Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

Azərbaycanda rəsmi işsizlik də artıb


İşsizlər.
İşsizlər.

Ölkədə işsizlik səviyyəsi 5,45 faizə yüksəlib

Dövlət Statistika Komitəsi (DSK) ölkədə işsizlik səviyyəsi ilə bağlı son məlumatları açıqlayıb. Dekabr ayının 1-nə Azərbaycanda işsizlik səviyyəsi 5,45 faizə - 273 min 100 nəfərə çatıb. Bu, son 10 ildə ən yüksək göstəricilərdən biridir. Noyabrda əmək bazarına daxil olanlar da nəzərə alınmaqla, işsizlər sırasına 10 min 400 nəfər qatılıb. Rəsmi məlumatların təhlili bunu göstərir.

Buna da bax:​ İşsiz gənclər artır

«İşsizlər ordusunda» ciddi artım var

Bir il öncə hökumət ölkədə işsizliyin 4,78 faizə düşdüyünü bəyan edirdi. O zaman 235 min rəsmi işsiz vardı, amma indi «işsizlər ordusu»na daha 38 min 100 nəfər daxil olub.

Son 12 ayda iqtisadi fəal əhalinin (istər məşğullar, istərsə işsizlər) sayı 99 min nəfər artıb və 5 milyon nəfəri keçib. Bunların 273 mini işsizdir.

Buna da bax: Deputat: 'İşsizlərə müavinət verilməlidir'

Özü-özünə iş yeri açanlar

Keçən dekabrdan bu il noyabrın 1-dək iş tapan 55 min 900 nəfərin cəmi 9 mini müəssisə və təşkilatlarda işə düzələ bilib. Qalanları əməklə məşğulluğunu özü təmin edib. Rəsmi məlumata görə, ölkədə muzd qarşılığında işləyənlərin sayı son bir ildə cəmi 9 min nəfər artıb və 1 milyon 513 min 700 nəfərə çatıb.

Hökumət, axır ki, bağlanan iş yerlərini də sayır

Ölkədə yeni iş yerlərinin açılmasına dair rəsmi hesabatlara görə, bu ilin 9 ayında, 109 min 500-ü daimi olmaqla, 144 min nəfərin işləyə biləcəyi müəssisələr qurulub. Elə həmin dövrdə 37 min 200 iş yerinin bağlandığı da hesablanıb. Əvvəlki illərdə hökumət yalnız açılan iş yerləri haqda raport verirdi.

Buna da bax:​ Yeni iş yerlərini necə yaratmalı?

Hər işsizə müavinət verilmir

Beynəlxalq Əmək Təşkilatının meyarlarına görə, işsiz olduğu rəsmən tanınan şəxslərin heç də hamısı bu statusu ala bilmir. Dövlət Məşğulluq Xidməti bu il dekabr ayının əvvəlinə 273 min işsizdən 33 min 400 nəfərini işsiz kimi tanıyıb. Bir il öncə işsiz statusunu 29 min nəfər almışdı. Bu status işaxtaranlara dövlətdən işsizliyə görə müavinət almağa iddia etmək hüququ verir. Ancaq hazırda işsizlərin cəmi 3 minə yaxınına belə müavinət ödənilir.

XS
SM
MD
LG