Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:12

İranla nüvə sazişi gündəmə qayıdır


Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov (sağda) və Məhəmməd Cavad Zərif 26 yanvar Moskva görüşü zamanı
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov (sağda) və Məhəmməd Cavad Zərif 26 yanvar Moskva görüşü zamanı

Moskva ABŞ prezidenti Co Baydeni İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişi xilas etmək istəyirsə, Tehranın üzərindəki əzici ABŞ sanksiyalarının qaldırılmasına çağırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə yanvarın 26-da keçirdiyi görüşdə deyib ki, ABŞ-a sanksiyaların qaldırılması üçün çağırış edilməsində Moskva və Tehran eyni mövqeyi bölüşürlər.

Moskva bildirir ki, İranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtması üçün onun üzərindəki ABŞ sanksiyalarının qaldırılması zəruridir.

Keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxarmışdı.

Bunun ardınca İran üzərinə ABŞ sanksiyaları bərpa olunmuş, cavabında Tehran da nüvə sazişi üzrə öhdəliklərindən tədricən geri çəkilmişdi.

İlk addımı kimin atması məsələsi

ABŞ-ın yeni prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar 2015-ci il sazişinə qayıtmaq niyyətindədir, amma bunun üçün İran saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

Başqa sözlərlə hazırda söhbət ilk addımın kim tərəfindən atılacağından gedir.

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Entoni Blinken demişdi ki, 2015-ci il sazişi “daha uzunmüddətli və daha güclü” saziş üçün “platforma” olmalıdır.

Dövlət katibi izah etmişdi ki, “daha güclü” saziş deyərkən İranın ballistik raket proqramını və “ziyanlı hərəkətlərini” də əhatə edən yeni sənədi nəzərdə tutur.

Rəsmi adı Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişi İran, Birləşmiş Ştatlar, Çin, Rusiya, Britaniya, Fransa və Almaniya tərəfindən imzalanıb.

Fransa deyir ki, ilk addımı İran atmalıdır

İran 2015-ci il sazişinə hər hansı yeni şərtlərin əlavə edilməsinə dair söhbətləri dəfələrlə və qətiyyətlə rədd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter-də sual edir ki, “ilk addımı niyə 4 ildir ABŞ-ın iqtisadi terroru ilə üzləşən İran atmalıdır?”

Lakin Lavrov və Zərif arasında Moskva danışıqlarından az sonra Fransa belə yanaşmaya qarşı çıxıb və bildirib ki, İran ABŞ-ın bu sazişə qayıtmasını istəyirsə, saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

Bu arada İran işarə edir ki, saziş şərtlərindən geri çəkilməsini davam etdirə bilər.

İran hökumətinin sözçüsü Əli Rabiyeyi yanvarın 26-da ölkə nüvə qurğularının təcili təftişlərinin fevralın 19-dan bloklana biləcəyi ilə hədələyib.

Sazişdə “Əlavə Protokol” kimi tanınan sənədə əsasən İranın nüvə obyektlərinin təftişi 2015-ci il razılaşmasının əsas şərtlərindən biridir.

Lakin Rabiyeyi əlavə edib ki, bu, İranın beynəlxalq təftişləri ümumilikdə dayandıracağı anlamına gəlmir.

Məhəmməd Cavad Zərif Moskvada bəyan edib ki, İran üzərindəki ABŞ sanksiyaları qaldırılarsa, nüvə sazişi üzrə öhdəliklərinə tez bir zamanda qayıda bilər.

XS
SM
MD
LG