Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:56

Adamların işə marağı niyə itir


"Qəfildən insanlar işə getməməyə başladılar, sosial əlaqələri yoxa çıxdı"
"Qəfildən insanlar işə getməməyə başladılar, sosial əlaqələri yoxa çıxdı"

BBC yazır ki, son il yarım ərzində bir çox insanlar bir zamanlar sevdikləri işlərinə həvəslərinin azalmasını müşahidə ediblər. Bu, həm də iş həyatının kökündən dəyişməsi ilə bağlı ola bilər. Bir çoxları əvvəl də mövcud olan həvəssizliyin artmasını, bəziləri isə, ümumiyyətlə, çalışdıqları sahədən qaçıb getmək istədiklərini görürlər.

Özləri üçün başqa peşə alternativləri görə bilməyən insanlar üçün bu, çox xoşagəlməz haldır. Üstəlik, bu halın müvəqqəti, yoxsa daimi olduğunu anlamaq da asan deyil.

Sosial əlaqələr yoxa çıxdı

Harvard Biznes Məktəbinin təşkilati davranış professoru Con Yaximoviç də bu müşahidələri təsdiqləyir. Onun sözlərinə görə, pandemiyanın yaratdığı vəziyyət insanları özlərinə bu sualı verməyə vadar edir: "Görəsən, mən necə özümə həqiqətən maraqlı olan şeylərlə uzlaşan həyat yaşaya, yaxud karyera qura bilərəm?".

ABŞ-ın Oreqon ştatında yaşayan karyera kouçu və məsləhətçisi Steysi Leyn deyir ki, işə marağın itməsi əksər işlərin yalnız əsas komponentlərinin saxlanması, bütün digər komponentlərin yoxa çıxması ilə bağlı ola bilər. Əvvəllər işini sevdiyini deyən insanlar məsafədən iş rejiminə keçəndən sonra sevdikləri şeyin, əslində, işin özü olmadığını anlayıblar. "Qəfildən insanlar işə getməməyə başladılar, sosial əlaqələri yoxa çıxdı. Bir çox insanı işinə bağlayan şeylər bunlardır. Onlar işin özünü yox, insanları, mədəniyyəti görürdülər. Bu isə məsafədən işə köçürülə bilmir. Bunun hamısı paket halındadır. Belə olmayanda sən düşünürsən: "Bu, heç mənə maraqlı da deyil"".

Müəllimlər təqaüdə erkən çıxır

Yaximoviç deyir ki, pandemiya dövründə işin çətinləşməsi, işəgötürənlərin kömək etməməsi də bu vəziyyəti ağırlaşdırıb. O bu halın tibb bacıları və müəllimlər arasında xüsusilə çox müşahidə olunduğunu deyir. Əvvəllər işini çox sevən insanlar bu sahələri kütləvi şəkildə tərk edirlər. Onun sözlərinə görə, hazırda təqaüdə erkən çıxan müəllimlərin sayı əvvəlkindən xeyli çoxdur. "Bu, COVID olmayan illərdə baş verərdimi? Güman ki, yox", – o deyir.

Leyn deyir ki, pandemiyadan əvvəl də işini sevməyən müştərilərinin arasında işini tərk edənlərin sayı daha çoxdur. Ancaq o hesab edir ki, pandemiyanın gətirdiyi təlatümlər şəraitində peşəyə marağın ölməsi normaldır və buna görə karyera dəyişikliyinə getmək vacib deyil. Bəlkə də işə münasibəti yenidən normallaşdırmağın yolunu tapmaq olar.

Özü ilə açıq söhbət

Leyn bunun üçün işin sizin üçün xoşagələn, diqqətçəkən və motivasiya verən tərəflərinə fokuslanmağı məsləhət görür. "Bu zaman nəyi sevdiyiniz və nə üçün darıxdığınız daha aydın görünməyə başlayır", – o deyir. Leyn bu informasiyanın refleksiya üçün faydalı olacağını deyir.

"Əlbəttə, peşəni çox sevmək yaxşıdır. Ancaq bu zəruridirmi? Əlbəttə ki, yox. Bəzi adamlar həvəsli olduqları şeyləri işdə etmək istəmirlər. Bəzilərininsə bunun üçün imkanı yoxdur. Özümüz də gəlin realist olaq: insanların işdən başqa həvəs göstərdikləri o qədər şey var ki", – Yaximoviç deyir.

Yaximoviç işinə və peşəsinə marağı ölənlərə özləri ilə açıq söhbət etməyi tövsiyə edir: "İşiniz hansı ehtiyacları ödəmək üçün lazımdır? Yalnız maliyyə ehtiyaclarınımı? Əla". Professorun sözlərinə görə, COVID-in gətirdiyi faydalardan biri də yalnız bəzi işlərin bütün ehtiyacları ödəyə bildiyini anlamağımızdır. İnsanlar bu fərqi anlamalı və yalnız bundan sonra qərar qəbul etməlidirlər.

XS
SM
MD
LG