Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

'Hizbullah' Kipri ​​hədələyir


"Hizbullah" lideri Seyid Həsən Nəsrullah Beyrutda tərəfdarlarına müraciət edərkən ekranda görünür.
"Hizbullah" lideri Seyid Həsən Nəsrullah Beyrutda tərəfdarlarına müraciət edərkən ekranda görünür.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) terror qruplaşması kimi tanıdığı "Hizbullah" (Livan) iyunun 19-da İsraillə Livan arasında müharibə başlayacağı təqdirdə Kipri hədəf alacağı ilə hədələyib.

Öz hava limanlarını və bazalarını İsrail ordusuna açacağı təqdirdə "Kipr də bu müharibənin bir hissəsi olacaq", - hərəkatın lideri Həsən Nəsrullah İsrailin "Hizbullah"a xəbərdarlıq edərək müharibənin çox yaxınlaşdığını deməsindən bir gün sonra televiziyada yayımlanan müraciətində bəyan edib.

Bu, "Hizbullah" liderinin Avropa İttifaqının üzvü olan Kipri hədəf alan ilk hədə-qorxusudur. Livandan 200 kilometr aralıda, Aralıq dənizində yerləşən Kipr 2014-cü ildən bəri İsraillə birlikdə hərbi təlimlər keçirib. Onların ən son təlimi ötən il olub.

ABŞ və Qərb ölkələrinin terror təşkilatı adlandırdığı HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum etməsindən və Qəzzada müharibəyə başlamasından bəri "Hizbullah" ilə həmin ölkə arasında gərginlik artmaqdadır. Son həftələr ərzində iki tərəfin bir-birinin ərazisinə hücumlarının intensivləşməsi ilə tammiqyaslı müharibənin başlana biləcəyi ilə bağlı narahatlıq artıb.

9 dəqiqəlik dron videosu…

İyunun 18-də "Hizbullah"ın İsrailin ən iri şəhərlərindən biri olan Hayfada mülki və hərbi obyektləri nümayiş etdirən 9 dəqiqəlik dron videosunu yaymasından sonra bu gərginlik daha da artıb. Videonun ardınca İsrailin xarici işlər naziri İsrael Kats "Hizbullah"ın məhv ediləcəyi, Livanınsa ağır itkilər verəcəyi tammiqyaslı müharibə hədəsini səsləndirib.

CNN yazır ki, iyunun 19-da Nəsrullah sözügedən videonu "Hizbullah"ın kəşfiyyat məlumatları toplamaq imkanlarının artmasının sübutu kimi təqdim edib.

"Bizim əlimizdə Hayfanın saatlarla sürən görüntüləri var. O cümlədən Hayfanın ətrafının, Hayfadan sonra gələn yerlərin", - Nəsrullah deyib.

"Hizbullah" ilə İsrail arasında 2006-cı ildə baş verən müharibə zamanı birinci ilk dəfə Hayfaya raket zərbələri endirmişdi. Nəsrullahın bu çıxışda həmin hücumlara işarə etdiyi düşünülür.

Kipr prezidenti: "Heç vəchlə…"

Kipr prezidenti Nikos Xristodulidis Nəsrullahın hədəsinə cavab olaraq ölkəsinin heç vəchlə hərbi münaqişələrə qarışmadığını bildirib.

"Kipr Respublikası bu problemin bir hissəsi deyil. Kipr Respublikası həllin bir hissəsidir. Bizim bu məsələdə …rolumuzu təkcə ərəb dünyası deyil, bütövlükdə dünya ictimaiyyəti tanıyır", - Xristodulidis deyib.

İsrailin Livanın cənubunu bombardmanı zamanı tüstü qalxır.
İsrailin Livanın cənubunu bombardmanı zamanı tüstü qalxır.

"İran mənşəli…"

"PAX" holland sülh təşkilatının humanitar tərksilah layihəsinin rəhbəri, silah eksperti Vim Zveynenburq CNN-ə bildirib ki, çəkilişdə görünən dron İran mənşəli "Qasaf-2k" modelidir və, ola bilsin ki, Livanda yığılıb.

Hayfa meri Yona Yahav videonu "psixoloji terror" adlandıraraq şəhəri üçün mühafizə planı tələb edib. O, oktyabrın 7-də gerçəkləşən hücumdan sonra Hayfaya baş çəkmədikləri üçün ordu rəhbərlərini tənqid edib.

"Hizbullah" videonun hələ "birinci epizod" olduğunu və İsrailin içərilərindən çəkilmiş daha çox videonun çıxacağını bildirib.

ABŞ-ın elçisi

"Hizbullah" ötən ilin oktyabrından bəri İsrailin şimalına 5 mindən çox raket və dron zərbəsi endirib, bunu Fələstin xalqı ilə həmrəylik üçün etdiyini bildirib.

"Hizbullah" İsrail Qəzzaya qarşı müharibəsini dayandıracağı təqdirdə ona qarşı hücumlara son qoyacağını vurğulayıb.

İsrail də, öz növbəsində, Livana yüzlərlə zərbə endirib və özünün şimal sərhədindən 60 minədək dinc sakini evakuasiya edib. Ərazidə yaşayan 90 mindən artıq livanlı da evlərini tərk edib.

ABŞ bütün regiona yayıla biləcək geniş müharibənin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. Bu həftə xüsusi elçi Amos Hoxşteyn İsrail və Livana gedərək gərginliyi yumşaltmağa çalışıb.

XS
SM
MD
LG