Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:53

HƏMAS-ın İsrailə qarşı son həmləsində Rusiyanın hansı rolu var?


İsrail əsgərləri Qəzza zolağından hücumdan sonra Sderot şəhərində patrul edir.
İsrail əsgərləri Qəzza zolağından hücumdan sonra Sderot şəhərində patrul edir.

Mart ayında Fələstin nümayəndə heyəti Rusiya rəsmiləri ilə danışmaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyəti ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan "Hamas" Fələstin silahlı qrupunu təmsil edirdi. Rusiya XİN-in məlumatına görə, görüşdə Rusiyanın "Fələstin probleminin ədalətli həllinə dəyişməz dəstəyinə" də toxunulub.

Rusiyanın istər "Hamas", istərsə onun əsas dəstəkçisi olan İranla bağları heç kimə sirr deyil.

Rusiya İranla münasibətlərindən hərbi mənfəət götürüb. Moskva Ukraynada apardığı müharibədə istifadə etmək üçün Tehrandan kamikadze dronlar və başqa silahlar alır.

"O zaman İsrail düşündü ki…"

Berlində fəaliyyət göstərən təhlilçi, Rusiyanın Yaxın Şərq siyasətini izləyən ekspert Hanna Notte oktyabrın 9-da AzadlıqRadiosuna telefon müsahibəsində Rusiyanın Yaxın Şərqdəki rolu ilə bağlı nüanslardan danışıb:

"Son illərdə, hələ Ukraynadakı müharibədən də öncə Rusiya istehsalı olan sistemlərin HƏMAS-ın əlində görülməsi haqda məlumatlar yayılıb. Tank əleyhinə raketlər, təyyarə əleyhinə çiyindən atılan raketlər… Bu, illər əvvəl baş verib. O zaman İsrail düşündü ki, bu silahlar HƏMAS-ın əlinə İran vasitəsilə düşüb. …

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2006-cı ildə Moskvada HƏMAS-ın ovaxtkı lideri Xalid Məşəllə danışıqlar aparır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2006-cı ildə Moskvada HƏMAS-ın ovaxtkı lideri Xalid Məşəllə danışıqlar aparır.

Mən heç vaxt Rusiyadan HƏMAS-a birbaşa, iri həcmdə silah göndərildiyini görməmişəm. Rusiya ordusunun HƏMAS-a təlim verməsindənsə heç danışmıram. Əlbəttə, Rusiya-HƏMAS münasibətlərinin uzun tarixi var. 2006-cı ildə Fələstin ərazilərində seçkilərdə qalib gəldikdən sonra onlar Moskvaya dəvət edilmişdilər. O vaxtdan bəri HƏMAS nümayəndə heyətləri Moskvanı ziyarət edib. Ruslar son illərdə Fələstin qrupları arasında vasitəçilik etməyə çalışaraq xeyli fəallıq göstəriblər. Əlbəttə, onlar heç vaxt HƏMAS-ı terrorçu təşkilat kimi tanımayıblar. Həmişə iddia ediblər ki, müxtəlif firqələr birlik üçün çalışmalıdır. Bu, bir növ rusların sülh prosesində özləri üçün qopardığı [kiçik] sahədir. …Onlar son bir neçə ildə tez-tez amerikalıların sülh prosesini öz inhisarlarına almalarından gileyləniblər.

Sovet İttifaqı [da] yetərincə fələstinyönlü mövqe tutub. Rusiyanın [Yaxın Şərqdə baş verənlərlə bağlı] dolayı rolu varmı? Mən deyərdim var, çünki Ukraynadakı müharibə və Qərblə münasibətlərin pisləşməsinə görə … Rusiya… İrana regionda daha çox imkan tanıyıb. İran özünü daha cəsarətli hiss etməyə başlayıb. İran Rusiyaya dronlar və başqa silahlar verir. Əvəzində də, güman ki, Rusiyadan hansısa formada dəstək alır. Ruslar [2015-ci il İran nüvə sazişinin] bərpa olunmasını görməyə o qədər də həvəsli deyillər. Onlar İrana daha yumşaq yanaşmağa başlayıblar. Bu ümumi cəsarətlənmə hissinin indi baş verənlərdə rolu ola bilər", - Notte deyir.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin Rusiya prezidenti Vladimir Putin ilə Tehranda görüşü. 2017
İranın ali dini lideri Ayətullah Əli Xameneinin Rusiya prezidenti Vladimir Putin ilə Tehranda görüşü. 2017

"Rusiyaya sərf etdiyi doğrudur"

"Məncə, bir tərəfdən, geniş götürəndə, hazırda Yaxın Şərqdə qeyri-sabitliyi, zorakılığı dəstəkləməyin Rusiyaya sərf etdiyi doğrudur. Onlar başqa bir yerdə böhran və qeyri-sabitlik yarada və Qərb dövlətlərinin, özəlliklə ABŞ-ın diqqətini Ukrayna və NATO-nun şərq sərhədlərindən yayındıra bilsələr, bu, hazırkı geniş geosiyasət oyunda [onlara] sərf edir. Əgər hazırda gördüyünüz halın nəticəsi olaraq İsrail-Səudiyyə normallaşması da pozulacaqsa, mənə elə gəlir ki, Moskva bunu da alqışlayacaq. Axı İsrail-Səudiyyə münasibətləri də ABŞ-ın oyunudur. Bunlar məsələnin Rusiya üçün faydalı tərəfləridir. Potensial olaraq neqativ tərəfləri [də var]. Mən Rusiyanın Yaxın Şərqdəki xarici siyasətinə ehtiyatla hesablanmış qeyri-sabitlik, aşağı səviyyəli qeyri-sabitlik yaratma siyasəti kimi baxıram. Bu [münaqişənin] daha böyük müharibəyə, İsrail-İran qarşıdurmasına çevriləcəyi, sonradan Livan və Suriyanı da əhatə edəcəyi təqdirdə bunun Rusiyaya necə faydalı olacağını görə bilmirəm. Çünki rusların Suriyada dəniz və hava bazaları var. Bu bazalar onlar üçün çox əhəmiyyətlidir. Onlar bu bazaların köməyi ilə şərqi Aralıq dənizi bölgəsinə güc proyeksiya edirlər. Bu bazalar rusların Afrika və Saheldəki əməliyyatlarını davam etdirə bilmələri baxımından önəm daşıyan logistika habıdır. … "Vaqner" Afrikada oyunda qalmağa davam edir. Bu baxımdan, Suriya əhəmiyyətlidir. Suriyada sərhəd müharibəsi nəticəsində sabitlik pozulsa, hal-hazırda rusların bu cür vəziyyətin öhdəsindən gəlməyə hərbi imkanları yoxdur. Bu üzdən, müharibənin böyüməsinin onların marağında olduğunu deyə bilmərəm…", - o deyir.

Nottenin sözlərinə görə, Rusiya-İran münasibətləri keyfiyyətcə dəyişsə də, Rusiya bütün stavkalarını İrana qoymaq, İsrail və Körfəz dövlətləri ilə münasibətlərini korlamaq istəməzdi. "Ancaq əgər müharibə böyüsə və amerikalılar, gözlənildiyi kimi, İsraili müdafiə etsələr… məndə yaranan sual budur: Rusiya o zaman tərəf tutmağa məcbur olacaqmı? Bəlkə, Rusiyanın daha çox İranın orbitinə sürüşməkdən başqa çarəsi qalmayacaq? …Mən həm də buna görə vəziyyətin daha böyük müharibəyə aparıb çıxarmasını rusların istədiklərini düşünmürəm", - ekspertin sözləridir.

XS
SM
MD
LG