Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

'İşsiz olduğunu sübut edənə qədər adamı o qədər get-gələ salırlar ki,…' 


Bakı, Qaradağ rayonunda işsizlər , 21 yanvar 2012
Bakı, Qaradağ rayonunda işsizlər , 21 yanvar 2012

2019-cu ildə İşsizlikdən Sığorta Fondu-nun gəlirləri 12,6 milyon manat, işsizliyə görə, sığorta ödənişi isə 2 milyon 268 min manat olub. Bu barədə Hesablama Palatasının «İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında» Qanun layihəsinə rəyində bildirilir.

2020-ci ildə isə Fondun proqnozlaşdırılan gəlirləri əvvəlki illə müqayisədə artaraq 15,1 milyon təşkil etsə də, sığorta ödənişi cəmi 1,65 milyon olub. Halbuki, bu məqsədlə 10 milyon manatın xərclənməsi nəzərdə tutulmuşdu.

Niyə Azərbaycanda işsizlik sığorta ödənişi proqnozdan az istifadə olunur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, ötən il «İşsizlikdən sığorta haqqında» Qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib:

«Yeni qaydalara əsasən, işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı, müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib».

İşsizlikdən sığorta ödənişi təyini artıb

Nazirlikdən qeyd olunub ki, tətbiq edilən yeni qaydalar əsasında Dövlət Məşğulluq Agentliyi 2021-ci ilin 6 ayı ərzində 1570 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Vurğulanıb ki, işsizlikdən sığorta ödənişi üçün əvvəlcə «Məşğulluq» altsistemində və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək lazımdır:

«Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və o, işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır. Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir, qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir»

“Azərbaycanda çox yaxşı ideyaları bərbad həyata keçirmək praktikası var”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda dünyada çox yaxşı ideyaları çox bərbad şəkildə həyata keçirmək praktikası var:

«Bir çox ölkələrdə işsizliklə bağlı sığorta fondları tədbiq olan yanaşmalardan biridir. Bu fondların əsas fəlsəfəsi ondan ibarətdir ki, işləyən insanlar həmin fonda müəyyən dərəcədə vəsait ödəyirlər. Həmin şəxslər özlərini sığortalayır ki, sabah işsiz qalanda həmin fond onların işsizliyi ilə bağlı problemlərinin həllində önəmli rol oynasın və iş tapana qədər onların xərclərini ödəməkdə yardımçı olsun».

İqtisadçının sözlərinə görə, Azərbaycanda sistem elə qurulmadı:

«Əsas səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda işsizliklə bağlı statistik məlumatların qeydiyyatı ilə bağlı bərbad praktika mövcuddur. İşsiz olduğunu sübut edənə qədər adamı o qədər get-gələ salırlar ki, bir çox insanlar ümumiyyətlə müraciət etmir».

N.Cəfərli qeyd edib ki, bir çox insanların İşsizlikdən Sığorta Fondunun mövcudluğu barədə xəbərləri yoxdur:

«Əgər dövlət orqanları bu fondun fəaliyyəti ilə bağlı daha çox informasiya vermək istəsəydilər sosial çarxları çəkib insanları maarifləndirərdilər. Görünür, dövlət özü də maraqlıdır ki, insanların bundan xəbəri olmasın».

Onun fikrincə, işsizliklə bağlı sığorta haqqı vergi yükü olmamalıdır:

«Amma əhalimizin böyük əksəriyyəti narazıdır, çünki bu məbləğ onların aylıq qazancından tutulduğuna görə, bunu əlavə vergi yükü kimi görürlər. Cəmiyyət bu Fondun real fəaliyyətini və vətəndaşların problemlərini həll edən fəaliyyətini görmür».

Azərbaycanda ailələr ən çox nə üstündə dağılır?
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

«Birinci növbədə işsizliklə bağlı qeydiyyatı normal…”

İqtisadçı qeyd edib ki, bunun həll yolları çox sadədir:

«Birinci növbədə işsizliklə bağlı qeydiyyatı normal beynəlxalq standartlara uyğun olmasını təmin etmək lazımdır. Bu, elektronlaşmalıdır».

O, hesab edir ki, işsizliklə bağlı qeydiyyata düşmək çətinliyinin həm də siyasi səbəbi var:

«Azərbaycanda işsizliklə bağlı doğru statistik qeydiyyat aparılsa məlum olacaq ki, bu, indiki rəsmi rəqəmlərdən 2 dəfədən çoxdur. Bu da yüz minlərlə işsiz insanın olması deməkdir ki, hökümətinin sosial-iqtisadi siyasətinin iflasa uğramasının bir sübutu ola bilər».

Xatırlatma

İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalıdır. Son 24 ayın 12 ayından çoxunu işləyən vətəndaşlar müavinəti "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun olaraq müvafiq hissələrlə ala bilərlər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50, 5 ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizini ala bilər.

Hazırda orta aylıq əməkhaqı təqribən 720 manatdır.

XS
SM
MD
LG