Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Trump İsrail-Fələstin sülhündə 'iki dövlət' prinsipindən uzaqlaşır


Benjamin Netanyahu və Donald Trump.
Benjamin Netanyahu və Donald Trump.

Çərşənbə günü Ağ evdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşən ABŞ prezidenti Donald Trump İsraillə Fələstin arasında «yekun sülh»ü arzuladığını deyib.

CNN xəbər verir ki, Trump yəhudi dövlətini dəstəklədiyini desə də, İsrail-Fələstin münaqişəsinin həllində əsas prinsip olan iki xalq üçün «iki dövlət» prinsipindən danışmayıb. O, XXI əsrin əvvəllərindən müzakirə olunan, ancaq heç bir praktik nəticə verməyən, ərəblərin də dəstəklədiyi sülh prosesindən danışıb.

KOMPROMİSLƏR

«ABŞ çox yaxşı bir sülh prosesini dəstəkləyəcək. Biz bunun üzərində çox, çox səylə işləyəcəyik», – o, Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlər ondan «iki dövlət» prinsipindən imtina edib-etmədiyini soruşanda, o belə cavab verib: «Mən iki dövləti də nəzərdən keçirirəm, bir dövləti də. Mən hər iki tərəfin bəyəndiyi dövləti bəyənirəm. Əgər İsrail və Fələstin razıdırsa, onların ən çox bəyəndiyi variantı mən də bəyənirəm».

«Birbaşa danışıqlara gedən tərəflərin özləri olmalıdır. Hər iki tərəf kompromislərə getməli olacaq», – deyə o bildirib.

Misirin xarici işlər naziri ilə birlikdə Qahirədə çıxış edən BMT baş katibi Antonio Guterres vurğulayıb ki, İsrail və Fələstin «iki dövlət» prinsipindən əl çəkməməlidir.

«Fələstinlilərlə israillilər arasındakı durumla bağlı iki dövlət həllindən başqa B planı mövcud deyil. Bu imkanın qorunmasından ötrü hər şey edilməlidir», – deyə o, mətbuata bildirib.

6 MİN YENİ EV TİKİLİR

Netanyahu-nun Ağ evə gəlməsindən bir gün öncə administrasiya rəsmiləri dünya ictimaiyyətinin hələ də hər hansı sülh sazişi üçün fundament kimi qəbul etdiyi «iki dövlət» prinsipi ilə bağlı şübhələrini bildiriblər. Amma Birləşmiş Ştatlar istər respublikaçı George W.Bush, istərsə də demokrat Barack Obama administrasiyaları dövründə bu həll yolunu dəstəkləyib.

Administrasiya rəsmilərinin şərhlərinə reaksiya verən Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Hanan Ashrawi deyib ki, «Trump alternativ reallıq yaratmağa çalışırsa, onda o, variantların nədən ibarət olduğunu açıqlamalıdır. Əgər o, aparteid dövlətini təbliğ etmirsə, bir dövlət prinsipi hər kəs üçün bərabər hüquqlar və vətəndaşlıq tələb edəcək».

Qüds yaxınlığında yəhudi yaşayış məntəqəsi.
Qüds yaxınlığında yəhudi yaşayış məntəqəsi.

Hazırda Harvard Universitetində dərs deyən Fələstin Azadlıq Təşkilatının keçmiş sözçüsü Diana Buttu deyir ki, İsrailin davamlı olaraq yeni yaşayış məskənləri salmasını nəzərə alsaq, iki dövlət yolunun mümkünlüyü ilə bağlı suallar artmaqdadır.

Trump-ın inauqurasiyasından bəri İsrail İordan çayının qərb sahilində 6 min yeni ev tikdiyini elan edib.

«BİR ŞƏXS, BİR SƏS»

«Onlar bunu 20 ildir edirlər. Bir tərəfdən iki dövlət yolunu istədiklərini deyir, digər tərəfdən yeni yaşayış məskənləri salır, fələstinlilərin evlərini dağıdırlar. Bu, sülh istəyən adamın davranışı deyil... Sonucda gənc fələstinlilər get-gedə daha çox «bir şəxs, bir səs» prinsipi uğrunda mübarizədən danışırlar», – Buttu deyib.

2009-cu ildə Obama administrasiyasının təzyiqi ilə «iki dövlət» prinsipini dəstəkləmiş Netanyahu çərşənbə günü fələstinlilərin İsraili yəhudi dövləti kimi tanımasını və İsrailin əsas təhlükəsizlik nəzarətinə malik olmasını istədiyini deyib. Ancaq bu şəraitdə Netanyahu-nun fələstinliləri danışıq masası ətrafına gəlməyə necə inandıracağı bəlli deyil.

O, yaşayış məntəqələrinin genişləndirilməsi məsələsində geri çəkilməyə hazır olub-olmaması barədə suala da birbaşa cavab verməyib.

Trump deyib ki, onun Yaxın Şərqdə sülh danışıqlarında əsas nümayəndəsi kürəkəni Jared Kushner olacaq. O, artıq nüfuzlu ərəb liderləri, o cümlədən İordaniya kralı Abdullah və BƏƏ-nin ABŞ-dakı səfiri Yousef al-Otaiba ilə görüşüb.

YENİ YANAŞMA?

Brukinqs İnstitutunun Yaxın Şərq Siyasəti Mərkəzindən Natan Sachs-ın sözlərinə görə, Trump bu regional yanaşmanın yeni olduğunu düşünür.

«Bu, belə deyil», – o deyir. Sachs diqqəti Səudiyyə Ərəbistanının 2001-ci ildə irəli sürdüyü təşəbbüsə cəlb edir. Səudiyyəlilər Fələstinlilər və Suriya ilə sülh əvəzində İsrail dövlətini tanımağa söz verirdilər. Ancaq həm də Fələstin paytaxtı Şərqi Qüds olan müstəqil dövlət olmalı idi.

Bu prinsip 2002-ci ildə Ərəb Liqası tərəfindən qəbul edilib və 2007-ci ildə yenidən dəstəklənib.

İordaniya ilə Misir İsraillə rəsmi sülh sazişləri bağlasalar da, Körfəz ölkələrinin Qüdslə diplomatik münasibətləri yoxdur. «Onlar İsraillə münasibətlərini yaxşılaşdırmazdan öncə bunu öz cəmiyyətlərinə izah etməlidirlər», – CNN belə yazır.

XS
SM
MD
LG