Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:12

İranın zənginləşdirilmiş uran ehtiyatı artmaqda davam edir


Fordo uranzənginləşdirmə kompleksi
Fordo uranzənginləşdirmə kompleksi

BMT-nin nüvə gözətçisi – Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrın 4-də bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı hazırda 2015-ci il nüvə sazişində müəyyən edilmiş limitdən 10 dəfə çoxdur.

Bununla belə agentlik bildirib ki, İran bəyan edilməmiş uran ehtiyatının saxlandığından şübhə olan bütün yerlərə müfəttişlərin girişinə imkan yaradıb.

Beynəlxaıq Atom Enerjisi Agentliyi bildirib ki, avqustun 25-ə olan məlumata görə İran hazırda 2105, 4 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malikdir.

Mayın 20-də verilmiş məlumata görə bu rəqəm 1571,6 kiloqram idi.

Söhbət aşağı dərəcədə zənginləşdirilmiş urandan gedir.

2015-ci ildə Tehranla altı dünya gücü arasında imzalanmış nüvə sazişi İrana yalnız 202,8 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malik olmaq icazəsi verir.

Agentlik bunu da əlavə edib ki, İran təmizlik dərəcəsi 4. 5 faiz olan uranın zənginləşdirilməsini də davam etdirib.

Halbuki 2015-ci il sazişinə görə bu dərəcə 3.67 faizdən artıq olmamalıdır.

Lakin bu rəqəm İranın sazişə qədər istehsal etdiyi 20 dərəcədən xeyli aşağıdır.

Ağır su ehtiyatı azalıb

Agentlik bunu da xəbər verir ki, İranın zənginləşdirmə üçün lazım olan ağır su ehtiyatı azalıb və hazırda sazişin icazə verdiyi limit daxilindədir.

Birləşmiş Ştatlar, Britaniya, Almaniya, Fransa, Rusiya və Çin tərəfindən imzalanmış sözü gedən saziş İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində Tehranın üzərindəki beynəlxalq iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Lakin ABŞ prezidenti Donald Trump 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada bu sazişdən çıxardı.

Trump bu sazişin yenilənməsinə və sənədə İranın ballistik raket proqramına qoyulacaq məhdudiyyətlərin də daxil edilməsinə çağırırdı.

Bundan sonra ABŞ-ın İran üzərinə qoyduğu ağır iqtisadi sanksiyalar bərpa edildi.

Tehran da öz növbəsində sazişin bir çox şərtlərindən geri çəkildi.

Buna baxmayaraq İran və sazişin tərəfi olan başqa ölkələr razılaşmanın qüvvədə saxlanmasına çalışırlar.

XS
SM
MD
LG