hesabatlılığa çağırır, repressiya törədənlərin vəzifələrindən uzaqlaşdırılmasını və cəzalandırılmasını tələb edirlər.

İran hakimiyyət orqanları etirazlarda nə qədər insanın öldüyü barədə dəqiq məlumatı indiyədək açıqlamayıb.

Lakin Amnesty International insan haqları təşkilatı İranda etirazlar zamanı azı 208 nəfərin öldüyünü təxmin etdiyini bildirmiş və Tehranı “insan həyatına utancverici laqeydlikdə” ittiham etmişdi.

Təşkilat İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı “amansız zorakılıqdan” istifadə etdiyini bildirirdi.

İranda indiyədək minlərlə insanın saxlandığı xəbər veriliur.

Vəkillər məktubda prezident Rohanini iranlıların könlünü almaqdansa, “yaralara duz səpməkdə” ittiham edirlər.

Məktubda deyilir ki, etirazların İrana qarşı xarici qəsdin bir hissəsi olduğunu deməklə rəsmilər etirazçıların əsas tələblərinin mahiyyətini dərk etmədiklərini göstərir, habelə ölkə rəhbərliyi ilə xalq arasında uçurumu daha da dərinləşdirmiş olurlar.

Vəkillər həm də saxlananların və onların ailələrinin taleyindən narahat olduqlarını bildirirlər.

BMT-nin insan haqları üzrə ali komissarı İran təhlükəsizlik qüvvələrini etirazçılara qarşı “sərt zorakılıqdan” istifadədə və ötən ay keçirilən kütləvi etirazlarda “atəş açıb öldürməkdə” ittiham edib.

Xanım Michelle Bachelet dekabrın 6-da demişdi ki, o kütləvi etirazlardakı tələfat barədə şəffaflığın olmamasından və minlərlə etirazçının həbsi barədə xəbərlərdən narahatdır:

“Silahlı təhlükəsizlik zabitlərinin İran şəhərlərindən birində ədliyyə idarəsinin damından və bir halda helikopterdən snayper atəşləri açdığını göstərən videolar da daxil mötəbərliyi təsdiqlənmiş videolar etirazçılara qarşı sərt zorakılıq tətbiq edildiyini göstərir”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi, Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi Brian Hook dekabrın 5-də bildirmişdi ki, İranda baş vermiş son etirazlarda öldürülənlərin sayı mindən çox ola bilər.

XS
SM
MD
LG